Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Divarımda bir salxım keçiməməsi


"Gənclik şeirləri" rubrikasında Abbas Abdulla... "Bir anamı çox sevirdim, bir də Tofiq Fikrəti"... "Bir məclisdə “sağlığıma” içdi bir nəhs oğlu nəhs..."



Abbas Abdulla


Nekroloq

Atamın xatirəsinə

Milyonlardan biriydim,
Qoçaq idim –
hamı kimi yox.
Qorxaq idim –
hamı kimi yox.
Ömrümü oğurladı tufanlardan biri –
neçə-neçə tufandan biri.
Yaş yalanın tufanına yandım,
Yaş yalan –
neçə-neçə yalandan biri.
Bir təbəssüm apardım özümlə
Acı bir təbəssüm.
Məni yaşayan insan!
O təbəssümdən özünü gözlə!
O təbəssüm –
neçə-neçə təbəssümdən biri.
Bir uzunsaçlının saçı
məndən qalan xatirə.
Xatirə - acı-acı
neçə-neçə xatirədən biri.
Bir göz itirdim
saçın rəngli,
Xəzər ahəngli.
O göz –
adi gözlərdən deyildi.
Ürəyimdə bir Günəş yaşardı,
Onun hərarəti
Məni zindandan qurtardı.
O da adi Günəş deyildi.
Bunu bir mən yox,
milyonlar bilirdi.
Bir anamı çox sevirdim,
Bir də Tofiq Fikrəti.
...Oğlum daha çox sevəcək
Nazim Hikməti.
Qınamayın bizi yaradan təbiəti.

1968


“Aylar” silsiləsindən

Sentyabr

Sentyabr
bir salxım üzüm asdı
divarımdan –
gilələri dupduru,
yupyumru,
pişik gözü kimi.
Açdım təqvimi:
varağı –
tənək yarpağı.
Tənək yarpağı –
ayı pəncəsi.
Divarımda bir salxım keçiməməsi.

Dekabr

Dumana büründü dağ-dərə
qar yağmadı,
ləpir yağdı meşələrə -
irili-xırdalı
çeşid-çeşid.
Ovçu çiynində tüfəng,
yanında it,
bərədə rahatladı yerini.
Ovçunu çaşdırmaq üçün
ləpirlər uddu bir-birini –
pələng ayı ləpirini,
ayı dovşan ləpirini.

Ləpirlər azaldı,
onun torbası doldu,
Ardı-arası kəsilmədi
meşəyə çovuyan güllələrin,\
Yazıq heyvanların
gəldi ömür qışı.
Meşələrə qar yağmadı,
yağdı güllə yağışı.


Etiraf

Nə vaxtsa ürəyim yadımdan çıxıb,
Hardasa, kiminsə yanında qalıb.
Evə qayıtmışam, gülüm, ürəksiz
Üzümə baxmısan səssiz-səmirsiz,
Buludtək boşalıb-dolub gözlərin,
Titrək dodağına donub sözlərin:
“Beləmi əzizlər sevən-sevəni”
Bağışla məni.

Gözümü bir qızın gözündə görsən,
Bir anlıq günahı özündə gör sən –
Qoruya bilmirsən niyə sən məni?!
Geriyə qaytarmaq istəsən məni,
Amandır, amandır, dönüb mən olma!
Sən allah, sən allah, deyingən olma,
Tez-tez yada salma olub-keçəni
Bağışla məni.

Bilsən ki, gedirəm, uzaqdır səfər,
Mənsiz mənli olmaq öyrən birtəhər
Evə-eşiyə də bağlan ürəkdən.
Unuda bilsəm də mən səni hərdən
Bir cüt qız balamı unudammaram –
Arzunu, Aydanı unudammaram.
Nolar gülərüzlə qarşıla məni,
Bu etirafımda çox gecikmişəm
Bağışla məni...

Bakı, 1969


Qala divarlarının nəğməsi

Qucağımda Dünənimi aparıram Sabaha,
Dünənimə nağıl demə, Sabahıma əfsanə.
Bircə ovuc torpağımı ovcunuzla sıxın siz
Nənələrin göz yaşında Dünənimə axın siz.
Zaman ovmuş daşlarıma, daş deməyin aldanıb.
Babaların yumruqları bir-birinə calanıb!

1963


Dağlar... insanlar


Dağlara baxıram, dağlara
Vüqarlı, ulu dağlara.
Dağ olmaq istəyirəm
Eh... dağ hara, mən hara?!

Dağların başında yurd salan,
dağlardan yüksəyə ucalan
dağ vüqarlı insanlar
dağ deyilmi, deyirsən?

Nə deyim, qardaş,
onu dağın özündən soraqlaş,
onda bilərsən.
Səndən, məndən dağ olarmı?
P.S.
Görəsən dağların da paxılı varmı?

1965


Göy göl

Gözündən nur alıb dan ulduzunun
Qoca Kəpəzimin yaşıdı Göy göl.
Bir ceyran baxışlı Gəncə qızının
Qızıl üzüyünün qaşıdı Göy göl.

Ahından yanmadı zaman Əslinin,
Bürüdü yolunu duman Əslinin,
Kərəmin oduna yanan Əslinin
Bəlkə də gözünün yaşıdı Göy göl.

Ona bağışlanıb ətri güllərin,
Açıq süfrəsidir bizim ellərin,
Bütün dənizlərin, bütün göllərin
Qövsi-qüzeh taclı başıdı Göy göl.

1963


Sağlıq

Bir məclisdə “sağlığıma” içdi
bir nəhs oğlu nəhs:
- Yüz əlli il ömr eləyib filankəs,
sən də yaşa o qədər.
Boşaldı qədəhlər.
Bir demədi bu nəhs oğlu nəhs
ömrün bütün günlərini
yaşayıbmı filankəs?
Özündən başqa bir adamın qayğı yükünü
daşıyıbmı filankəs?
Yaşayıbmı görəsən?
Kimlərdən seçilib dəst-xətti?
Hansı meyarla ölçülüb ömrünün həddi?
Rüşvətilə hədiyyəsinin,
hörmətilə yaltaqlığının
sərhəddi olubmu?
Sevinciylə bərabər
dərdi olubmu?
Bir məclisdə “sağlığıma” içdi
bir nəhs oğlu nəhs:
- Yüz əlli il ömr eləyib filankəs...

1968


Nazimin heykəli

Nazim Hikmətin əsərləri
Bolqarıstanda türk dilində
nəşr olunur.


Nazimin heykəli Sofiyada
dünyaya baxır gülə-gülə,
Qoltuğunda səkkizcildliyi;
(İkicəciyi çıxıb hələ).

Nazimin heykəli İstanbulda
qoltuğunda yazılmamış bir kitab,
dodağında donmuş bir cüt söz:
Türkiyə! İnqilab!

Nazimin heykəli Parisdə
yağmurluğu qolunun üstdə.

Nazimin heykəli Bakıda,
Kiyevdə, Tiflisdə, Üsküpdə.

Nazimin heykəli Qara dənizdə
Moskvada Nazimin heykəli!

hər yerdə, hər yerdə
Vətənə uzanıb Nazimin əli.


Çəmənlərin nəğməsi

Baharda göyəririk...
Dünyaya sıravi əsgər kimi gəlirik –
ayaq üstə - əmrə müntəzir.
Üstümüzdən mart küləyi əsir,
qoşun-qoşun səpilirik düzlərə,
sığınırıq anamız Yerə.
Göylər pay alır göylüyümüzü,
Bəlkə də yaşayardıq bütün ömrümüzü,
göylərə boy atardıq,
sürülər, naxırlar olmasaydı,
Birinci paxıllar olmasaydı...

1969

Bu rubrikadan həmçinin oxu
Vaqif Səmədoğlu
Əli Kərim

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG