Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:09
Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunmuş altı nəfərin məhkəmə prosesi davam edir.

Onların vəkilləri artıq çıxışlarını bitiriblər.

Bir qədər əvvəl müttəhimlər son söz deməyə başlayıblar.

Ötən həftə dövlət ittihamçısı müxalifətçilərə iş istəmişdi. O, Sahib KərimovArif Alışlının 4 il 6 ay, Zülfüqar EyvazlıElnur İsrəfilovun 4 il, Elşən HəsənovBabək Həsənovun isə 3 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Bu altı nəfər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilirlər.

HAKİM ZALI TƏRK ETDİ

Hakim Elnur Həsənov zalı tərk edib. Buna səbəb zalın müttəhimlərin və onların vəkillərinin çıxışlarını alqışlaması olub. Hakim bir neçə dəfə xəbərdarlıq etsə də, məhbusların yaxınları buna önəm verməyiblər.

AXCP sədrinin müavini Sahib Kərimovun çıxışından sonra zalda olanlar emosiyalarını saxlaya bilməyib, onu alqışlamaqla yanaşı, «Azadlıq!» şüarları səsləndirməyə başlayıblar.

Hakim bundan sonra zalı boşaltmaq göstərişi verib. Amma heç kim yerindən tərpənmədiyindən Elnur Həsənov özü məhkəmə zalından çıxmalı olub.

Bir neçə dəqiqədən sonra mühafizəçilər arxa sırada oturanları zaldan çıxarıblar.

Hakim yalnız bundan sonra qayıdıb və hazırda məhkəmə davam edir.

Sahib Kərimov isə çıxışında deyib ki, bu məhkəmə tragikomediyadır:

«Onun tragik qəhrəmanları bizik, komik qəhrəmanları isə dövlət ittihamçısı. Biz cinayət etməmişik. Üç ay yarım istintaq aparılması da bizə işgəncə idi».

Vəkillər müdafiə etdikləri şəxslərə qarşı ittihamların sübut olunmadığını deyiblər, onlara bəraət verilməsini istəyiblər.

HÖKM BİR NEÇƏ GÜNDƏN SONRA OXUNACAQ

Hakim Elnur Həsənov məhkəmənin müşavirəyə getdiyini deyib. Hökm bir neçə gündən sonra elan olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG