Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35

Bakıda köhnə kitabçılar niyə gözə dəymir?


Köhnə kitab satıcısı, 70 yaşlı Yaqub Hüseynovla keçmiş Bakı Univermağının yaxınlığında rastlaşdıq

Köhnə kitab satıcısı, 70 yaşlı Yaqub Hüseynovla keçmiş Bakı Univermağının yaxınlığında rastlaşdıq

Beş-altı il əvvələ qədər Bakıda köhnə dərsliklər, bədii ədəbiyyat satan kitabçılarla tez-tez rastlaşırdıq. Əsas yerləri Nizaminin heykəlinin ətrafı, Mərkəzi Univermağın, kinoteatrların, az qala bütün metro stansiyalarının çıxışları idi.

İndi isə onları əməlli-başlı axtarmalı olursan.

“BU QUTUDAKILAR BƏDİİ ƏDƏBİYYATDIR, BURDAKILAR DƏRSLİKLƏRDİR”

Köhnə kitab satıcısı, 70 yaşlı Yaqub Hüseynovla keçmiş Bakı Univermağının yaxınlığında rastlaşdıq. Banan qutularını bir-bir açıb, içindəki kitabları səkiyə düzürdü. Az qala gözüyumulu hansı kitabın hansı qutuda olduğunu bilir. Deyir zarafat deyil, düz 30 ildir bu işlə məşğuldur:

“Bu işə öz kitablarımdan başlamışam. Onda 4 minə yaxın kitabım vardı”.
Yaqub Hüseynov danışır ki, 30 il əvvəl bu işə öz kitab rəflərindən başlasa da, sonradan başqalarından da kitab alıb. Adamlar görəndə ki, o köhnə kitabları alır, gətirib ya pulsuz, ya da ucuz qiymətə ona verməyə başlayıblar. İllər keçdikcə kitabların da sayı artıb. İndi 10 min kitabı var:

“Kitab təklif edənlər əsasən başqa yerə, ya da evdən-evə köçənlərdir. Elə olub ki, məndən aldıqları kitabı sonra gətirib özümə satıblar”.

Yaqub Hüseynovun satdığı kitablar əsasən sovet dövründə nəşr olunan, rus dilində və ya kiril əlifbası ilə Azərbaycan dilində olan kitablardır. Deyir ki, bədii kitablar qiymətli sayılmır. Əsasən dərsliklər və ensiklopedik kitablar qiymətlidir.

Kitablar
DİRİ-DİRİ OXUMALI

Yaqub Hüseynovun əsas müştəriləri kiril əlifbası ilə oxuyan yaşlılardır. Deyir ki, Bakıda 90-cı illərə qədər kitab oxuyan çox olub:

“Bəlkə onda qarışıq millətlər çox idi, ona görə. Şəhərdən köçmələr başlayandan sonra kitab oxuyanlar da azaldı. İndi kitab oxuyanlar çox azdır. Bəlkə də televizorun, internetin təsiri böyükdür. Ancaq mən internetdən kitab oxumağı başa düşə bilmirəm. Kitabı gərək əlində, diri-diri oxuyasan. İnternet ancaq xüsusi məlumatlar almaq üçündür”.

KİTABSEVƏR PİŞİK- BARSİK

Yaqub Hüseynovun “Barsik” adlı pişiyi də deyəsən, kitabları sevir, sahibi onun düz 5 ildir, körpəlikdən ancaq kitabların içində yata bildiyini deyir. Biz orda olanda Barsik sosiologiya, məntiq, iqtisadi nəzəriyyə kitablarının arasında mürgüləyirdi. Ətrafında da Lev Toltstoy, Mixail Şoloxov, Şekspirin əsərləri:

Kitabların içində yatan pişik
“Evdə də kitabların içində yatır. Balaları da evdəki kitabların içində yatır. Elə bil kitabın iyini hiss edirlər”.

KİTAB GƏRƏK ÜZDƏ OLSUN

Yaqub Hüseynov deyir ki, küçədə kitab satanlara maneələr olduğu üçün indi onların sayı azalıb:

“Kitab elə bir şeydir ki, gərək camaat onu görsün. Onsuz da kitab mağazalarına gedən azdır”.

Oxucu Gülarə Əliyeva Anatoli Rıbakovun “Arbat övladları” kitabını axtarırdı. Burda tapdı. Deyir ki, indi şəhərdə belə yer azdır. Ona görə Əhmədlidən bura gəlib.

İCAZƏ VARMI?

Əvvəllər küçədə köhnə kitab satmış Umud Əmirov deyir ki, o və onun kimi bu işlə məşğul olanlar Bakı şəhər İcra Hakimiyyətinin qadağasından sonra bu işdən əl çəkiblər:

“Deyirdilər ki, qanunsuz küçə ticarəti ilə məşğul olursuz, imkan vermirdilər. Ona görə də bu işin daşını atdım”.

Bakı şəhər ticarət və xidmət departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, müraciətlər olsa, bu məsələyə baxıla bilər:

“İcazə vermirlər deyiləndə, düzdür, icazə də yoxdur. Ancaq yüz faizlik səbəb qanunsuz küçə ticarəti deyil. Kitab alqı-satqısı ilə məşğul olmaq istəyənlər yoxdur. Əgər kitab satmaq istəyənlər olsa, kitab olduğuna, maarif işi olduğuna görə, məmnuniyyətlə icazə verə bilərik”.

XS
SM
MD
LG