Keçid linkləri

Təcili xəbərlər

Qaddafidən sonrakı Liviya...


Qiyamçılar Misrata şəhərində, 27 iyun 2011
Qiyamçılar Misrata şəhərində, 27 iyun 2011
Qəddafidən hamı bezmişdi. Doğrudur, Liviya diktatoru əvvəlki illərlə müqayisədə Qərb dövlətləri ilə münasibətlərini nisbətən normallaşdırmağa müvəffəq olmuşdu. Hətta Qaddafinin son İtaliya səfəri təmtərağı ilə yadda qalmışdı. Ancaq bu məcburi – enerji resurslarının istismarı və istifadəsi üzərində qurulmuş bağlılıq idi. Hər bir məsələdə Qərbdən fərqli mövqe nümayiş etdirən Rusiya və Çin belə Qaddafi və onun şıltaqlıqlarını həzm etməkdə çətinlik çəkirdilər. Sonda BMT Təhlükəsizlik Şurasındakı səsvermədə Moskva və Pekin Liviyaya qarşı sanksiyada veto hüququndan yararlanmadılar.

Beləcə, Qəddafinin siyasi varlığına son qoyulmaq üzrədir. Ancaq bu, Liviyada hələ uzun və keçməkeşli yolun başlanğıcıdır. Beynəlxalq aləmi Liviyada daha mürəkkəb ikinci mərhələ gözləyir.

LİVİYA İKİNCİ İRAQA ÇEVRİLMƏMƏLİDİR

Açıq söyləmək lazımdır ki, NATO-nun dəstəyi olmadan Qəddafi rejimini devirmək və paytaxtı ələ keçirmək çətin olardı. Demək, Liviyadakı qarşıdurmada Qərb ölkələrinin silahlı müxalifətə əməli dəstəyi əhəmiyyətli rol oynayıb. Buna görə də gələcək Liviyanın qurulmasında Qərb ölkələrinin, o cümlədən Türkiyənin üzərinə böyük məsuliyyət düşür. Əlbəttə, Liviyanın gələcəyi liviyalıların qərarlarından və atacaqları addımlardan asılı olacaq. Ancaq beynəlxalq aləm də bu prosesdən kənarda qala bilməz, ən azı qəbilələrarası mümkün nifaqların qarşısının alınması və bu ölkənin sabit inkişafı üçün yeni hakimiyyətə yaxın dəstəyini əsirgəməyəcək.

Liviyanın ikinci İraqa çevrilməsinə yol vermək olmaz, əks halda, Qəddafi üzərində qələbəyə baxmayaraq, Qərbin imicinə növbəti dəfə zərbə dəyə bilər. Qərb zamanında İraq diktatoru Səddam Hüseynin yıxılmasını təmin etsə də, bu vaxta qədər bu ölkənin normal inkişafına nail olmayıb. Eyni səhvi Liviyada təkrarlamaq Qərbi daha ağır vəziyyətə sürükləyə bilər. Odur ki, «Liviya parlament yoxsa prezident üsul-idarəli ölkəyə çevriləcək»,
Liviya üsyançıları Breqa yaxınlığında, 5 aprel 2011
«Çoxsaylı qəbilələrin maraqları necə təmin olunacaq» kimi sualların aktuallığı yaxın günlərdə artacaq.

QƏRBİ LİVİYADA NƏ MARAQLANDIRIR?

Bəzilərinin «Qərbi Liviyada yalnız neft maraqları düşündürdüyündən indiki rejimi devirdilər» fikrinə də ara-sıra rast gəlmək olar. Bosniyada neft yox idi. Ancaq Vaşinqton 1990-cı illərin ortalarında Bosniyada daha faciəvi qətliamların qarşısını almaq üçün tərəfləri sülhə məcbur etdi və Deyton sazişi imzalandı. Çünki, Bosniya savaşının bir az daha uzanması Avropanın digər ərazilərinə yayılması ehtimalını artırır və bu, ABŞ-ın maraqlarına zidd idi. Qərbin Suriya rejiminə qarşı sanskiyalar tətbiq etməsi və Bəşər Əsədə «Sən getməlisən» ultimatumunu səsləndirməsinin də neftlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Məgər Tunis də Liviya qədər zəngin neft ölkəsiydi ki, beynəlxalq aləm qonşuları ilə müqayisədə nisbətən loyal sayılan Ben Əli rejiminin yıxılmasında maraqlıydı? Və ya Qərbin Misir prezidenti Hüsnü Mübarəklə çox sıx münasibətləri var idi. Ancaq xalq ayağa qalxanda, Qərb Mübarəkdən üz çevirmək məcburiyyətində qaldı.

Tunis və Misirdə dəyişikliklər baş verdikdə Liviya rejiminin hakimiyyətini xilas etmək üçün hələ şansı qalırdı. Qəddafi Benqazi şəhərində insanlar küçələrə axışdıqda və bu proses o biri şəhərlərə inikas olunduqda vətəndaşlarına real islahatlar vəd etsəydi, bəlkə də Liviyada bugünkü hadisələr yaşanmazdı. Belə olan halda Qərb ölkələri də Qəddafidən üz çevirməz, vəd edilən islahatların məntiqi sonluğunu gözləyərdilər. Ancaq Qəddafi bütün diktator və avtoritar rejimlər kimi fərqli yol seçdi və bu onun sonunu yaxınlaşdırdı. Bir müddət gözləmə mövqeyində dayanan Ankara belə Qəddafi ilə xudahafizləşmək qərarına gəldi.

Əhməd Davudoğlu və Liviyada Milli Keçid Şurasının rəhbəri Mustafa Cəlil, 23 avqust 2011
Bu gün Ankara Liviya müxalifətinin yanındadır. Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Tripoli uğrunda şiddətli döyüşlərin getdiyi məqamda Benqaziyə yollanaraq müxalifət liderləri ilə ölkənin gələcəyi ilə bağlı geniş fikir mübadiləsi aparıb. Türkiyənin gecikmək istəməməsinin arxasında praqmatik iqtisadi maraqlar da dayanır. Türkiyənin Liviyada neçə milyard dollarlıq yatırımları, inşaat şirkətlərinin böyük layihələrdə payları var və Ankara bu ölkənin gələcək hakimiyyəti ilə bu məsələləri indidən müzakirə etmək istəyir.

AZƏRBAYCANIN LİVİYADAKI SƏFİRİ QƏDDAFİNİN VƏKİLİ KİMİ ÇIXIŞ EDİR

Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovun «Azadlıq» radiosuna müsahibəsində sərf etdiyi sözlərə məətəl qaldım. Qəddafi rejiminin artıq çökdüyü və müxalifətin qələbəsi aydın olduğu halda səfir çalışdığı ölkənin müxalifətinin bostanına daş ataraq «xaricdən maliyyələşmə olmadan Liviyada dəyişikliklər baş verməzdi» ifadəsini səsləndirib. Səfir bir az daha uzağa gedərək belə bir cümlə də işlədib: «xaricdən müdaxilə olmasaydı, dörd ölkə - Tunis, Misir, Yəmən və Liviyada azadlıq hərəkatlarının başlanması mümkün deyildi».

Bilmirəm, Azərbaycanın Liviyadakı səfirinin bu sözləri ilə Liviya müxalifətinin təmsilçiləri tanışdırlar ya yox, tanışdırlarsa, Ağasəlim Şükürovun Qəddafinin vəkili kimi çıxış etməsi məmləkətimizə ancaq zərər gətirər. Cənab Ağasəlim Şükürov nəzərə almalıdır ki, yaxınlarda «xaricdən maliyyələşən» hakimiyyətlə işləmək məcburiyyətində qalacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG