Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:53

İş yerləri, məşğulluq idarələri və işsizlər ordusu


Bakıda əmək yarmarkası, noyabr 2008-ci il
Bakıda əmək yarmarkası, noyabr 2008-ci il
“Bekarçılıqdan nərd oynayırıq. İş olsa, günün günorta çağı oturub nərd oynamazdıq. Heç oyunda da əlim gətirmir”.

Təxminən 40 yaşlı Oqtay Axundov deyir ki, günləri beləcə nərd oynamaqla keçir. O, əli ilə yolun o tayına – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasına işarə edərək deyir ki, iş üçün müraciət etmədikləri yer qalmayıb, amma bir xeyri yoxdur:

“Bu mərkəzlərə müraciət etmişik. Şəxsiyyət vəsiqəmizin surətini alıblar, telefon nömrələrimizi götürüb deyiblər ki, özümüz sizinlə əlaqə saxlayacağıq. Hələ heç bir dəfə də olsun bizimlə əlaqə saxlamayıblar”.

“PULUN, ADAMIN OLMASA ÇƏTİN İŞ TAPILA”

Azərbaycanda işsizlik probleminin həlli məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində Məşğulluq İdarəsi yaradılıb. İdarə əmək yarmarkası, əmək birjaları təşkil edir. Həmçinin məşğulluq mərkəzində qeydiyyatdan keçən vətəndaşlara vakant iş yerləri haqda məlumatlar verilir. Hazırda Azərbaycanın müxtəlif şəhər və rayonlarında Məşğulluq İdarə və Mərkəzləri yaradılıb. Təkcə Bakıda ondan artıq belə mərkəz fəaliyyət göstərir.

Baş Məşğulluq İdarəsinin qəbul şöbəsində rastlaşdığım Bakı sakini Hüseyn Axundov deyir ki, bir neçə ay əvvəl sənədlərini təqdim edəndə ona deyiblər ki, tezliklə əlaqə saxlayacaqlar:

“Amma hələ bir dəfə də əlaqə saxlamayıblar. Onunla bağlı gəlmişdim. Dedilər ki, iş yoxdur, iş olan kimi sizinlə əlaqə saxlayacağıq”.

Başqa bir şikayətçi Süleyman Əsədov isə deyir ki, bir neçə ildir ki, övladlarını işə düzəltmək üçün döymədiyi qapı qalmayıb. Ona da bənzər cavab verilib:

“İş hardan olsun? Nə bir zavod var, nə də bir fabrik. Yalandan guya zavodlar açılır, 20-25 nəfəri işə götürürlər, o da öz tanışları olur. Mənim oğlum universiteti bitirib, qızım isə tibb texnikumunu. Onları işə düzəltmək üçün döymədiyim qapı qalmayıb. Pulun, adamın olmasa çətin iş tapıla”.

“VƏZİFƏ, TORPAQ İSTƏMİRƏM”

Sovet vaxtı şöbə müdiri işləyən, ali təhsilli mühəndis Şahin Babayev deyir ki, çalışdığı zavod bağlanandan bəri işsizdir:

“2001-ci ildə Suraxanı rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. 2002-ci ildən bəri prezidentə, əmək və əhalinin sosial müdafiəsi nazirinə, Baş Məşğulluq İdarəsinin rəisinə, yerli icra hakimiyyətinə, hətta beynəlxalq təşkilatlara da müraciət etmişəm. Mən nə vəzifə, nə pul, nə torpaq istəyirəm. Sadəcə ailəmi dolandırmaq üçün bir mühəndislik işi istəyirəm. Mən konstitusiya ilə təsbit olunmuş haqqımı tələb edirəm. Bu icra strukturlarında çalışanlar Azərbaycan vətəndaşlarına qarşı mənəvi soyqırım siyasəti aparırlar. Qapılarının ağzında saatlarla ac-susuz gözlədirlər, nə “hə”, nə də “yox” deyirlər”.

EVƏ QAYITMAĞA 20 QƏPİYİ OLMAYAN “QUL BAZARI” SAKİNLƏRİ

Şahin Babayev ailəsini dolandırmaq üçün əlacsızlıqdan qul bazarında iş axtardığını deyir.

“Gedirəm qul bazarına. Qum, daş daşıyıram, 3-5 manat pul qazanıram. Elə olur bir neçə gündə heç bu da olmur. İnsanların 50-60 faizi acından qırılır. Mənimlə birlikdə qul bazarında dayananların əksəriyyəti bu vəziyyətdədir. Evlərinə qayıtmaq üçün bir-birindən 20 qəpik borc alırlar. Bu televiziyalarda yeni iş yerlərinin yaradılması ilə bağlı verilən məlumatların hamısı yalan, reklam xarakterlidir. Əgər elə olmasaydı, mən - ali təhsilli mühəndis 10 ildən artıq niyə iş tapa bilmirəm?”
Ağahüseyn Pirverdiyev: "köhnə iş yerlərini də bağlayırlar"


Şəhərin mərkəzində yol qırağında, diqqəti çəkməmək üçün ağacın altında mis qab-qacaq satan Ağahüseyn Pirverdiyev isə deyir ki, yeni iş yerlərinin açılması bir yana, əksinə köhnə iş yerlərini də bağlayaraq camaatı işsiz qoyublar:

“Mən 1992-ci ildən bəri ticarətlə məşğul olmuşam. Obyektimi sökdülər. Onun yerinə başqa yer də vermədilər. Həmin vaxtdan işsizəm. Yerli icra hakimiyyətinə, məşğulluq mərkəzinə iş üçün müraciət etmişəm, deyirlər ki, iş yoxdur. Olanda da aylıq əmək haqqı yüz manata ya xarrat işi, ya da gözətçi”.

40 MİN NƏFƏR İŞSİZ KİMİ RƏSMİ-QEYDİYYATDADIR

2011-ci ilin ilk 8 ayı ərzində Dövlət Məşğulluq Xidməti orqanlarına 31 min 235 nəfər müraciət edib. Onlardan 2 min 690 nəfər işsizlik müavinəti alır.
Bu il 14 min 217 nəfər işlə təmin olunub. 40 119 nəfər işsiz kimi qeydiyyatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri İlham Məmmədovun sözlərinə görə, iş üçün müraciət edənlərə əsasən menecer, mütəxəssis, nəzarətçi, mühəndis, satıcı, tornaçı, çilingər, operator, tikişçi, fəhlə və s. iş yerləri təklif olunur. Təklif olunan iş yerləri üzrə əməkhaqları isə minimum 150, maksimum 800 manatdır.

“Biz ötürücü, vasitəçi rolunu oynayırıq. Müəssisələr işçi axtarır, biz də işsiz vətəndaşları həmin müəssisələrlə əlaqələndiririk. Narazı və ya razı qalanların olması təbiidir. Amma ümumilikdə götürsək, müraciət edənlərin böyük əksəriyyəti işlə təmin olunub və böyük əksəriyyət razı qalıb”.

“YENİ İŞ YERLƏRİ İLƏ BAĞLI STATİSTİKA ŞİŞİRDİLİR”
İqtisadçı Rövşən Ağayev


İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, əlaqələndirici dövlət orqanında yeni iş yerləri haqda məlumat yoxdursa, deməli, ölkədə yeni iş yerləri yoxdur.

“Əgər hökumətin son bir neçə ildə ölkədə 1 milyona yaxın yeni iş yerinin açılması ilə bağlı məlumatı realdırsa, bu, özünü bir neçə istiqamətdə göstərməlidir. Birincisi, ölkədən kənara əmək miqrantları axın etməzdi. İkincisi, ölkədə büdcəyə ödənilən gəlir vergisi və sosial müdafiə fonduna ödəmələr, xüsusən də yerli özəl sektorun ödədiyi sosial ayırmalar artmalı idi. Amma əksinə dövlət büdcəsinə daxil olan gəlir vergiləri azalıb, yerli sosial sektorun ödədiyi sosial ayırmalarda isə ciddi dəyişiklik yoxdur. Üçüncüsü, ölkədə məhsul bolluğu yaranmalı idi. Ölkənin ərzaq sənayesi ilə xarici idxaldan asılılığı azalmalı idi”.

RƏQABƏTLİ SAHİBKARLIQ MÜHİTİ YARADILMALIDIR

Rövşən Ağayev hesab edir ki, bu sadaladıqlarının heç biri baş verməyibsə, demək dövlət yeni iş yerləri ilə bağlı statistikasını şişirdir. Onun fikrincə, ölkədə işsizlik probleminin həll edilməsi üçün rəqabətli sahibkarlıq mühitinə əsaslanan iqtisadiyyat yaradılmalıdır

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarım ili ərzində ölkədə 43 min yeni iş yeri yaradılıb, onlardan 32 mini daimidir.

Ümumilikdə isə 2003-cü il oktyabrın 1-dən 2011-ci il iyulun 1-dək ölkədə 956 mindən çox iş yaradıldığı deyilir. Onların da 687 mindən çoxu daimi iş yerləridir. Yeni yaradılmış iş yerlərinin 78,8 faizi regionlarda, 87,4 faizi qeyri-dövlət sektorunda açılıb.
XS
SM
MD
LG