Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:10

Boris Nemtsov Azərbaycandakı siyasi vəziyyəti qiymətləndirir...


Müxalifət lideri Boris Nemtsov
Müxalifət lideri Boris Nemtsov
1990-cı illərin əvvəllərində Boris Nemtsov Rusiyada məşhur islahatçılardan biri kimi tanınırdı. Rusiyanın Nijni Novqorod regionunun qubernatoru və və sonra da Baş nazir olub. Hazırda isə Rusiya müxalifətinin əsas simalarından biri hesab edilir.

1991-ci ilin avqust çevrilişi cəhdinin 20-ci ildönümü münasibətilə Boris Nemtsov AzadlıqRadiosunun rus xidmətinin suallarına cavab verib. Keçmiş sovet respublikalarındakı - o cümlədən də Azərbaycandakı hazırkı ictimai-siyasi vəziyyətdən də bəhs olunan həmin müsahibəni təqdim edirik.



- Qorbaçovun hakimiyyətdən devrilməsinə cəhddən 20 il keçir. Həmin avqust çevrilişi cəhdi baş verərkən Siz harada idiniz, nə edirdiniz? Sizin o zamankı arzu və gözləntiləriniz nə idi?
- Həmin vaxtlar mən Ağ Evdə idim (Rusiya parlameninin binasında). Rusiya parlamentinin üzvü idim. Mən də Rusiya azadlığının banisi kimi Boris Yeltsinin yanında idim. Həqiqətən də çox maraqlı və dramatik günlər idi.

1991-ci il avqustun 19-da məzuniyyətə çıxmaq istədim. Ancaq məzuniyyətin birinci günü çevrilişə təsadüf etdi. Onda həyat yoldaşıma dedim ki, təəssüf, məzuniyyət bitdi, mən Ağ Evə qayıtmalıyam. Rus xalqının minlərlə nümayəndəsi əlbir şəkildə, ölkəmizi kommunizmdən qorudu.

Mən düşünürəm ki, bu, Rusiya tarixində çox nadir hadisədir və bunda iştirak etdiyim üçün qürur hissi keçirirəm.
Boris Yeltsin tankın üzərində çıxış edərkən. 19 avqust 1991

Yeltsin tankdan öz tarixi çıxışını edərkən mən yaxınlığında durmuşdum. O, dedi ki, baş verənlər tamamilə qanunsuz, qeyri-konstitusion və ruslara qarşıdır. Onun heç mikrofonu da yox idi. Bəlkə də var idi, amma heç kim onu eşitmirdi. Ancaq hər kəs başa düşürdü ki, bu, Rusiyanın həyatında ən əhəmiyyətli çıxışdır.
Yeltsin istefaya çıxdıqdan sonra onun ad gününə xüsusi polad tank, üzərində də böyük Yeltsin heykəli hədiyyə etdim. Soruşdu ki, tank niyə məndən kiçikdir? Cavabında ona dedim ki, çünki milyonlarla rus və dünyadakı milyardlarla insan həmin andan Sizin bir tankdan daha böyük olduğunuza inanırdı.

- Keçən 20 ildə o zamankı arzularınızın iflas olduğunu, yaxud ən azından təxirə salındığını düşündüyünüz anlar olubmu?
- O vaxt anlayırdım ki, bu günlər mənim ölkəm üçün çox mühüm zamandır. Həqiqətən də bu, kommunizmin ölümü idi. Biz bunu çox yaxşı bilirdik, amma romantik idik. İnanırdıq ki, azadlığa və xoşbəxt həyata gedən yol daha qısa olacaq. Lakin biz bunun belə olmadığını sonradan anladıq.

Biz çox sadəlövh idik. Təkcə mən yox, Yeltsin və bizim komandada hamımız. İnanırdıq ki, kommunizmi sadəcə ləğv edəcəyik və nailiyyət qazanacağıq. Ancaq bədbəxtlikdən reallıq o zaman inandığımızdan daha ciddi və daha mürəkkəbdir.

- Düşünürsünüzmü ki, Qərbin Rusiya demokratiyasının inkişafına güclü təsir imkanları var idi? Sizcə, Rusiya demokratiyasının uğursuzluğa düçar olmasında Qərbin də payı varmı?
- Qərb Rusiya tarixində böyük rol oynamayıb. Xüsusilə də 1990-cı illərdə. Qərblilər Rusiyada demokratiyanı dəstəkləyirdilər, bu, doğrudur. Ancaq iqtisadi dəstəyə gəldikdə, mən inanıram ki, bu çox məhdud idi və hər hansı uğur qazanmağa yetəcək dərəcədə deyildi.

Sadəcə bir misal çəkim. Rusiya və Qərb arasında Sovet borcları barəsində böyük danışıqlar gedirdi. Qərb Yeltsindən Sovet borclarını qaytarmağı tələb edirdi. SSRİ-nin borcu o zaman çox böyük idi: yüz milyard dollar. Ancaq Qərb ölkənin iqtisadi vəziyyətinə və "Sovet İttifaqının iflası"na məhəl qoymadı.
Boris Nemtsov

İndikindən fərqli olaraq o zaman neft qiymətləri də çox aşağı idi. Təxminən bir barel neft 10-15 dollar idi. Ancaq bu, Qərbin vecinə olmadı: “Əgər varissizsinizsə, borcları da ödəməlisiniz" - deyib durdu.

Buna görə iqtisadiyyat dəhşətli vəziyyətdə idi. Ölkə iqtisadiyyatında dağılma və inflyasiya güclənirdi. Ancaq Qərb bizə pulu ödəməyimiz üçün güclü təzyiq edirdi. Düşünürəm ki, bu, Qərbin ən böyük səhvi idi.

İqtisadi vəziyyət ağır idi və ruslar böyük bir bəlanın içinə düşmüşdülər. İndi milyonlarla rus 1991-ci il avqust ayını bütün çətinliklərin başlanğıcı hesab edir.

- Son 20 ildə hansısa Sovet ölkəsində sizi təəccübləndirə biləcək inkişaf baş veribmi?
- Ən böyük təəccübümə Estoniya səbəb olub. Estoniya Avropa Birliyinin üzvüdür və ilk post-Sovet ölkəsidir ki, avroya keçib. Bundan başqa, çox yüksək "Standard&Poor" (ölkələrin kredit reytinqini qiymətləndirən təşkilat) reytinqinə malikdir. Təbriklər.

Ukrayna da demokratiyanın simvolu və örnəyi idi. Ancaq indi Timoşenkonun həbsindən sonra mən belə hesab edirəm ki, Ukraynada "Putinizasiya" və yaxud "Lukaşenkolaşma" müşahidə edirik. Hər kəs anlayır ki, bu həbs siyasi motivlidir və burda söhbət heç də korrupsiya ilə mübarizədən getmir. Bu məhkəmə əslində müxalifətə qarşı yönəlib.
Belarus məsələsi çox asandır. Bu sadəcə diktaturadır. Bu həm də siyasi müxalifət üzərində olan böyük repressiya nümunəsidir. Təəssüf ki, Avropa və ABŞ-ın sanksiyasından sonra Lukaşenko hələ də vəziyyətə nəzarət edir.

Bu ölkənin Rusiya ilə münasibətlərinə gəldikdə isə... Doğrudur, Putin və Lukaşenko bir-birinə nifrət edir. Ancaq iqtisadi məsələlərə gəldikdə isə, Putin hökuməti Belarusda Lukaşenkonun korrupsiyaya uğramış və qeyri-effektiv dövlət iqtisadiyyatını dəstəkləyir. Slavyan ölkələri arasında ən pis vəziyyət Belarusdadır.
Qazaxıstanda Asiya tipli tayfa kapitalizmidir. Bəli, Nazarbayev diktatordur və o, əbədi liderdir. Və bu həm də dırnaqarası parlamentin prezidentə "əbədiyyət" verdiyi ölkədir. Bu, dəhşətli bir şeydir. Ancaq Qərb Qazaxıstandakı diktaturaya heç bir əhəmiyyət vermir.
Eyni vəziyyət, hətta daha betər halda Özbəkistan, Türkmənistan və Tacikistandadır. Bu ölkələrdə də Asiya tipli diktaturaya bir qədər İslam amili də əlavə olunub. Həmçinin Əfqanıstan və İran təhlükəsi mövcuddur. Keçmiş Sovet Respublikalarının əksəriyyətindəki rejim diktatura tiplidir.

Keçmiş prezident Heydər Əliyev oğlu İlham və nəvəsi Heydərlə.
Azərbaycan iqtisadi sahədə kifayət qədər azad təsir bağışlayır. Amma Əliyevə görə diktatura davam etməlidir. Əliyev hakimiyyəti oğluna ötürməyə qərar verdi və yeni Əliyev hakimiyyəti öz uşaqlarına necə ötürmək barədə düşünür və s.
Bu, demokratiya deyil, korrupsiya və digər elementlərlə zəngin olan diktaturadır. Mən inanmıram ki, bu cür inkişaf Azərbaycan xalqının istədiyi inkişafdır.

Gürcüstan da başqa bir istisna ola bilər. Bəli, Saakaşvili hakimiyyətdə həmişəlik qalmaq istəyir. Ancaq digər tərəfdən bu ölkədə müxalifət və azad mətbuat var. Bundan əlavə, korrupsiya ilə mübarizədə möhtəşəm nailiyyət qazanıb. Gürcüstan investisiya mühiti, vergi sistemi və anti- korrupsiya siyasəti baxımından böyük uğura nail olub.
Ermənistanın Putin Rusiyasından çox güclü asılılığı var. Buna görə də müstəqil daxili siyasət yürüdə bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG