Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:15

Aşıq Alı. Təcnislər



AY ÜZƏ-ÜZƏ

Hicranım, möhnətim, dərd ilə qəmim
Az qalıb canımı ay üzə, üzə.
Namərdin fitnəsi alır canımı,
Heç demir canımı ay üzə-üzə.

Qəvvas kimi dəryalara dalmışam.
Şirin canım kəməndinə salmışam.
Qərq olmuş gəmiyəm, burda qalmışam,
Sonalar çalxanır ay üzə-üzə.

Alıyam, axtarram həqiqi dostu,
İlqarın bütünü həqiqi dostu.
Müxənnət olmasa həqiqi dostu,
Dost deyər sözünü ay üzə, üzə.


DAMI DA YANSIN

Uçubdu könlümün dəri, divan,
Bir sütun vurgunan damı dayansın,
Hər kim dostdan dosta yaman qandırsa,
Qiyamət oduna damı da yansın.

Dedim: könül, bir qayıtsan özünə,
Bir baxgınan mənə, bir də özünə,
Axirətdə bir ev tiksən özünə,
Uçmasın başına, damı dayansın.

Deyər Aşıq Alı acar ovluya,
Zənbur şirə çəkə, acar ovluya,
Bir dost səni qoyub acar ovluya,
Od vur qapısına damıda yansın.


DE BİR ÜZ-BİR ÜZ

Vaxt məni tulladı qəm dəryasına,
Ovçuyam gəzirəm de bir üz-bir üz.
Leyli müştağıyam düşdüm odlara,
Yetirin loğmana, de bir üz-bir üz.

Fərhad sevdi Şirin yarın kamalın,
Kərəm sevdi Əsli yarın kamalın,
Ürək istər, könül deyər kam alım,
Göz-gözə baxanda de bir üz-bir üz.

Alıyam, xəyalım kəc dolanırdı,
Xosrov da başında tac dolanırdı,
Məcnun Leyli deyib ac dolanırdı,
Almadı Leylidən de bir üz-bir üz.


DAL-DALA

Yaz açılcaq gəl çiçəyin seyrinə,
Təbib deyər qoy tökülsün dal-dala.
Bu dünyada şir də yalqız olmasın,
Qardaş gərək cüt dayana dal-dala.

Müxənnət göz qoymaz dala, qabağa,
Hərcaydar heç çıxmasın qabağa.
Yaxşı köhlən cəhd eləyər qabağa,
Yaxşı iyid fikir verər dal-dala.

Xudam məni tək yaradıb, təkbətək,
Gecə-gündüz fikr elərəm, təkbətək.
Aşıq Alı, çək döşünə təkbətək,
Müxənnətdən çək ətəyin, daldala.


AYA QALMASIN

Bimürvət yar məni candan eylədi,
Tutubdu dəstində ayaq almasın.
Girdim dostun baxçasına seyr etdim,
Görmədim bağında ayaq almasın.

Mirzəsisən oxu dərsin haraya,
Bayram ayı demək olmaz hər ayə,
Şahi-Mərdan, özün yetiş haraya,
Düşmən bu günümdə ayaq almasın.

Deyər Aşıq Alı yara bağlıya,
Yaxşı təbib gərək yara bağlıya,
Bir yar meylin qeyri yara bağlıya,
Həftə tamam olsa, aya qalmasın.


AYƏ MƏNDƏDİ

Bu gün seyraqubdan bir söz eşitdim,
O söz dostdan deyil, ayə məndədi.
Dedim: nədir sədrin üstə bəslərsən?
Dedi: tifil ikən, ayə, məndədi.

Sevdiciyim təzə geymiş buxara,
İnsafdımı bülbül baxa bu xara?
Gəşt eylədim Bəsrə, Bağdad, Buxara,
İndi də gəlişim a Yəməndəndi.

Aşıq Alı pirdən içdi nə cami,
Nə axunddu, nə molladı, nə cami...
Nə Firdovsi, nə Səyyadi, nə Cami?
Təcnis, sinədəftər, ayə məndədi.


AYAĞI BELƏ

Bimürvət yar məni candan eylədi,
Tutubdu dəstində ay ağı belə.
Can deyən dostlarım, can qardaşlarım
Olubdu canıma a yağı belə.

Dar günümdə yetiş dedim, ay ağa,
Müxənnətə göydən bala a yağa.
Bir iyid ki, enə başdan ayağa
Kəsilər dostların ayağı belə.

Ah deyər ömrüm sinə yetəndə,
Oxudum dərsimi sinə yetəndə.
Vədəm tamam olub, sinə yetəndə
Bükəllər qəddimə ay ağı belə.


BAŞA-BAŞ

Dost odur ki, öz dostunnan dost ola,
Düşməninnən düşmən ola başa-baş.

Əzizinəm başa-baş,
Oxu dərsin başa-baş.
Bədəsildən qaç qurtar,
Ayaq götür başabaş.

"Can!" deyənə "Can!" – deyinən mərdana,
Baş qoyanın qoy yolunda başa baş.

Aşıq gərək bu meydanda bir qala,
Oxugunan bu dərsini bir qala.

Mən aşıq qala-qala.
Dikilib qala-qala.
Cavan ömrüm çürüdü,
Qürbətdə qala-qala.

Ağlayana can vermərəm nə qala,
Baş verənə mən verərəm başa baş.

Aşıq dərdin kim yetirər sənə, yar,
Oxudunmu bu dərdimi sən, a yar?

Aşıq deyər sənə, yar,
Qurban olum sənə, yar.
Tarix keçsə qoy keçsin
Ömür elə sən, a yar,

İstəyirsən yaxa yırtıb, sinə yar,
Əl çəkmərəm olsam candan başa-baş.

Aşıq Alı, həzar dərdə davadı,
Bir dərdim var həzar dərdə davadı.

Yox, aşıq, dava gəzər
Xestələr dava gəzər.
Əsil çay-çörək verər,
Bədəsil dava gəzər.

Davaçısan bu meydanda davadı,
İstəyirsən kəllə vuraq başa-baş.


AĞ DAMAR-DAMAR

Dört çahar fəslində ovum ovladım,
Tor gəldi gözümə ağ damar-damar.

Mən aşiqəm yağ damar,
Piltə yanar, yağ damar,
Ürəyimə od düşər,
Sinəm başı sızıldar.

Dedim könül müxənnətdən kənar gəz,
Qatar xörəyinə ağ damar-damar.

Çeşmin cəllad, qaşın almaz olubdu,
Heyva təki saralıbdı, solubdu,

Mən aşiqəm solubdu,
Saralıbdı, solubdu
Yarı yardan ayırmaq,
Müxənnətdən olubdu.

Mən çəkdiyim cəhənnəmin odudu,
Yanar ürəyimdə yağ damar-damar.

Alıyam, sinəmi çarpaz dağlaram,
Loğman olub yaraların bağlaram.

Mən aşiqəm yara mən,
Yetirmədim yara mən
Dərdə dərman olmadı,
Eyləmədim çara mən.

Bahar buluduyam coşub ağlaram,
Bağban da bəsləyir bağ damar-damar.
XS
SM
MD
LG