Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Zəminə Əliqızı: «Məktəblərdə məktəbli geyimi satıla bilməz»


Zəminə Əliqızı

Zəminə Əliqızı

Bu il Bakıda 340 minə yaxın məktəbli vahid məktəbli geyimindən istifadə edəcək.

Bu barədə «APA»ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı bildirib.

Vahid məktəbli geyimləri I-VI və VII-XI siniflər üçün olmaqla iki formada tikilib:

«Təhsil müəssisələrinin rəhbərlərinə bir daha tapşırılıb ki, kimlərin geyimləri varsa, onların yenidən geyim almasına ehtiyac yoxdur. Bakı Tikiş Evinin satış mərkəzləri demək olar bütün rayonlarda fəaliyyət göstərir. Bu mərkəzlərin ünvanlarını valideynlər məktəblərdən əldə edə bilərlər. Direktorlara qəti şəkildə tapşırılıb ki, məktəblərdə məktəbli geyiminin satışı təşkil oluna bilməz. Bu, qəti qadağandır. Valideynlərin məktəbli geyimləri ilə bağlı hər hansı şikayətləri olarsa, BŞTİ-də fəaliyyət göstərən 441 06 99 saylı «Qaynaq xətt»ə müraciət etsinlər».

Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov isə bildirib ki, rəhbərlik etdiyi qurum orta məktəblərdə istifadə olunacaq geyimlərin 90 faizindən çoxunu tikib:

Fədail Rəhimov
«Ümumilikdə 200 mindən çox geyim tikilib. Hazırda anbarlarda 80 mindən çox geyim var. Adətən valideynlər geyimləri dərs ilinin başlanmasına lap az qalmış alırlar. Buna görə də basabas düşür».

F. Rəhimov müəyyən ölçülü məktəbli geyimlərinin çatışmaması ilə bağlı səslənən fikirlərlə razılaşmayıb:

«Bizim mağazalarda 26 ölçüdən 54 ölçüyə qədər bütün ölçülərdə geyimlər var. 140 mindən artıq geyim böyük ölçüdə, qalanları isə kiçik ölçülərdə tikilib. Elə uşaqlar var ki, 4-cü sinifdə oxusalar da, 54 ölçüdə paltar geyinirlər. Belə halda Bakı Tikiş Evinin xüsusi ustaları onlar üçün fərdi paltarlar tikir».

F. Rəhimov məktəbli geyimlərini satmaq üçün hazırda Bakının bütün rayonlarında mağazaların və ticarət yarmarkalarında səyyar satış məntəqələrinin olduğunu deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG