Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:25

Murad Köhnəqala. Metroda gəzən şair


Murad Köhnəqala
Murad Köhnəqala
Murad Köhnəqala


(Bəşir Kəsərli əfsanəsi)


Tez-tez görürəm, metro vaqonlarına əlində öz kitablarını tutmuş ixtiyar bir kişi daxil olur və ucadan: “Gözəl şerlər, qəzəllər müəllifiyəm, ehtiyac üzündən öz kitablarımı özüm satıram” – deyir. Metro ilə gedib-gələnlər artıq bildi söhbət kimdən gedir.

Bu kişi şair Bəşir Kəsərlidir.

Mən onun kitabını alıb oxumuşam. Xüsusi olaraq böyük istedad sahibi deyil, ancaq onun müəllifi olduğu kitabları satması adamda mütləq maraq doğurur.

Metro vaqonlarına girən kimi şivən qoparan, yedəkdə gəzən korlar, kəsik qolunu, qıçını camaata göstərən şikəstlər ortaya elə qaramat ab-hava gətirir, adam uzun müddət öz ruhi müvazinətini nizamlaya bilmir. Ancaq Bəşir Kəsərli vaqona girən kimi hamının üzünə təbəssüm gəlir.


Tanıyanlar bilir, şəhərdə ən kəskin aksiyanı Bəşir Kəsərli təkbaşına keçirdirdi. Başına qadın yaylığı bağlayıb gəzirdi.

Mənası da belə idi...
Dəxli yoxdu, bu təbəssüm ironik də ola bilir, hər halda xoş ovqat yaranır.

Bəşir kişi çox vaxt içəridəkiləri danlayır da: “Ay əli qəzet-kitab görməyən bədbəxt xalqım, alın, şer oxuyun, mənim kitablarımı bəyənmirsənsə, ayrı kitab al oxu, heç olmasa qəzet oxu, ay yazıq millət!”

Fikir vermişəm, o vaqona girəndə azəri xalqının telefonla oynayan gəncləri bir az özlərini yığışdırır.

Çox görmüşəm, hərdən belə cavanların yanında dayanıb inqilab eləyir: “Ay oğul, o telefon danışmaq üçündü, vaxtını oradakı siçan-pişik oyunlarına sərf eləmə, qorxma, əlinə bircə dəfə kitab al oxu, sonra yavaş-yavaş oxumağa vərdiş edəcəksən.

Get bir dənə bədii kitab al, oxu!” Aralanandan sonra başını bulaya-bulaya: “Bu telefonlara oyun qoyanların Allah öyünü yıxsın!” – deyir.

Fikir ver, telefon çıxardana söyüb qarğımır. Çünki bu adam tərəqqinin tərəfindədir. Axmaq oyun ixtira eləyənləri qarğıyır.

Nə başınızı ağrıdım, o, vaqona girən kimi sarsaq adamlardan mənim də heyfimi alır.

Tanıyanlar bilir, şəhərdə ən kəskin aksiyanı Bəşir Kəsərli təkbaşına keçirdirdi. Başına qadın yaylığı bağlayıb gəzirdi.

Mənası da belə idi: “Nə qədər ki, Qarabağ torpaqları düşmən əlindədir, nə qədər ki, sülhdən danışırıq, bizdən kişi çıxmaz!” Başında yaylıq metroya girəndə belə bir mənalı cümlə deyirdi: “Qeyrətli xalqın qeyrətsiz oğluyam!”

Bəşir özünün bu “qeyrət aksiyasına” təzə başladığı vaxtlarda şəhərdə tez-tez polislər onu tutub şöbəyə aparırmış.

Yəqin şöbə rəisləri ondan soruşurmuş, ölkədəki atəşkəsi nöş pozursan?

Yəqin, Bəşir də belə cavab verirmiş: “A kişi, baş mənim deyil? Papaq qoymuram, yaylıq bağlayıram. Mən biqeyrətəm. Sizin qanunlarda qeyrətlə bağlı maddə yoxdur

ki?! Ay sağ ol, onda burax məni, çıxıb gedim!”

Çox vaxt polis Bəşirin yaylığını zorla başından açıb müsadirə edirmiş. Bəşir də gedib mağazadan təzə yaylıq alırmış. Çox vaxt başındakı yaylığın üstündən “Qarabağ” yazılmış lent də bağlayır.

O, məni tanımasa da mən onu lap çoxdan tanıyıram, 80-ci illərdən. Hərdən şairlərin yığıldığı yerə gəlib öz şeirlərini oxuyardı.

Düzü, o vaxtlar Bəşir Kəsərli mənə dəli adam təsiri bağışlamışdı. Ona ironiya eləyənlərə həmişə kəskin cavab verərdi. “Kəsərli” təxəllüsü bəzilərində gülüş doğururdu.

Lakin o, heç vaxt qeyri-adiliyindən qalmır, maraqsız görünmürdü. Uşaq sadəlövhlüyü, daxili saflığı onu bu cüvəllağı cəmiyyətdə tez-tez gülməli vəziyyətə salırdı.

Bir vaxtlar o, cəld addımlarla yeriyən qıvraq bir adam idi. Son vaxtlar vaqonlarda gəzərkən əlinə əsa aldığını görürəm. Gəzəndə əsaya söykənməsə də ürəyimdə fikirləşdim, deyəsən, Bəşir Kəsərli də qocalmaq istəyir.

Bir dəfə Bəşir vaqonda mənə utanc gətirən bir mənzərə yaratdı. Demək, hər dəfə olduğu kimi, əlində kitabları özünü içəri atdı: “Ay mənim kitab oxumayan kitabsız millətim! Kitab alıb oxuyun! Gözəl şerlər, qəzəllər müəllifiyəm!” Bu dəfə başında yaylığı yox idi. Mən bir küncə söykənib ayaqüstə qəzet oxuyurdum. Birdən o, yanıma çatanda iki əlimdən də tutdu. Heç nə başa düşmədiyimə görə müqavimət göstərmədim.

Və qəfil əlimin birini qaldırıb öpdü: “Sənin qəzet tutan əllərini öpürəm!” Onun bu jestini başa düşüb əlimi çəkənə qədər o, artıq mənim əlimi öpmüşdü.

Düzü, özümü çox narahat hiss elədim. Belə bir maraqlı adam nə üçün mənim əlimi öpməlidir? Axı heç mən ona layiq deyiləm! Ümumiyyətlə, mən heç vaxt əl öpməyin tərəfdarı da olmamışam.

1993-cü ilin martında Antalya şəhərində məşhur Alparslan Türkeşin təşəbbüsü ilə Dünya Türklərinin I qurultayı oldu. Mən də o qurultayın iştirakçısı idim.

Yadımdadı, Türkeş böyük zalda öndə əyləşmişdi, fanatları gedib onunla görüşür, bu nəhəng insanın əlini öpürdü. Əl öpməyi qəbul etmədiyimə görə gedib dünyalarca sevdiyim Türkeşlə görüşmədim və bu tarixi adama əl vurmadan uzaqdan tamaşa elədim...

“A kişi, sən neynirsən?” - dedim. Bəşir sözlərimə əhəmiyyət vermədən vaqonun qapısına tərəf getdi. Üzü qapıya tərəf durmuşdu, qatar dayananda qapılar açılan kimi o biri vaqona keçəcəkdi...

Yeni Müsavat

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG