Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağı təkcə rahat və səliqəliliyi ilə deyil, eyni zamanda divarlardan asılmış məlumatlarla diqqəti çəkir. Burada hara necə müraciət etmək qaydalarından tutmuş, vətəndaşı qəbul edəcək səlahiyyət sahibinin telefon nömrəsi və digər bilgilər də var.

Divarın bir tərəfi ilə uzanıb gedən şüşə örtüklü uzun çərçivənin içərisində isə nazirlikdə maşın növbəsinə dayanan əlillərin siyahısı qeyd olunub. Növbədə adının neçənci, yaxud kimdən əvvəl və ya sonra olduğunu bilmək istəyirsənsə, heç kimə müraciət etmədən, gəl bu siyahıya bax, get. Qəbul otağının sağ yuxarı küncündəki müşahidə kamerası nəzərə alınmasa, burada heç bir xüsusi nəzarət gözə dəymir. Bəlkə elə buna görə idi ki, gözləmə otağında dayanıb nazirliyə üz tutan vətəndaşlarla söhbət etmək, onların problemlərini öyrənmək o qədər çətin olmadı.

EV İSTƏYƏN ŞİKAYƏTÇİ

Qəbuldan çıxan Şabran rayon sakini Bənövşə Babayeva bizi görən kimi yaxınlaşıb problemini danışır. Deyir ki, həyat yoldaşı Babayev Namiq 2-ci qrup Qarabağ əlili olduğundan 2008-ci ilin iyununda Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsində İsrafil Mikayılov adlı şəxs sənədlərini alıb adlarını ev növbəsinə yazıb. Amma bu günəcən, hələ də onlara ev verilmir:

“Bizim üstümüzdə Şabran rayonunda ikimərtəbəli evlər tikdilər, payladılar, satdılar, neylədilər, özləri bilərlər. Amma bizə ev vermədilər. Bu ilin iyun ayında deyirdilər sizi təzə evə köçürəcəyik. İyunun 12-də yoldaşım vəfat etdi, ürəyi dayandı. İndi də mənə deyirlər ki, “get Füzuli Ələkbərovun idarəsinə, ondan öyrən gör, sənə ev düşür ya yox?” Burada da bir oğlan məni qəbul edib dinlədi. Dedi “bura belə bir sənəd gəlib çıxmayıb”. Bilmirəm nə oyundur gətirirlər mənim başıma. Tək qalmışam, işığım da yoxdur”.

Bənövşə Babayeva
Bənövşə Babayeva deyir ki, övladı da yoxdur. Ona bir otaq da versələr razıdır. Təki versinlər. Deyir nazirlikdə onu qəbul edən şəxs Şabran rayonu ilə əlaqə saxlayıb. Sənədlər barədə soruşub. Sonra məsələni aydınlaşdırıb tezliklə ona məlumat verəcəyini deyib.

“ADINI BİLMƏDİM”


Onu da deyim ki, burada qəbulda olanlardan “kiminlə görüşdünüz?” deyə soruşanda qəbuluna düşdükləri məmurun adını bilmədiklərini deyirdilər. Elə 83 yaşlı Bakı sakini Rəhman Məmmədov kimi:

“Bura birdəfəlik sosial yardım üçün müraciət etməyə gəlmişdim. Dedilər ki, “get sənədlərini gətir baxaq”. Bilmədim kim idi. Adını, soyadını soruşmadım. Bir yoldaş idi”.

İŞ AXTARANLAR VƏ PENSİYA PROBLEMİ

Gözləmə otağında əyləşib ərizə yazan iki gənc xanıma yaxınlaşırıq. Deyirlər vakant iş yerləri ilə əlaqədar gəliblər. Yazdılar-pozdular, içəri keçib bir qədər ləngidikdən sonra qayıtdılar. Əhvalları pis deyildi. Deyəsən ümidverici cavab almışdılar.

Bir az əvvəl qəbula gələn Füzuli rayon sakini, 62 yaşlı Əyyam Heydərov isə oğlunu işə düzəltmək istədiyini deyir:

“Problemlər çoxdur. Amma mən bura oğlumun ixtisasına uyğun olaraq işlə təmin edilməsi üçün gəlmişəm. Yəqin ki, düzələr. Oğlum ali təhsilli mütəxəssisdir. Regionşünasdır. Bir həftə olar müraciət etmişəm. Əslində özləri deyib xəbər verəcəyik. Mən bir neçə gün tez gəldim ki, görüm bir xəbər yoxdur? Dedilər düzələcək. Amma görüşdüyüm adamın adını bilmədim”.

Əyyam Heydərov
Əyyam Heydərov deyir ki, onun oğlunun işi düzələr. Əsl problemsə pensiya məsələsidir. Bankomata boşuna gedib gəlməkdən bezib. Pul kartına köçürüləndə bankomat boş olur, bankomatda pul olanda isə karta pul köçürülmür.

Yeri gəlmişkən deyim ki, qəbula nə üçün gəldiklərini söyləmək istəməyənlərin bəziləri də pensiyalarını qaydasında ala bilmədiklərindən gileylənirdilər.

NAZİRLİYİN VEB SAYTINDA NƏLƏR VAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnternet saytında yerləşdirilən məlumata görə, bütün iş günləri ərzində nazirlikdə vətəndaşların qəbulu təşkil edilir. Qəbul Ümumi şöbə tərəfindən tərtib olunmuş xüsusi cədvəl əsasında mütəxəssislərin iştirakı ilə həyata keçirilir. Məlumatda o da qeyd olunub ki, vətəndaşlar bazar ertəsi nazir, çərşənbə axşamı və cümə günü isə nazir müavinləri tərəfindən qəbul edilirlər.

Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin vətəndaşların qəbulu sektorunun müdiri Heybət İmanov deyir ki, onlara müraciət edən hər bir vətəndaşın qeydiyyatı aparılır. İddia etdiyi iş üzrə vəzifəli şəxslərlə görüşü təyin olunur və həmin məsələnin icrasına müvafiq müddət ərzində baxılır.

SOSİAL YARDIM ÜÇÜN ELEKTRON MÜRACİƏT

“Qeydə alındıqdan sonra, vətəndaşın sorğu, müraciət, təklif və ya şikayətinə uyğun olaraq müvafiq rayon və şəhər əhalinin sosial müdafiə mərkəzlərindən məlumatlar toplanılır. Və müvafiq olaraq da onun sorğusu cavablandırılır. Əgər müəyyən olunursa ki, ərizə-müraciət, sorğu, şikayət və sairədə göstərilən iddia vətəndaşın qanunu haqqıdır, onun hüququ bərpa olunur. Əgər hər hansı problem olursa, yenə də yazılı şəkildə vətəndaşa məlumat verilir. Məsələn, müraciət ünvanlı sosial yardımla başlıdırsa, izahlı şəkildə bildirilir ki, filan səbəbdən həmin yardım sizə düşür ya düşmür”.

Heybət İmanovun sözlərinə görə, nazirlik artıq vətəndaşların alternativ müraciət formasının yeni layihəsini hazırlayıb. Həmin layihədə ünvanlı sosial yardım üçün elektron müraciət forması hazırlanıb ki, bunda da məqsəd əhaliyə göstərilən xidmətin daha da təkmilləşdirilməsindən ibarətdir.

Sektor müdiri deyir ki, artıq iki pilot rayonda – Balakən və Cəlilabadda bu layihənin sınaqdan keçirilməsinə start verilib. Artıq vətəndaşlar İnternet vasitəsilə ünvanlı sosial yardım üçün müəyyən edilmiş qaydalarla tanış ola bilərlər. Həmin qaydalar üzrə özünü aztəminatlı hesab edən hər bir vətəndaş nazirliyə müraciət edə bilər. Sənədləri həmçinin yaşadıqları ərazi üzrə poçt məntəqələrindən də göndərə bilərlər. Sənədlərə baxılıb onlara cavab veriləcək. Əgər iki rayonda uğurlu nəticə əldə olunsa, növbəti ildən layihənin bütün respublika üzrə tətbiqi nəzərdə tutulur.
XS
SM
MD
LG