Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

Gülər Əhmədova: «Azərbaycan Böyük Britaniyadan daha demokratik ölkədir»


Gülər Əhmədova
Gülər Əhmədova
«İşdən sonra» proqramında «Respublikaçı Alternativ» Hərəkatının həmsədri Erkin Qədirli və deputat Gülər Əhmədova Liviya hadisələri barədə danışırlar.

Gülər Əhmədova:

- Liviyada hakimiyyət sadəcə bir başqa tayfanın əlinə keçəcək. Fərq ondan ibarət olacaq ki, Qərb hakimiyyətə gələn tayfanın rəhbərindən Qəddafidən aldığından daha çox vəsait alacaq. Məsələ bu qədər bəsitdir.

Erkin Qədirli:

- Məsələ də ondadır ki, siyasi sistem açıq olanda, hakimiyyət dinc yolla əldən-ələ keçir. Tayfa quruluşu dağılmırsa, onda bir gün bu tayfa hakimiyyətdədir, başqa gün o biri tayfa. Cəmiyyətin də istədiyi odur ki, eyni tayfanın hakimiyyəti bəsdir. Bu da dinc yolla deyil, bu cür həll olundu. Bəlkə də hələ həll olunmayacaq. Faktiki olaraq bütün hallarda problemin kökü sistemin yanlışlığındadır.

Gülər Əhmədova:

- Mən razı deyiləm. Çünki Devid Kemeron Böyük Britaniyada baş verən küçə döyüşlərini başlı-başına buraxsaydı, orada da inqilab etmək olardı. Sadəcə, Devid Kemeron hətta 11 yaşlı uşağı belə həbs etdirdi. «Facebook»da sosial çağırış edən 2 gənci 4 il həbs etdirdi. Onların vəkilləri BBC-də bildirdilər ki, ümumiyyətlə, İngiltərədə indiyə qədər bir dəfə də olsun sosial çağırışla bağlı heç kimə cəza verilməyib. Bu cür cəzanı yalnız cinsi istismar halları və ya hər hansı zorakılıq halları olanda verirlər. O baxımdan güman etmirəm ki, burda yalnız ərəblərlə bağlı bir şeydir. Həmin şeyi bu gün Britaniyada da etmək olardı. Devid Kemeron sakit dayanardı və həmin küçə döyüşləri nəticəsində inqilab baş verərdi.

Xədicə İsmayılova:

- Britaniyada Sizcə, sistem yanlışlığı inqilab üçün əsas verirdi?

Gülər Əhmədova:

- Əlbəttə.

Erkin Qədirli:

- Orada inqilab deyildi axı...

Gülər Əhmədova:

- Adını nə qoymaqdan asılıdır...

Erkin Qədirli:

- Yaxşı, adını nə qoyursunuz qoyun. İnqilab olsun. Amma o inqilab hansısa iğtişaşçı siyasi tələb irəli sürürdü...

Gülər Əhmədova:

- Hər halda o da cəmiyyət daxilində olan narazılıqdan əmələ gələn bir məsələ idi...

Erkin Qədirli:

Erkin Qədirli
- Orada hökumətin, rejimin dəyişdirilməsi, monarxiyadan respublikaya keçmək tələbi olmadı axı. Orada ümumiyyətlə rabitəsiz...

Gülər Əhmədova:

- Monarxiyadır da. Böyük Britaniya nədir bəs?

Xədicə İsmayılova:

- Amma iğtişaşçılar o tələbi qoymurdular axı.

Erkin Qədirli:

- Mən də onu deyirəm.

Gülər Əhmədova:

- Biz həmin insanları bir-bir danışdırmış olsaydıq, onda həqiqəti bilərdik. Biz Qərbin siyasi liderlərinin verdiyi siyasi bəyanatları müzakirə edirik. Onlar buna nə don geyindirirlərsə, biz o geyindirilən donun ətrafında danışırıq ki, bu don budur. Amma başqa bir şəxsdən, Liviyanın içərisində olan şəxsdən soruşsaq ki, nə baş verir, onlar buna tamam başqa bir don geyindirəcəkdi. Sadəlövh olmaq lazım deyil.

Xədicə İsmayılova:

- Niyə Sizin imkanınız yox idi Liviyadan sadə insanların səsini eşidəsiniz?

Gülər Əhmədova:

- O imkan sizdə olmalı idi. Azadlıq Radiosunda.

Xədicə İsmayılova:

- O imkan əslində beynəlxalq mediada da yox idi. Çünki Liviyada beynəlxalq medianın fəaliyyəti üçün hər zaman problemlər var idi. Amma görüntülər var. Biz minlərlə, bəzən on minlərlə insanı görürük ki, onlar rejimin devrilməsini bayram edirlər. Siyasi tələblər irəli sürürlər. Onda o adamlar da başqalarının fikirlərindən çıxış edirlər?

Gülər Əhmədova:

- Kütlənin ideologiyasından çıxış edəcəyiksə, onda Britaniyada da prosesləri saf-çürük etsək, orada da problemlər ortaya çıxacaq.

Xədicə İsmayılova:

- Amma onların tələbi yox idi axı?

Gülər Əhmədova:

- Niyə yox idi? Var idi. Deyirdilər, misal üçün, miqrantları burada azaldın, icazə verməyin. İşçi qüvvəsi çox ucuzdur deyə, miqrantlardan istifadə edirdilər. Əlbəttə var idi. Sadəcə o həbs olunan iki nəfərin «Facebook»da yazdıqlarına baxın. Görəcəksiniz nə tələbləri var idi. Fransada da sosial tələblər var idi. Tələbələr təqaüd və başqa məsələlərlə bağlı qalxmışdılar. Həmin şeyi Fransa da, Böyük Britaniyada da etmək olardı.

Xədicə İsmayılova:

Londonda iğtişaşlar, 8 avqust 2011
- Niyə etmədilər?

Gülər Əhmədova:

- Hökumət atlarla, itlərlə camaatın üstünə gəldi. Polis atları insanları ayaqlayırdı orada.

Xədicə İsmayılova:

- Niyə bu qədər kəskin tədbirlərə əl atmalı oldular?

Gülər Əhmədova:

- Çünki quruluşlarını saxlamaq istəyirdilər.

Xədicə İsmayılova:

- Qarşı tərəf bəs neynirdi?

Gülər Əhmədova:

- Qarşı tərəfin əlində heç nə yox idi axı. Onlara silah verən yox idi. Liviyada küçəyə çıxan adamlara Qərb silah verdi. Amma İngiltərədə küçəyə çıxanlara kim silah verəcəkdi ki?

Xədicə İsmayılova:

- Qarşı tərəfin əlində «Molotov kokteylləri» yox idimi?

Gülər Əhmədova:

- «Molotov kokteylləri»nin qarşısına daha nələrlə çıxmadılar ki? Zirehli texnika ilə çıxdılar, Amerikadan əlavə polislər gətirdilər. Camaatı girib evindən çıxarırdılar. Bu demokratiyadır? Mən çıxmışam mitinqə, sözümü demişəm, gəlmişəm evə, gəlib evimdə məni dartıb evimdən sürüyə-sürüyə çıxarırlar, aparıb həbsə atırlar. Baxmırlar ki, mənim 11 yaşım var, yoxsa 20. Həbs olunan oğlanların heç biri küçəyə çıxmamışdı.

Xədicə İsmayılova:

- Siz hesab edirsiniz ki, İngiltərədə baş verənlər Liviyada, Misirdə, Tunisdə insanların zülmə, avtoritarizmə etiraz etmək hüququnu əlindən alır?

Gülər Əhmədova:

- İngiltərədə küçəyə çıxan insanlara, «Facebook»da 3 cümlə yazan o gənclərə də fitva verən, arxasında dayanan olsaydı, onlar da həbs olunmazdılar. Onlar da xalq qəhrəmanı kimi televiziyaya çıxıb qışqıracaqdılar ki, biz qalibik, inqilab etdik. Orada heç kim kənardan gəlib dövlətə əks fəaliyyət göstərmədi. Əksinə, Amerika İngiltərəyə kömək etdi ki, həmin o küçədə olan insanları həbs etdirsin, həmin o insanların üstünə atlı polislər gəlsin.

Xədicə İsmayılova:

- Ancaq Qəddafi odlu silahla çıxmışdı əliyalın insanların qarşısına.

Gülər Əhmədova:

- Qəddafi silahlı insanların üstünə silahla gəlmişdi.

Xədicə İsmayılova:

Bakıda 12 mart aksiyası
- Silah sonradan oldu ortada.

Gülər Əhmədova:

- Məsəl üçün, mənim ölkəmdə silahı gətirib mənə kənardan verməyəcəklərsə, mən adi vətəndaşam, mənim silahım haradan ola bilər? Mən haradan silah əldə edə bilərəm? İnqilabçının silahı haradandır?

Xədicə İsmayılova:

- Ona görə də Sizin ölkənizdə...

Gülər Əhmədova:

- Mənim ölkəm sizin də ölkənizdir. Mənim ölkəm daha demokratikdir, nəinki Böyük Britaniya. Mənim ölkədə küçəyə çıxan insanların qeyri-qanuni mitinqində polis onu qucağına alıb aparır. Ancaq orada polis atla insanın üstünə gedir.

Xədicə İsmayılova:

- Siz onu qucaq adlandırırsınız?

Gülər Əhmədova:

- Siz açın şəkillərə, videolara baxın.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG