Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Yarımçıq tikilidə yaşayan qaçqınların problemləri


Bakıda tikintisi yarımçıq qalmış doqquzmərtəbəli binalar.

Bakıda tikintisi yarımçıq qalmış doqquzmərtəbəli binalar.

Pilləkənləri, eyvanları sürahisiz, döşəməsi nazik taxta parçası və ya kardonla örtülmüş, su, işıq, kanalizasiya boruları hörümçək torunu xatırladan, tikintisi tamamlanmamış 9 mərtəbəli binalar. Bu tikililər Binəqədi rayonu ərazisində yerləşir. Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış bu binalarına 1000-dən çox qaçqın ailəsi 18 ildir ki sığınıb.

Füzuli rayonundan qaçqın Ziya Vəliyev:

“Burada insan yaşamaz, amma biz yaşayırıq da. Vallah insan yaşayan yer deyil, camaat çox əziyyət çəkir. Suyu, qazı, işığı- hər şeyi problemdir. Belə yerdə insan yaşayar?”

Füzuli rayonundan qaçqın Nurə Vəliyeva:

“Necə olur ki, hər tərəfdə ev tikirlər, ona-buna ev verirlər. Hökumətimiz bizə də əncam qılsın da. Burada insan yaşayar? Taxtaların üstünə ayağımı qorxa-qorxa qoyuram. Zülm çəkirik”.

Zəngilan rayonundan qaçqın Gülnişan Əhmədova:

“Bütün şəraiti özümüz qurmuşuq. Heç kim gəlib bizə deməyib ki, acsan, susuzsan ya kanalizasiyan necədir? Kanalizasiya binaların altına gedir. Xəstəlikdir, camaat ağciyər xəstəliyinə tutulub”.

QORXULU PİLLƏKƏNLƏR

Binanın içərisi
Sakinlər problemlərinin sadalanmaqla bitmədiyini deyir. Dörd bir tərəfi açıq olan mərtəbələri biz də çətinliklə qalxırıq. Bir tərəfdən sürahisiz pilləkənlərlə yuxarı mərtəbələrə çıxmağın qorxusu, digər tərəfdən zirzəmidən gələn kanalizasiya qoxusu... Başını əyib keçməyə məcbur olduğun elektrik xətləri, bir sözlə, bilmirsən ayağının altına baxasan, ya başının üstünə.

“6 yaşım var idi. Elə bildim pilləkən qurtarıb, ayağımı atdım və yıxıldım. 4-cü mərtəbədən 2-yə düşdüm. İndi bu pilləkənlərdən çıxmıram, qorxuram, o biri yolla gedirəm”.

9 yaşlı Sənan Babayev 4 dəfə əməliyyat olunub, pilləkənlərdən yıxıldığına görə həm qaraciyərindən, həm də başından zədə alıb. İki il öncə isə bu pilləkənlər 25 yaşlı bir qızın ömrünə son qoyub, ayağı qonşuların kustar üsulla düzəltdiyi sürahiyə işilib, 7-ci mərtəbədən düşərək ölüb. Burada yaşayanların gözü qorxduğundan indi binanın azyaşlı sakinləri həyətdə oynamaq üzünə də həsəd qalıblar. 10 yaşlı Mətanət kimi:

“Burada hər yer təhlükəlidir, oynamaq olmur. Çox vaxt evdə oynayırıq, anamız həyətə düşməyə qoymur, qorxur ki, yıxılarıq. İstəyirəm ki, biz də həyətə düşüb oynaya bilək, buralar gözəl olsun”.

“UŞAĞIN ƏLİNİ SİÇAN DİŞLƏYİB”

Burada yaşayanlar gecələr də başlarını yastığa rahat qoya bilmədiklərini deyirlər. Nadya xala danışır ki, bir neçə gün əvvəl gecənin bir aləmi yuxudan bir yaşlı nəvəsi Tuqayın qışqırıb ağlamağına oyanıblar. Görüblər ki, uşağın əlini siçan dişləyib:

““Krısa” dişləyib əlini, gecə qan aparmışdı uşağı. İndi həkimə aparırıq ki, quduzluğa, mikroba qarşı iynə vuraq”.

Sakinlər qışda vəziyyətin daha acınacaqlı olduğunu deyirlər. Soyuqlar düşən kimi bu binalarda qaz da kəsilir, işıq da:

“Çox pisdir, hava yoxdur, siçanlar ora-bura qaçır”.

9 yaşlı Vüsal ilə Yaqub isə bizə məktəblərini təsvir edirlər. Qaçqınların binanın zirzəmisində yerləşən məktəbinə biz də baş çəkirik.

Divarlarında əyani vəsaitlər, şagirdlərin hazırladıqları lövhələr, vətənpərvərliklə dolu şüarlar asılan sinif otaqları. Bir dəhliz boyunca yerləşən bir neçə otaqdan ibarət bir məktəb.

Elektrik xətləri
Direktor Ramiz Cahangirovun dediyinə görə, məktəbdə 400-dən çox şagird təhsil alır, 57 müəllim çalışır. Ramiz Cahangirov deyir ki, 2002-ci ildə Təhsil Nazirliyinin dəstəyi ilə məktəb təmir olunub, yeganə problemləri qışda işığın kəsilməsidir. Amma direktor danışmaq istəməsə də tavandan su axdığını görürük, nəmişlik qoxusu da bir yandan.

“NİSYƏLƏRİ ÖDƏYİN!”

Məktəbi kimi burada yaşayanların bazarlığı üçün də uzun yol qət etməyə ehtiyac yoxdur. Elə sakinlərin özləri həyətdəcə meyvə- tərəvəzdən tutmuş tikinti materiallarınadək hər şey satırlar. Sahibi danışmaq istəməsə də ət satılan köşkün üzərində belə bir lövhə görürük: “Nisyələri ödəyin!”

18 ildir ki, burada yaşayan Ağdam rayonundan qaçqın İfrat Əliyeva isə deyir ki, bütün bu problemlərin müqabilində gəlib onlarla maraqlanan da yoxdur:

“Bu zəmanədə belə yaşayan yoxdur. Qaçqınlara da baxan yoxdur. Camaat gör neçə ildir belə yaşayır. Kim belə yaşaya bilər? Bizə baxmırlar, baxsalar, bir ev-eşik verərlər də. Yalandan deyirlər “verəcəyik”, çıxıb gedirlər. Heç kim maraqlanmır”.

Binanın sakinləri
DAHA İKİ İL DÖZMƏK LAZIMDIR

Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin mətbuat katibi Elçin Qədimov isə bu iddiaları əsassız sayır. Deyir ki, prezident İlham Əliyevin “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” bu il imzaladığı sərəncama görə, Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binalarında yaşayan qaçqınların da köçürülməsi nəzərdə tutulub. 2011-2013-cü illər ərzində burada yaşayan 736 ailə üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək.

Əslən Cəbrayıldan olan 10 yaşlı Mətanət isə bizimlə söhbətdə bir arzusunu da dilə gətirdi ki, gün o gün olsun, haqqında valideynlərindən eşitdiyi doğma torpaqlarını öz gözləriylə görsün.

Şərhləri göstər

XS
SM
MD
LG