Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Norveçdə qatilə müqavimət göstərən çeçenlər


Rüstəm Daudov (solda) və Movsar Camayev, avqust 2011

Rüstəm Daudov (solda) və Movsar Camayev, avqust 2011

MÜHARİBƏDƏN QAÇIB ATIŞMAYA DÜŞDÜLƏR

İkinci Çeçen müharibəsi başlayanda Rustəm Daudov hələ balaca idi. 2003-cü ildə atasını itirəndən sonra ailəsi Norveçə köçüb. Onlar bu ölkədə də dinclik tapmayacaqlarını ağıllarına gətirmirmişlər.

16 yaşlı Daudov yeni evdə həyatdan həzz aldığı bir vaxt yerli siyasətlə də maraqlanmağa başlayıb. Və bu təsadüf onu iyulun 16-da çeçen dostu, 17 yaşlı Movsar Camayevlə birgə Norveçin Utoya adasında keçirilən Əmək partiyasının gənclər düşərgəsinə gətirib çıxarıb:

"Biz sadəcə yay düşərgəsinə baxmağa gəldik, marağımızdan. Əlbəttə həm də Əmək Partiyasına görə. Biz siyasi gələcəyin nə olduğunu görmək istəyirdik”.

Ancaq iyulun 22-də Daudov və Camayev Utoya adasında hökumətin liberal immiqrasiya siyasətindən qəzəblənən ultrasağçı Anders Behring Breivikin tələsinə düşürlər. Həmin gün o, düşərgədə 1 saat ərzində 69 adamı öldürür.

TERRORÇUYA DAŞLA MÜQAVİMƏT

32 yaşlı, silahlanmış Breivikin bir neçə adamı qətlə yetirdiyini görən Camayev atasına zəng edir, o isə oğlanlara müqavimət göstərməli olduqlarını deyir. Bundan sonra Daudov və Camayev Breivikə daş atır, ona zərbə endirməyə çalışırlar. Ancaq tanışlarından birinin başından güllələndiyini görəndən sonra oğlanlar aradan çıxır. Bu dəfə adadakılara kömək etmək üçün sığınacaq axtarırlar. Nəticədə gənclər 23 nəfərə yardım edirlər.

NORVEÇLİLƏR BELƏ BİR HADİSƏNİ GÖZLƏMİRDİ

Daudov deyir ki, daha çox insanı müdafiə etmək mümkün idi, lakin hücum gözlənilməz olduğundan xaos yaradıb:

“Orda gizlənməyə yerlər vardı. Sadəcə hamı vahimə, şok içindəydi. Heç kim baş verənlərə inanmırdı. Çoxları baş verənlərin reallıq olub-olmadığını deyə bilmirdi. Norveçdə belə bir hadisənin baş verəcəyini heç kim düşünmürdü. Həm də gizlənmək hər zaman kömək etmir, nəticədə onun tam bir saatı vardı”.

Paytaxt Osloda və Utoya adasında onlarla adamın ölümünə səbəb olan Breivikin hücumundan sonra çeçen gənclər “qəhrəman”a çevriliblər.

“BU OĞLANLARA NİYƏ İNANMAYAQ?”

Xilaskar gənclər barədə ilk olaraq Norveçin “Dagbladet" qəzetinin müxbiri Line Brustad eşidib. Daha sonra Geir Lippest - Breivikin vəkili də bunu təsdiqləyib:

“Vəkil Breiviklə danışıb və o bildirib ki, adada ona nə isə atırmışlar. İstənilən halda bu hadisəni danışmaq düzgündür, çünki Utoyadakı dəllillər barədə həddindən artıq yazılıb. Əgər bir başqasına inanardıqsa, bu oğlanlara niyə inanmayaq?”

KADIROVDAN TƏRİF

Daudov və Camayevin hekayəsi Çeçenistanda da təriflə qarşılanıb, respublika başçısı Ramzan Kadırov gənclərin “əsl qəhrəman” kimi hərəkət etdiklərini deyib.
Kadırovun mətbuat katibisə bir az da irəli gedib, hətta yaşlıların çaşıb qala biləcəyi vəziyyətdə gənclərin cəsarətli addım atdığını bildirib.

Hadisə Norveçdəki Çeçen diasporunun da diqqətindən yayınmayıb.
Minlərlə çeçen 1999-cu ildə başlayan ikinci Çeçenistan müharibəsindən sonra Norveçdə məskunlaşıb. Ancaq ölkədə onlara qarşı münasibət birmənalı deyil. Polis mütəmadi olaraq çeçenlərin evlərinə reydlər edir. İndiyə kimi onlarla çeçen Skandinaviya ölkəsinin immiqrasiya qaydalarını pozduğuna görə ölkədən deportasiya olunub.

“ÇEÇEN OLDUĞUMUZA GÖRƏ BELƏ REAKSİYA VERDİK”

Məsələn, Utoya adasında olan çeçen Anzor Cukayevsə hadisədən sonra həbs olunub. Bir norveçli Cukayevin qətliam vaxtı özünü həddən artıq adi sakit apardığını, qorxmadığını dediyinə görə. Yalnız 17 saat sonra - polis təqsirsiz olduğunu müəyyənləşdirəndən sonra sərbəst buraxılıb.
Cukayev bildirib ki, sakit rəftarına səbəb Çeçenistanda yaşadığı müharibə təcrübəsi olub. İndi o, ədalətsiz həbsinə görə məhkəməyə şikayət etməyi planlaşdırır.

Elə Norveçdə qəhrəmana çevrilmiş iki çeçen gənc də adada müqavimət göstərməyi düşünən yeganə insan olmalarını bununla izah edib:

“Çox güman ki, Çeçen olduğumuz üçün belə reaksiya verdik. Onlar Norveçdə buna alışmayıblar. Biz müharibə keçmişik. Onlar isə belə bir şeyin baş verəcəyini düşünmürdülər. Hətta biz də Norveçdə belə bir hadisənin ola biləcəyini təsəvvür edə bilmirdik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG