Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:14

Rəşad Məcid İnternetin inkişafının ədəbi mühitdə xaos yaratdığını deyir


Mənbə: Yeni Müsavat

Ötən həftə 47 yaşını tamamlayan həmsöhbətim yol üstə olsa da, söhbətə vaxt ayırdı. Ad günü təəssüratlarından başlayan söhbət Yazıçılar Birliyi mövzusundan, qəzet söhbətindən dolanıb Qarabağa qədər uzandı.

Beləcə, “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcidlə söhbəti təqdim edirik.



- Rəşad bəy, ömrün 47-ci ili sizin üçün nə ilə yadda qalan oldu? Yenə də özünüzü gənc sayırsınız, yoxsa yaş öz sözünü deyir?

- Mən bir dəfə də söhbətimdə demişdim. 40 yaşı qeyd edəndən sonra bir az fikirləşmişdim ki, bu, artıq bir dövrün sonu, yeni bir yaş mərhələsinin başlanğıcıdır.

Amma bir neçə aydan sonra gördüm ki, elə 40-da da özünü gənc kimi hiss eləmək olar. O cümlədən də 45, 46, 47-ni keçəndə də elə fikirləşirəm. Bilmirəm, bəlkə bu, mənim əhatə olunduğum mühitlə bağlıdır.

Bəlkə cavanlarla, Yazıçılar Birliyində gənc

"Yazıçılar Birliyinin sədri olmaqla bağlı dəlicəsinə bir arzum yoxdur. Doğrudan da bu keşməkeşli zamanda Yazıçılar Birliyinin qalması xeyli dərəcədə Anar müəllimin xidmətidir. Anar müəllimi çoxları yaxından tanımır. Amma mən onu yaxından tanıdığıma görə bilirəm ki, ədəbiyyatı çox yaxşı bilən, ədəbiyyata dəyər verən və xeyli obyektiv bir insandır. Özü də sağlamlığı da maşallah yerindədir. Əgər qurultay olacaqsa, Anar müəllim istəyəcəksə, sədr olacaq. Yox, əgər istəməyəcəksə, ümumi razılığa əsasən kiminsə namizədliyi irəli sürüləcək".
yazarlarla, jurnalistika fakültəsinin tələbələri ilə çox ünsiyyətdə oluram, bununla bağlıdır.

Həm də xarakterimdə gənclik ruhu var. Bu il də 47 yaşımı sakitcə, valideynlərimlə, yaxın adamlarla bir yerdə keçirdim.

Mənimçün bu ilin xüsusi əlamətdar hadisəsi o idi ki, artıq iki ildən çoxdur “facebook”dayam, 2400-dən çox dostum var.

Təqribən 600-ə yaxın təbriki mən bəyəndim, "like" elədim. Orda da yazdım ki, bunun özü mənimçün çox xoşdur.

O təbriklərin içində dərindən minnətdarlıq hissi ilə yazılanlar da, tanımadığım adamların təbrikləri də var idi. Bəlkə də mənim ən çox təbrik aldığım il bu il oldu.

Facebook təbriklərinin üstünə də SMS və telefon zənglərini gəlsək, deyə bilərəm ki, 47 yaşımda ən çox təbrik almışam.

- Yaşın bu vədəsində öz-özünüzə hesabat verdiyiniz anlar oldumu? Əgər oldusa, necə hesab edirsiniz, həyatınızı düzgün qura bilmisiniz?

- Hərdən pessimist məqamlar olur. O zaman düşünürsən ki, bəlkə mən daha fərqli, başqa cür yaşamalıydım.

Ola bilsin ki, ətrafdakı ictimai mühit, cəmiyyətin müəyyən təsiri də olur. Çox təəssüf ki, cəmiyyət ancaq maddiyyata daha çox diqqət verir. Belə məqama düşəndə bəzən qısamüddətli müəyyən düşüncələrə dalırsan.

Amma ümumiyyətlə, götürəndə, soyuq ağılla, sakit düşüncələrdə mən fikirləşirəm ki, gənclik illərində arzuladığım yüksək məqamlara çatmışam.

Nə vaxt ki, yazıçı olmaq istəyirdim, ilk şerlərimi yazırdım, gəlib Yazıçılar Birliyinin qabağında dayanırdım, 15-16 yaşlarımda uzaqdan məşhur yazıçılara, onların Yazıçılar Birliyinin qapılarını açıb içəri girmələrinə baxırdım, onların söhbətlərinə qulaq asırdım, o zaman mənim ən böyük arzu-istəyim ola bilərdi ki, Yazıçılar Birliyində işləyim, hətta katib olum. Artıq bu arzuma çatmışam.

Yaxud jurnalist kimi fəaliyyətə başlayanda - Sovet dövründə bilirsiniz ki, bir neçə qəzet var idi, qəzet redaktoru olmaq hər jurnalistə qismət olmurdu - fikirləşərdim ki, mən jurnalist fəaliyyətinin sonunda hansısa bir qəzetin baş redaktoru olum.

Bu baxımdan uşaqlıqda, gənclikdəki arzularıma çatmışam. Bu baxımdan bir az sakit və rahatam.

Üstəlik də şübhəsiz ki, insanların münasibəti, sevən adamların ad günü ərəfəsində təbrikləri, səmimi sözləri, müxtəlif yerlərdə haqqımda deyilənlər mənə ruhi baxımdan çox təskinlik verir.

Türkiyədəki dostum İrfan Cifci bir müddət bundan qabaq Bakıya gəlmişdi, müxtəlif dairələrdə görüşürdü, mənim haqqımda danışırdı. Gedəndə mənə zəng vurub dedi ki, sən Azərbaycanda qazandığın hörməti, gördüyün işləri heç milyonların hesabına da əldə etmək olmazdı.


Bu cür sözlərin özü mənimçün böyük təskinlikdir və fikirləşirəm ki, səhv yaşamamışam.

- Bəs, daha böyük hədəfləriniz varmı və sirr deyilsə, onları necə sıralayardınız?

- Demək olmaz ki, mənim qarşımda böyük hədəflərim var.

Tutaq ki, yaxın illər üçün həyata keçirmək istədiyim işlər ola bilər. Birinci, ailə, oğlanlarımla bağlıdır.

Üç oğlum böyüyür, mən müəyyən dərəcədə həyatda yollarını seçməsi üçün onlara azadlıq vermişəm. İstərdim ki, onların uğurlarını görüm və hansı sahədə fəaliyyət göstərəcəklərinə şahid olum.

Özümlə bağlı deməzdim ki, hansısa dəhşətli istəyim, karyera ilə bağlı dəlicəsinə bir arzum var. Elə bir arzum yoxdur, sakit yaşayıram.

Nəsə olacaqsa da, yenə də həyatın qismətidir. Ancaq hərdən beynimdəki fikirləri kitaba çevirməklə bağlı düşünürəm.

Bir bədii, publisistik əsər yazmaq, keçdiyimiz keşməkeşli həyat yolu barədə, sovet dönəmindən bəri başlayan hərəkat, müharibə dövrünü əhatə etmək, o hadisələri cavanlar üçün qələmə almaq istəyirəm.

Çünki cavanlarla söhbətdə birdən ayılırsan ki, axı sənin gördüyün və yaşadığın bu məsələlərdən onlar xəbərsizdir.

Günün birində gənclər ictimai mühitlə tanış olmağa başlayanda 10-15 il əvvəl baş verənlərdən xəbərsiz olurlar. Ümumiyyətlə, məncə, bizim xalq kimi, millət kimi zəifliyimiz məhz o keçmişi bilməməyimizdədir.

Biz nəinki uzaq keçmişimizə, heç yaxın keçmişimizə də o dərəcədə maraq göstərmirik.

Bu, bizim ən böyük qüsurlarımızdan biridir. Keçmişi bilməyəndə də gələcəyi müəyyənləşdirə bilmirsən. Bu mənada yaxın dövrdə həm qəzetin hansı keşməkeşlərdən keçməsindən, həm də nəzərdə tutduğum bir neçə bədii əsəri yazardım, hərdən belə arzularım olur.

- Yazdığınız son şeir hansıdır?

- Çoxdandır şeir yazmıram. Keçən il 46 yaşımın ərəfəsində bir xeyli esselər yazdım. O esselərin də bəzilərini poetik nümunə adlandırmaq olardı, şeir kimi yazılmışdı. “Qarabağ” futbol komandasının uğurunun timsalında bizə lazım olan qələbədən yazmışdım. Ara-sıra gənclərin yaradıcılığı, ədəbiyyatla bağlı yazılarım olur.

Təqribən 5 ildən bir kitab çıxartmağı düşünürəm. 40 yaşımda “10 sentyabr” adlı qalın kitab nəşr etdirmişdim, 45 yaşımda “Əlvida və salam” adlı kitabım nəşr edildi. Növbəti qalın kitabımı da 50 yaş ərəfəsində çap etdirməyi düşünürəm. Onacan yazılan əsərləri də toplayıb kitab hazırlayacağam.

- Bir vaxtlar Rasim Qaracaya səmimi qəlbdən nifrət etdiyini, elə son vaxtlarda Pərvizin şantajla məşğul olduğunu deyən Rəşad Məcid üzü 48-ə doğru necə düşünür, həmin qəzəb ruhuna hakimdirmi?

- Yox, mən nə Rasim, nə Pərvizlə o cür sərt düşmənçilik mövqeyində deyiləm. Əslində dediyimin də mahiyyətində o dururdu ki, Rasimin - əslində bizim ədəbi dairəmiz, yazıçı, yazanlar mühiti çox dardır, biz sıxılmış, küncə qısılmış adamlarıq - belə bir vəziyyətdə Azərbaycanın gözəl yazıçıları, böyük ziyalılarının həyatını təftiş eləməyi, onlar haqqında lazım olmayan artıq-əskik fikirlər yazmağı onsuz da dar olan mühiti daha da bulandırdı.

Onda da demişdim ki, elədikləri sonra onun qarşısına çıxacaq, necə ki, daha sonra gələn gənclər Rasimə qarşı aqressiv fikirlər səsləndirməyə başladılar.

Ümumiyyətlə, bu mühitin bu cür olmasında Rasimgilin müəyyən dərəcədə günahı var. Mən həmin ittihamı da ona görə səsləndirmişdim.

Həmin gənclərdən, AYO-çulardan bəziləri artıq yaşlaşdıqca hiss edirəm ki, bütün intriqaların, yaşlı yazıçılara vurduqları mənəvi zərbələrin əziyyətini çəkirlər. Zaman da ki, çox qəddardır.

Necə ki, 10 il qabaq onlar həmin yazıçılarımıza qarşı aqressiv münasibət bəsləyirdilər, indi yeni gənclər də onlara qarşı o cür münasibət bəsləyir. Yəqin onlar dərk edirlər ki, səhv addım atıblar.

Bu baxımdan mən istərdim ki, bizim ədəbi mühitimiz belə intriqalarla, bir-birinə qarşı təhqir elementləri ilə dolu olan materiallarla yox, məhz ciddi ədəbiyyatın yaranması və müzakirəsi üçün normal şərait yarada biləcək diskussiyalarla zəngin olsun.

Ona görə də mən o fikirləri
ANAR

səsləndirmişdim. Amma fərd halında mənim heç kimə qarşı düşmənçiliyim, qərəzim yoxdur.

Xarakter etibarilə də barışdırıcı adamam, həmişə istəmişəm ki, ən müxtəlif baxışları olan adamları bir yerə toplaya bilim.

Artıq o məsələlər müəyyən dərəcədə keçmişdir və həmin aqressiya yoxdur.

Amma hər halda o prosesin olması da ağrıdıcı idi, gələcəkdə də xatırlananda yalnız kədərli məqamlar yada düşəcək.

- Günün birində özünüzü Yazıçılar Birliyinin sədri statusunda görürsünüzmü?

- Şəxsən mənim nə, tutaq ki, millət vəkili, nə Yazıçılar Birliyinin sədri olmaqla bağlı dəlicəsinə bir arzum yoxdur. Doğrudan da bu keşməkeşli zamanda Yazıçılar Birliyinin qalması xeyli dərəcədə Anar müəllimin xidmətidir.

Anar müəllimi çoxları yaxından tanımır. Amma mən onu yaxından tanıdığıma görə bilirəm ki, ədəbiyyatı çox yaxşı bilən, ədəbiyyata dəyər verən və xeyli obyektiv bir insandır.

Özü də sağlamlığı da maşallah yerindədir. Əgər qurultay olacaqsa, Anar müəllim istəyəcəksə, sədr olacaq.

Yox, əgər istəməyəcəksə, ümumi razılığa əsasən kiminsə namizədliyi irəli sürüləcək. Hesab edirəm ki, Yazıçılar Birliyinin qalması, yaşaması lazımdır. İndi ədəbiyyat elədir ki, yazıçılarımızın yazdıqları kitablar satılmır, qonorar ala bilmirlər.

Bu baxımdan ədəbi jurnalların çapı, yazıçıların müəyyən dərəcədə o jurnallardan qonorar alması vacibdir. Hər halda indi dövlət bu işlərə müəyyən formada köməklik göstərir. Bu olmasaydı, məncə, tamam xaotik vəziyyət yaranardı.

Çünki indi internetin inkişafı, saytların çoxalması, hər əlinə qələm tutan, yaxud klaviaturanın düymələrini döyəcləyə bilən adamın özünün “yazıçı” olduğunu iddia etməsi elə bir xaos yaradıb ki, indi dəyərin harada olduğu bilinmir. Bu gün bilinmir ki, qiymətli, bədii dəyəri olan əsər hansıdır, istedadlı yazı hansıdır.

Bu baxımdan xaosdan salamat çıxmaq üçün Yazıçılar Birliyi və dəyərlərə qiymət verə biləcək bir qurumun olması, ədalətli, ədəbiyyatı bilən insanların bir qurumda toplaşması vacibdir.

Bu həm də özünümüdafiə instinktidir. Ədəbiyyat adamları xeyli dərəcədə şou-biznes adamlarının bolluğunda küncə sıxılıblar və burdan da yalnız o adamların birgə gücü ilə çıxmaq olar.

- Yazıçılar Birliyinin üzvlərinin sayı 1400-ü keçib deyəsən, yoxsa daha artıqdır?

- 1500 üzvü var. Amma burda həyatdan getmiş yazıçılarımız da var. Ən yaxşı halda Yazıçılar Birliyinin 1200-dən çox üzvü ola bilər.

- Bu sıradan nə qədər adamı gerçək yazıçı sayırsınız?

- Bir dəfə demişdim ki, Yazıçılar Birliyinin üzvlərinin 80 faizi istedadsız adamlardır. Sonra Anar müəllim bir müsahibəsində dedi ki, bizim 1500 üzvümüz var, onların içərisində 200-ü, demək olar ki, normal səviyyəli yazıçılardır, qalanlar elə-belə yazarlardır.

Mən də o fikirlə razıyam. O 1200 üzvün heç də hamısı istedadlı, yüksək səviyyəli yazarlar deyil.

Amma bir şey də var ki, məsələn, insan bir neçə kitab çap edib, ədəbiyyat müəllimidir, rayonda yaşayır və Yazıçılar Birliyinin üzvü olmaq istəyir. Mən bəzən fikirləşirəm ki, bunun da qarşısını almaq düzgün olmur.

Çünki Yazıçılar Birliyinin də əvvəlki illərdə olduğu kimi yüksək hansısa imkanları yoxdur ki, öz üzvlərinə ev versin, maddi yardım göstərsin.

Bu baxımdan quruma üzv olmaq sadəcə ictimai bir təşkilatın üzvü olmaq kimidir.

Ona görə də mən elə bir təhlükə də görmürəm. Amma hər halda daha yığcam olsaydı, daha mobil idarəetmə mümkün olardı. Yazıçılar Birliyinin heç üzvü olmayan adamları televiziyaya çıxarıb şair, yazıçı kimi təqdim edirlər. Ancaq elə ilk cümləsindən bilirsən ki, bunun nəinki şair-yazıçılığa dəxli yoxdur, heç cümləni düzgün qurub danışa bilmir.

Dediyim kimi, dəyərlərin itirilməsi prosesi gedir və bu dəyərləri qoruyub-saxlamaq üçün belə bir qurumun olması vacibdir.

- Bəlkə Yazıçılar Birliyində attestasiya keçirilsin...

- Belə bir fikir var. Quruma yeni vəsiqələr veriləndə deyirdik ki, bəlkə son illərdə
AYB-nin binası

ədəbiyyatla məşğul olmayan adamları üzvlükdən kənarlaşdıraq. Ancaq mən bu məsələni elə bir təhlükəli amil saymıram.

Bəziləri sakit şəkildə özlərini ədəbiyyata həsr eləmək istəyirlər. Düzdür, lazımi səviyyədə istedadları yoxdur.

Amma elə böyük iddiaları da yoxdur. Bu mənada mən ortada təhlükə görmürəm.

Rəşad Məciddən rəhbərlik etdiyi “525-ci qəzet”lə bağlı qarşıdakı planları barədə soruşdum.

Ancaq müstəqilliyimizdən keçən 20 il ərzində qəzetlərin biznes strukturuna çevrilə bilməməsindən, reklam bazarının kasadlığından, oxucu kütləsinin lazımi səviyyədə olmamasından pessimistcəsinə danışdı.

Üstəlik də internet medianın həyatımıza sirayət etdiyi dönəmdə kağız mətbuatının inkişafı barədə düşünməyi reallıqdan uzaq saydığını qeyd etdi: “Mən hələ ki, bizim qəzetlərimizin gələcəyini tam aydın görə bilmirəm”.
Və son sual:

- “Hər il neçə ölkəyə səfərlər eləyirəm. Amma bütün bu səfərləri bircə səfərə dəyişərdim...” Bir müsahibənizdə bunu deyərkən Qarabağ səfərini nəzərdə tutmuşdunuz. Necə bilirsiniz, qarabağlı Rəşad Məcidin Qarabağ səfəri nə vaxta təsadüf edəcək və ümumiyyətlə, o gün gələcəkmi?

- Ona inanmasaydım, o yerlərin bir daha bizim olacağına əmin olmasaydım, ümumiyyətlə, yaşamaq çox çətin olardı.

Mənim içərimdə ümid var ki, biz mütləq o yerlərə qayıdacağıq, mütləq o torpaqlar yenidən Azərbaycanın olacaq. Mən hərdən internetdə müəyyən videolara baxıram. Orda hətta mənim doğulduğum kəndi və doğulduğum evi də tapmışdım.

O kənd Ağoğlan kəndidir, orda bir alban məbədi var, ermənilər onu özününküləşdiriblər. Mən gördüm ki, doğulduğum evin üstü yoxdur, ancaq divarları durur.

O evin yiyəsi olan nənəm hələ yaşayır, ancaq ona da hələ deməmişik ki, evini görmüşük və evin ancaq divarları durur. İndi həyatımda məni heyrətləndirəcək heç bir şey yoxdur.

Amma mən fikirləşirəm ki, o yerlərə bir dönə bilsəm, bu, mənim üçün həyatımda ən heyrətedici, təəccübləndirici, ən böyük hissiyyat yaradan bir hadisə olacaq.

Amma mən ona inanıram ki, Şuşa da, Laçın da, Kəlbəcər də, Ağdam da mütləq geri qayıdacaq. Bu ümid olmasaydı, yaşamaq çox çətin olardı...


Biz də sonda həmsöhbətimizə bir gün doğum gününü elə Qarabağda həmin dağılmış evlərinin divarları arasında qeyd eləməyi arzulayıb söhbətə nöqtə qoyuruq.

Elşad PAŞASOY

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG