Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:51
ADNAN NEVİCİ – ALTI MİLYARDINCINI TANIYAQ

1999-cu il oktyabrın 12-də Bosniyada doğulan 3,5 kiloqramlıq körpə dünyanın 6 milyardıncı vətəndaşı elan olundu.

İndi həmin oğlanın - Adnan Nevicin 11 yaşı var.

Bədəncə möhkəmdir. Xasiyyətcə həlimdir. Paytaxt Sarayevonun yaxınlığındakı Visoko şəhərində yaşayır.

Əksər uşaqlar kimi Adnan da qiymətlərindən narahatdır.

“Mən məktəbdə ancaq beş alıram. Bircə ingilis dilindən 4 alıram. Sevimli dərslərim idman, tarix və coğrafiyadır. Mənim yaxşı şagird olmaqla bağlı böyük məsuliyyətim var, vəssalam”.

NİYƏ KOFİ ANNAN ADNANI SEÇDİ

Adnan 12 il əvvəl oktyabrın 12-də, gecəyarıdan 2 dəqiqə keçmiş doğulub - BMT ekspertləri dünyada əhali artımı ilə bağlı “D6B” layihəsini hazırlayarkən.

BMT-nin o zamankı baş katibi Kofi Annan onun adqoyma mərasimində şəxsən iştirak edib, onunla Srayevo xəstəxanasında şəkil də çəkdirib.

O zaman dünyada hər saniyədə 3-dən çox uşaq doğulurdu. Təbii ki, bu halda altı milyardıncı uşağın harda və nə vaxt dünyaya gələcəyini böyük əminliklə söyləmək qeyri-mümkün idi. Bəziləri deyirdi ki, altı milyardıncı uşağın Çin və ya Hindistan kimi ölkədə doğulması daha inandırıcı olardı.

Annan isə adqoyma üçün Sarayevoya getməkdə israr etdi. O hesab edirdi ki, bu hadisə müharibə zamanı Balkanlarda itirilmiş “tolerantlığı və multi-dindar mühiti” bərpa edə bilər.

İTMƏYƏN TƏBƏSSÜM…

Adnanın anası Fatima övladının dünyaya gəlişini “böyük sevinclə” xatırlayır. Və onun uzun, çətin ağrılar hesabına doğulduğunu deyir.

Ona oğlunun dünyada altı milyardıncı insan olduğunu çatdırandasa “daha da xoşbəxt” olduğunu deyib.

Ancaq Adnanın ailəsi çətinliklər içində yaşayır. Keçmiş tekstil işçisi Fatima müharibə zamanı işini itirib. İqtisadi durğunluq olan Visokodasa indi iş tapmaq müşkülə dönüb.

Onun əri Jasminko xərçəngdən əziyyət çəkir…

Adnanın xüsusi statusuna görə, hər ay Sarayevodan ailəsinə 140 dollar təqaüd göndərilir. Amma bu pulun az qala hamısı evin xərclərinə və xəstə atanın dərmanlarına gedir.

Fatimanın üzündə ara-sıra da olsa, 12 il öncə məşhur oğluyla birgə qəzetlərə düşmüş işıqsaçan təbəssümü peyda olur. Ananın sözlərinə görə, yerli hakimiyyət qurumları hər il oktyabrın 12-də Adnanın ad gününə onların evinə gəlirlər.

Fatima deyir ki, nə kekslər, nə də şan-şöhrət gün-gündən yoxsullaşan ailənin halını düzəltməyə bəs edir.

“BİRCƏ HƏMİN GÜN”

“Həmin gün xüsusiydi. O zamankı atmosfer vadar edirdi ki, bunu hiss edəsən, onun altı milyardıncı sakin olduğunu hiss edəsən. Biz vəziyyətimizi izah edəndəsə hər kəs dəhşətə gəlir. Yalnız bircə həmin gün. O doğulan günün səhəri bizim həyatımız olduğu kimi davam etməyə başladı”.

Adnan və valideynləri birotaqlı mənzildə yaşayırlar. Ailə Adnanı yerli futbol liqasına yazdırmaq üçün azacıq məbləği belə ödəyə bilmir.

Fatima albomdakı şəkilləri və köhnə, kəsilmiş qəzet səhifələrini vərəqlədikcə oğlunun məşhur dövrünü yada salır. Ona elə gəlir ki, Bosniya hökuməti və beynəlxalq ictimaiyyət tərəfindən atılıblar.

Göz yaşları içində hönkürərək deyir ki, onun ən çox qorxduğu bircə şey var - Adnan bərk xəstələnər və onun dərdinə dərman tapa bilməyə.

“Üç ilə öncə yerli pediatriya mərkəzi açılanda mənim oğlum oranın fəxri qonağı olmuşdu. Ancaq mən düşünmürəm ki, Sarayevodakı mərkəzə biz gözümüzün ucuyla belə baxa bilək. Allaha şükür, oğlum sağlamdır, heç nəyə ehtiyacı yoxdur. Həkimlər bircə problem tapmışdılar onda – ürəyində balaca bir dəlik var”.

7 MİLYARDINCI UŞAQ DOĞULMAQDADIR, AMMA…

Adnanın və ailəsinin ağır vəziyyəti dünyada düşünülməmiş əhali artımının nəticəsidir.

BMT buna görə də başlanğıc olaraq “D6B” layihəsini hazırlayıb. Məqsəd demoqrafik partlayışın qaçılmaz olduğu yoxsul və inkişaf etməkdə olan ölkələri hazırlığa gətirməkdir. Tədqiqatçılara görə, yeddi milyardıncı uşaq 2011-ci ilin oktyabrında Hindistanda doğula bilər, məhz Adnanın – altı milyardıncı uşağın 12 yaşı tamamlananda.

Ekspertlərin fikrincə, doğum və insan ömrü artdıqca dünya ciddi problemlərlə üzləşməkdədir. Bura insanların qidalanmasından tutmuş yaşayış yerlərinin olmasına kimi çox şey daxildir.

Dünya əhalisinin sayının 2050-ci ildə 9,5 milyarda çatacağı gözlənir.

ADNANSA BALIĞA GETMƏK İSTƏYİR

Amma belə qlobal problemlərin Adnana dəxli yoxdur deyəsən. Dediyinə görə, arzusu atası ilə balığa getməkdir. Amma ailəsinə bir qədər yardım göstərilməsini daha çox istəyir.

“Mən istəyərdim ki, ailəmə, atama müalicəsində kömək olsun, sonra mən. Elə bu…”

Hazırladı Şahnaz Bəylərqızı

Günün bütün mövzuları

XS
SM
MD
LG