Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:03

Bozumtulluqda tərk edilmiş qadın portreti



Yeganə CANSAİL


Bozumtulluqda tərk edilmiş qadın portreti


– Necəsən? Nə var nə yox?

– Yaxşı.

– İşlərin necədir?

– İşdən çıxmışam.

– Aaa, niyə?

– Nə bilim, çıxdım da... Uzun məsələdir.

– Şəxsi həyat necədir? Hər şey qaydasındadır?

– Belə də...

– İncidir səni?

– Yoo.. gedib...

– Aaa, ay qız... nə danışırsan? Hara getdi?

Səbrlə bu mənasız sorğu-sualın nə vaxt bitəcəyini gözləyirəm. Hiss edirəm ki, eyni sözləri danışmaqdan, adamların hər gün verdiyi eyni suallardan yorulmuşam, bezmişəm...

Təbəssümü qulağına çatmış maskalardan alıb sifətimə taxmaq, sonra da adamların arasında beləcə gəzmək istəyirəm...

İçimdə hamıdan gizlənmək, yox olmaq hissi ilə yanaşı yalançı təbəssüm cücərir. Kütlədən, hər kəsdən hissə-hissə qopduğumu, zərrə-zərrə uzaq düşdüyümü hiss edirəm.

Şəhərdə sevimli bir yerim var. Gec-gec olsa da həmin yerə baş çəkirəm. Nədəndi, bilmirəm, hər səfərimdə şəhər məni bozumtul paltarında qarşılayır.

Dənizlə səma boz rəngə boyanıb bir-birinə qarışır. Üfüq xəttinin itdiyi bu mənzərəni hər şeydən daha çox sevirəm.

Və bu mənzərə mənə heç kimdən və heç nədən almadığım zövqü bağışlayır. Bu mənzərədə bütün problemlərimi, ağrılarımı, hər bir acını unuduram.

Şəhərin ən hündür nöqtəsində əlimi göylərə uzadır sanki buludlara toxunacaqmış kimi qəribə hisslər keçirirəm.

Hündürlük qorxusu öz sözünü desə də, oturduğum daşın üstündən yerə düşmürəm.

Bilirəm ki, bir balaca büdrəsəm, o hündürlükdən yerə çırpılıb məhv olaram. Amma mən belə büdrəmələri, bu cür səhvləri sevirəm... Məni səhvlərim böyüdür...

Bozumtulluqda iri bir qağayı dənizin üstü ilə uçub dənizə baş vurur, sonra yenə havaya qalxır, sonra yenə dənizə, dalğaların üzərinə...ta ki ovunu tutana qədər...

Atamı xatırlayıram. O gedəndə çox balaca idim. 1-ci sinifdə ata sözünü yazmağı hələ təzə öyrənirdim.

Sonra anam getdi... hər kəs həyatımdan fərd-fərd ayrıldı. Hər ayrılıq içimdən nələrisə qopardı, hər qopanlar izlərini buraxdı getdi.

Bilirdim ki, ömrümün sonuna kimi həmin izlərin yarası ilə yaşamağa məhkumam.

Bilirdim ki, yalnızlığa sürgün edilmişəm. Bilirdim ki, bu oyunda uduzan olmasam da, əlimdəki kartlar zəifdir... Mənim ədalətsizlik sandığım bəlkə də Tanrının mənə bağışladığı ədaləti idi...

Bilirdim ki, insanlar kədəri sevmirlər. Bilirdim ki, yalandan üzlərinə hüzn pərdəsi çəkib, üzüldüklərini bildirsələr də, əslində tez bir zamanda məndən qurtulmağa çalışırdılar.

Mənimsə onları öz kədərimlə yormağa nə həvəsim, nə də niyyətim var idi.

Kitab oxumağı çox sevirdim. Amma bir gün həmin kitabların vərəqlərini satdığım tum üçün cırıb bükməli oldum.

Hər dəfə cırılan vərəqlərdə qələmlə işarələdiyim hissələri görəndə kövrəlirdim. Nə vaxtsa yenidən həmin kitabları alıb oxuyacağıma özümü inandırıb, hər şeyin yaxşılığa doğru olduğuna ümidlənirdim.

Əvvəllər evimizin qarşısında tum satıb pul qazanmağı özümə sığışdırmırdım... Kimsə gəlib tum istəyəndə çox utanırdım. Səhərləri dərsə gedir, günortaları axşama qədər pul qazanırdım.

Ən çox sinif yoldaşlarım həyətimizdən keçəndə utanırdım. Qaçıb blokda gizlənir onlar gedəndən sonra blokdan çıxıb işimə davam edirdim. Sonralar buna öyrəşdim.

Hətta qazandığım pul ilə fəxr etməyə başladım. Heç vaxt nə əzilməyi, nə də kiminsə mənə yazığı gəlməsini özümə rəva bilirdim.

Yadımdadır yay tətilində qonşumuz məni limonad sexində butulkaların üzərinə etiket yapışdırmaq üçün işləməyə apardı.

Bir neçə gün yapışqanın iyinə öyrəşə bilmədim, hər gün minlərlə etiket yapışdırırdıq.

Sonralar qazandığım pullar və zəhmətkeşliyimlə necə qürur duyurdumsa, artıq yapışqanın baş çatladan qoxusuna da alışmışdım.

Həmin işdən mənə yadigar qalan qolumdakı çapıq oldu... bir dəfə qonşumuz dəzgahda limonad şüşələrinə şirə doldurub qapaq vururdu.

Bu iş olduqca çətin idi. Ani bir səhv hərəkətdən şüşə sınıb ətrafa səpələnə bilərdi. Bu hallar dəfələrlə baş verirdi.

Yuyulmuş şüşəni qonşumuza uzadanda dəzgahdakı şüşə partladı və iri bir şüşə parçası qolumun üstünə zərblə düşdü.

Həmin an nə baş verdiyini heç özüm də anlamamışdım. Sonra qolumdan sürətlə axan qan balaca ürəyimi necə qorxutmuşdusa, ağrıdan çox, qana ağlamışdım.

Sonralar o işdən çıxıb bir müddət küçələrdən pivə, araq, limonad şüşələri yığır, onları təhvil verib əvəzində pul alırdım. Əslində bu günüm üçün həmin məhrumiyyətlərimə borcluyam.

O məhrumiyyətlər ki, sonralar məni bəlkə də çoxlarının sahib ola bilmədiyi statuslara doğru apardı.

Universiteti bitirəndən sonra dövlət işlərində çalışdım. İnsanlar mənə güvənir və hörmət edirdilər. Bu məni sevindirirdi. Qarşıma qoyduğum bütün məqsədlərə çatırdım.

Bilirdim ki, seçdiyim yol doğrudur və məni heç bir qüvvə o yoldan ayıra bilməz...

Üzləşdiyim haqsızlıqları asanlıqla həzm edə bilməsəm də, səbr edib nəticəni gözləməyi bacarırdım. Heç bilmirəm, bütün bunları niyə xatırlayıram...

Bir yazıçı dostum var. Hər dəfə görüşəndə yaşantılarımı ona danışıb daxilən rahatlıq tapıram. Həmişə susur. Şərhsiz, müdaxiləsiz dinləyir. bəzən yerli-yersiz gülümsəyir də.

Hansısa acı bir hekayəmdə onun təbəssümü xətrimə də dəyir. Deyir, sən mənim bozumtul şəhər mənzərəmdə tərk edilmiş yalnız qadın portretimsən. “Heç kəsi gözləmə”, – deyir...

Zatən gözləmirəm. Həyatı olduğu kimi yaşamağa başlamışam artıq. Anbaan... Zamanın mənə qarşıda hansı sürprizləri edəcəyi də maraqlı deyil.

Ətrafdakı hər şeyi adiləşdirib yaşayanda insanlar və yaşam asanlaşır. Daha gözləmirəm. Nə anamı... nə atamı...

Bilirəm, üz-gözümdən kədər tökülür. Elə bil kədərlə əl-üzümü yumuşam. Bilirəm, gözlərimə baxanda bunu hiss etmək mümkündür. Bilirəm... Hamısını bilirəm...

Bayaq bütün bunları düşünüb fikrə daldığım vaxt qoca bir qadın mənə yaxınlaşdı. “Nə olub, qızım?” – deyə saçlarıma sığal çəkdi. Daha da qəhərləndim.

Qadının hərarətli əlləri ürəyimi yandırmışdı elə bil. Bəyaz saçlı, nurani görkəmli bu qadın mehribanlıqla məni bərk-bərk qucaqladı.

Qırışlardan qat kəsmiş simasında göz yaşlarının gilələndiyini gördüm. Yalnız həmin anda bütün bu illər boyu çəkdiklərimi tam mənada, dərindən hiss etdim.

Ürəyim yanırdı. Qəhərdən boğulurdum. Yalnız iki kəlmə deyə bildim:

– Anamı istəyirəm...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG