Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17
Avqustun 15-də Gəncənin Nizami küçəsində yerləşən 120 yaşlı tarixi bina dağıdıldı. Ətrafda yaşayan sakinlər deyirlər ki, ora gələn polislər bu barədə onlara elə söküntü günü məlumat veriblər. Bina Gəncənin xüsusi memarlıq üslubunda tikilmişdi.

Şəhər ziyalısı Həsən Hüseyinli deyir ki, Gəncənin milli simasına uyğunlaşan belə binanı bir günün içində sökmək düzgün deyil və bu məsələ ictimaiyyətin müzakirəsinə verilməli idi:

«Şəhərdə az- çox tarixi əhəmiyyəti olan binanın sökülməsindən söhbət gedirsə, heç olmasa əhalinin rəyi öyrənilməli idi. Bildirilməli idi ki, binanın şəhərin bu hissəsində qalmasına razıyıq ya yox? Bir günün içində qərar qəbul edib bir binanın şəhərdən silinməsi düzgün deyil. Memarlıq binası kimi tanıdığımız bina həqiqətən şəhərin stilinə uyğun, 100 ildən çox yaşı olan tarixi bina idi. Qədim kərpiclərdən tikilmişdi. Gəncə də bu cəhəti ilə seçilib. Mən şəxsən bir nəfərin göstərişi ilə şəhərin görkəminə fərq gətirən əməliyyatın aparılmasına etiraz edirəm».

«XARİCDƏN GƏLDİM Kİ, EVİMİ SÖKÜBLƏR»

Sökülən tarixi binanın arxasındakı ümumi yaşayış evinin də söküləcəyi barədə icra strukturlarından məlumat aldıqlarını deyən sakinlər, kompensasiya ala bilmək ümidi ilə müsahibə verməyə ehtiyatlandılar. Adının çəkilməsini istəməyən bir nəfər deyir ki, Nizami küçəsində olan evini icarəyə verib xaricə gedibmiş. Qayıdanda görüb ki, evi dağıdılıb.

ŞƏHƏRİN BAŞ PLANINA UYĞUN OLMAYAN TİKİLİLƏR SÖKÜLƏCƏK

Gəncənin baş memarı Allahverdi Əliyev deyir ki, bu söküntülər şəhərin yeni baş planına əsasən reallaşır. O, bildirir ki, Memarlar İttifaqının binası kimi tanınan, 120 ildən çox yaşı olan bu bina tarixi abidələr siyahısında olmayıb. Deməsinə görə, əhəmiyyətsiz hesab olunan bu bina şəhərin yeni baş planına uyğunlaşmırmış:

«Cənab prezidentin tarixi binaların siyahısının dəqiqləşdirilməsi barədə sərəncamı var. Həmin binalar dəqiqləşdirilir, təkliflərə baxılır. Biz hazırda Gəncə şəhərinin inzibati mərkəzinin planı üzərində işləyirik. Həmin mərkəzdə uçuq- sökük, qəzalı binalar götürülür. İnzibati mərkəzdə hansı binalar yerləşdiriləcək, hansılar bu inzibati mərkəzə yaramır, onu müəyyənləşdirmişik. Həqiqətən də yararsız binalar sökülür. O, tarixi bina deyil».

Səyyaf Sədnikoğlu
İCTİMAİ MÜZAKİRƏ LAZIM İDİ

Əvvəllər Gəncə şəhər Tarix Mədəniyyət Qoruğu İdarəsinin rəisi işləmiş tarixçi etnoqraf Səyyaf Sədnikoğlu deyir ki, sökülən 120 yaşlı bina1989-cu ildə yerli əhəmiyyətli tarixi bina kimi qeydiyyata alınıb. Etnoqraf da deyir ki, bu bina həm də memarlıq üslubuna görə Gəncənin tarixi ilə səsləşirdi:

«Haqqında söhbət gedən bina 100-dən artıq yaşı olan qədim bir binadır. Onu vaxtilə 89-91-ci illərdə varlı bir şəxs almışdı. Şəhərin baş memarı mərhum İmamquliyev məsələ qaldırdı ki, bura abidədir və o, şəxsi mülk kimi satılıb- alına bilməz. Həmin şəxsdən alındı. 1989-cu ildə ilk dəfə Gəncədə abidələrin siyahısı aparılarkən biz onu abidə kimi siyahıya almışdıq. Ölkə əhəmiyyətli abidələrin sökülməsi, konservasiya olunması ölkə prezidentinin, baş nazirin icazəsi ilə olur. Amma yerli əhəmiyyətli abidələrdə hər bir sahənin nümayəndələrindən ibarət xüsusi şura olmalıdır. Onun əhəmiyyəti müzakirə olunmalıdır. Qərarsız nəyisə sökmək mümkün deyil. Məhkəmənin qərarı olmadan bu cür söküntülərin aparılması mümkün ola bilməz. Maraqlı kompozisiyada tikilmiş bina idi. Forma etibarı ilə təkrarsız idi».

TARİXİ ABİDƏLƏR SİYAHISINDA

Gəncənin baş memarı Allahverdi Əliyev binanın tarixi abidə kimi qeydiyyatda olmadığını desə də, bina həqiqətən də tarixi abidələr siyahısındadır. Belə ki, Mədəniyyət İdarəsinin tarixi abidələrin qeydiyyatı kitabçasında avqustun 15-də sökülən binanın qeydiyyatı var. Burada göstərilir ki, bina 19-cu əsrə aiddir. İşçilərin deməsinə görə, siyahı 5 ay əvvəl yenidən təsdiqlənib. Siyahıda binanın orta vəziyyətdə olduğu göstərilib.

Tarixi binanın sökülməmişdən əvvəl görüntüsü
Şəhərdə kimə yaxınlaşdıqsa tarixi binanın nə üçün sökülməsindən xəbərsiz olduqlarını dedilər. Bu barədə xəbər tutmaq, ictimaiyyəti məlumatlandırmaq və ya şəkil çəkmək istəyənlər isə söküntü gedən ərazini qoruyan polisin təzyiqinə məruz qalır. Jurnalist Təhminə Tağızadə deyir ki, polis ona binanın sökülməsini videolentə almağa imkan verməyib.

ALMANİYA NÜMUNƏSİ

Gəncədə bir qeyri-hökumət təşkilatında işləyən Leyla Əliyeva isə deyir ki, xarici ölkələrdəki dostları Azərbaycanda baş verən kütləvi söküntü işlərini və insan haqlarının pozulmasını heyrətlə izləyirlər:

«Onlar bu məsələlərlə bağlı təşvişlə sual verirlər. Hal-hazırda Almaniyada olan dostum deyir ki, Almaniyanın bir şəhərində yerləşən 1914-cü ilə aid tarixi bina 2-ci dünya müharibəsi zamanı dağıntılara məruz qalıb. Lakin insanlar binanın tarixin nişanəsi kimi qalması üçün əllərindən gələni edirlər».

Onun sözlərinə görə, martda Almaniya hökuməti binanın söküntüsünə başlamaq istəsə də etiraz nümayişlərindən sonra söküntü dayanıb. Dövlət indi ictimaiyyətin «hə» ya «yox» qərarını gözləyir.
XS
SM
MD
LG