Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:16

Novruz Məmmədovun müsahibəsi, büdcədən yayındırılan pullar


Novruz Məmmədov

Novruz Məmmədov

«ERMƏNİSTAN RƏHBƏRLİYİ MÜNAQİŞƏNİN HƏLLİNİ İSTƏMİR»

«Azərbaycan» qəzeti Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsini dərc edib. «Trend»ə müsahibəsində Novruz Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın Sevanda «Birgə» Gənclər Hərəkatının qurultayında söylədiklərinə münasibət bildirib.

«İngilis filosofu Con Toland deyib: «Yalan nə qədər qədimdirsə, bir o qədər təhlükəlidir. Deməli, o, dərin kök atıb». Əsrlər boyu erməni xalqına «Böyük Ermənistan»ın mövcud olması və həmin «Böyük Ermənistan»ın müasir Türkiyə, Azərbaycan, Gürcüstan, İran və digərlərinin ərazisini tutduğu barədə ideya təlqin olunub. Daim kiminsə himayəsi altında olmağa üstünlük verən ermənilər öz rəhbərlərinin avantürist və absurd iddialarının girovuna çevriliblər», - deyən Novruz Məmmədov qeyd edib ki, onlar riyakarcasına bu torpaqların ermənilərə məxsus olduğunu, ermənilərin əsrlər boyu orada yaşadıqlarını bəyan ediblər. Ermənistanın indiki prezidenti isə hətta ermənilərin bu torpaqlara köçüb gəldiklərini sübut edən çoxsaylı arxiv materiallarına, XIX əsrin əvvəlinə və ortalarına aid sənədlərə məhəl qoymur.

PA rəsmisi deyib ki, Ermənistan rəhbərliyinin bu münaqişənin nizamlanmasını istəmədiyinə bir daha əmin olub. Görünür, mövcud status-kvo onları qane edir. Danışıqlar onlara vaxtı uzatmaq, beynəlxalq birliyin gözünə kül üfürmək üçün lazımdır:

«Bəli, mən həm də əminəm ki, vaxt gələcək və biz məsələnin həllinin açarını tapacağıq və bu açar ermənilərin bu proseslərdəki davranışlarına adekvat olacaq».

AVROPA MƏTBUATI LEYLA YUNUSDAN YAZDI

Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi, 11 avqust 2011
«Azadlıq» qəzeti:

«Sülh və Demokratiya İnstitutunun yerləşdiyi binanın sökülməsinə dünyanın müxtəlif yerlərindən əks-səda gəlib. Norveçin «VG» qəzetində ««Avroviziya»ya bir ildən də az vaxt qalmış Bakıda hüquq müdafiəçisinin evini uçurdular» başlıqlı məqalə dərc edilib. İnstitutun direktoru Leyla Yunus qəzetə müsahibəsində bunun pul məsələsi deyil, kriminal olduğunu deyir: «Bizim düşmənimiz Bakı şəhər İcra Hakimiyyətindəki korrupsiyadır». Ötən həftə Osloda olan Leyla Yunus norveçli hüquq müdafiəçiləri və hökumət nümayəndələri ilə görüşüb.

Polşanın «Qazeta Vıborça» nəşri isə «Buldozer Azərbaycan müxalifətçilərini cəzalandırır» məqaləsi dərc edib. Qəzetin yazdığına görə, Azərbaycanın ən tanınmış hüquq müdafiəçiləri cütlüyünün ofisi olduğu evi buldozerlər dağıdıb:

«Arif və Leyla Yunus uzun illər hökumətlərə qarşı müxalifətdə fəaliyyət göstərib. Azərbaycana ən uzun müddət rəhbərlik edən Heydər və İlham Əliyevləri onlar daha çox tənqid edib. Heydər Əliyev hesab edirdi ki, Azərbaycan - o özüdür... SSRİ-nin çökməsi Azərbaycanı qısa müddətə Əliyevin əlindən aldı. Heydər Əliyevin təkrar hakimiyyətə dönüşündən yazan nəşr daha sonra hakimiyyətə yiyələnən İlham Əliyevin dövründə ölkədəki avtoritarizm, demokratiya və insan haqlarının kobud şəkildə pozulması qeyd olunur.

Yunuslar isə saxta seçkiləri, küçə yürüşlərinin dağıdılmasını, ölkədəki korrupsiyanı, hakimiyyətdən sui-istifadəni, daha sonra Bakıdakı söküntüləri tənqid edir, buna qarşı mübarizə aparırdı. Leyla və Arif Yunus evlərin qanunsuz söküntüsü, insanların köçürülməsi faktları ilə bağlı məhkəməyə müraciətlər edirdi. Onların öz evi isə «New York Times»da Leyla Yunusun İlham Əliyevin məmurlarından etdiyi şikayətdən bir gün sonra söküldü.
Dollar
Artıq Yunuslar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir».

GÖMRÜKDƏ BÜDCƏDƏN YAYINDIRILAN PULLAR

«Yeni Müsavat» qəzeti: Almaniyanın Bakıdakı səfiri Herbert Kvellenin qısa açıqlamasından bəlli oldu ki, ötən il Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin həcmi 2 milyard avro olub. 2010-cu ildə Almaniya Azərbaycana 700 milyon avro həcmində mallar, o cümlədən çoxsaylı nəqliyyat vasitələri və maşınlar ixrac edib. Azərbaycan isə Almaniyanın ən vacib neft təchizatçılarının sırasında yeddinci yeri tutur.

Qeyd edək ki, səfirin bu açıqlaması YAP-ın rəsmi saytında yerləşdirilib. Təbii ki, səfir bu aşıqlamanı verərkən öz ölkəsinin statistik rəqəmlərinə istinad edib. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə, ötən il Azərbaycana Almaniyadan 607 milyon 67 min ABŞ dolları dəyərində mal idxal edilib. Avronun dollara nisbətdə ötən ilki kursuna əsasən, Almaniya səfirinin açıqladığı 700 milyon avro təxminən 980 milyon ABŞ dolları edir. Beləliklə, dəhşətli fərq ortadadır - təqribən 373 milyon dollar!

Bu, təkcə bir xarici ölkədən idxalı edilən malların gömrük sənədləşdirilməsində yaranan fərqdir. Hesablamaq çətin deyil ki, ölkənin xarici ticarət əməliyyatlarında hansı həcmdə maxinasiyalar həyata keçirilir.

Yada salaq ki, Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında ön yerləri tutmur. İlk yerlər İtaliya (ixracın 34 faizi bu ölkənin payına düşür), Rusiya və Türkiyəyə məxsusdur. Deməli, bu ölkələrlə ticarət münasibətlərində də yüz milyonlar dövlət büdcəsindən yayındırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG