Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:45
ETİRAZ VƏ HƏBS

Təbrizdə 30-dan artıq milli fəal həbs olunub.

Avqustun 24-də milli fəallar olan Mustafa və Murtaza Əvəzpur qardaşlarının açdıqları iftar süfrəsinə yığışan 30-a yaxın azərbaycanlı elə oradaca tutularaq ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Təbriz şöbəsinə aparılıb. Avqustun 25-də isə «Traktorsazi»nin Təbrizdəki oyununu izləyən daha bir neçə milli fəal da həbs olunub. Ərdəbildə də bir neçə fəalın saxlanması barədə məlumat var.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Vahid Qaradağlı deyir ki, Urmiya gölünün qurumasının qarşısını almaq üçün İran hökuməti heç bir addım atmır. Milli fəallar bundan qəzəbləniblər və etiraz dalğaları artmağa başlayıb. Buna görə də hökumət milli fəalları həbs edir. Bununla da etiraz dalğasının artmasının qarşısını almağa çalışır.

URMU GÖLÜ QURUSA...

V.Qaradağlı: «Son 6 ildə Urmiya gölünün suyu qurumağa başlayıb. Son iki ildə isə bu proses daha da sürətlə gedir. Demək olar ki, gölün 60 faizi quruyub. Yaxın 2 ildə gölün tamamilə quruması gözlənilir. İran hökuməti gölün ətrafını hasarlayıb, gölün qurumaması üçünsə heç bir tədbir görmür».

V.Qaradağlı deyir ki, gölün quruması nəticəsində gölün yerində 10 milyon ton duz qalacaq, bu da ətraf mühitə zərər vuracaq, orada yaşayanlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olacaq. Ətrafda yaşayanlarsa azərbaycanlılardır. İranın millət vəkilləri isə gölə Araz çayından su çəkilməsi üçün pul ayrılmasının əleyhinə səs veriblər. Təklif ediblər ki, gölün ətrafında yaşayan azərbaycanlılar başqa şəhərlərə köçürülsünlər.

STADİONDA SƏSLƏNƏN ŞÜARLAR

V.Qaradağlı dediyinə görə, milli fəallar bir neçə gündür şəhərlərdə elan kağızları yayaraq avqustun 27-də etiraz aksiyalarının keçirilməsinə çağırışlar ediblər.

Avqustun 25-də isə «Traktorsazi» futbol komandasının oyununu izləmək üçün Təbrizə gəlmək istəyən milli fəallar elə yoldaca saxlanılaraq geri qaytarılıblar. Bəziləri həbs olunub. Oyun zamanı 50 mindən artıq azərbaycanlı azarkeş etirazlarını «Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!» şüarları səsləndirməklə bildiriblər. Bu zaman daha bir neçə milli fəal da saxlanılıb. ETTELAAT-ın Təbriz şöbəsində saxlanılan milli fəallara qarşı hələlik rəsmi ittihamlar irəli sürülməyib.

RƏSMİ İTTİHAM YOXDUR

Urmiya gölü quruyur - 2011
Milli fəal Mustafa Əvəzpurun həyat yoldaşı Turan Xeyri deyir ki, əri milli kimlik və ana dili tələb etdiyinə görə əvvəllər də həbs olunub. Sonuncu dəfə həbsdən keçən il buraxılıb.

Həbs olunan milli fəal Abdulla Səduqinin qardaşı Əsgər Səduqi deyir ki, qardaşı tutulandan sonra ailə üzvləri ilə bir dəfə telefon əlaqəsi yaradıb və ETTELAAT-ın Təbriz şöbəsində saxlandığını deyib:

«Urmiya gölünün quruması ilə bağlı Məclisdə məsələ qoyulmuşdu, millət vəkillərinin 94 faizi gölə su çəkilməsinin əleyhinə səs verib. Fəallar da buna etiraz edirlər. Fəallar iftar yeməyinə yığışmışdılar, orda tutulublar».

Ə.Səduqi deyir ki, qardaşı il yarım əvvəl də həbs olunubmuş.

MİLLİ FƏALIN YERİ BİLİNMİR

V.Qaradağlının dediyinə görə, Azərbaycan milli kimliyi uğrunda mübarizə aparan ərdəbilli fəal Həsən Kərimzadə də tutulub. O, avqustun 25-də ifadə vermək üçün ETTELAAT-ın Ərdəbil şöbəsinə çağırılaraq həbsə alınıb.

Ərdəbilli fəalın konkret nədə ittiham olunması və son durumu haqda məlumat yoxdur. Digər milli fəal Aydın Zakiri isə avqustun 24-ü axşam saatlarında ETTELAAT əməkdaşları tərəfindən evindən aparılıb, ailəsinə onun hara aparıldığı barədə məlumat verilməyib. Milli fəalın evində axtarış aparılıb, fəala məxsus bir sıra şəxsi əşyalar götürülüb.

Şərhləri göstər

XS
SM
MD
LG