Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:43
VƏKİL ƏHƏD MƏMMƏDLİNİN AZAD EDİLMƏSİ İLƏ BAĞLI VƏSATƏT QALDIRIB

Avqustun 18-də Nəsimi rayon məhkəməsində 2 aprel məhbuslarından Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin məhkəmə prosesi başlayıb.

Proses başlayan kimi Ə. Məmmədlinin vəkili Yalçın İmanov vəsatət qaldırıb. Vəsatətdə deyilir ki, Ə. Məmmədli 2 aprel günü inzibati cəza alıb, 2 sutka həbsdə olduğu üçün onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi qeyri-qanunidir. Qanunvericiliyə görə, bir şəxs eyni əmələ görə iki dəfə həbs edilə bilməz. Ona görə vəkil müttəhimin məhkəmə zalından azad edilməsi ilə bağlı vəsatət qaldırıb.

Hazırda məhkəmə müşavirəyə gedib.

VƏSATƏT TƏMİN EDİLMƏYİB

Müşavirədən sonra hakim hazırkı mərhələdə vəsatətin təmin olunmasının mümkünsüz olduğunu deyib, vəsatəti təmin etməyib.

Daha sonra Rüfət Hacıbəylinin vəkili Elçin Namazov vəsatət qaldırıb, məhkəmə iclaslarının protokollarının saxtalaşdırıldığını bildirib. Vəkil avqustun 17-də keçirilmiş proseslərin protokolları ilə tanış olmaq istəsə də, ona bildirilib ki, yalnız 28 iyul iclası protokola salınıb.

Bu prosesdən sonra daha iki iclasın - avqustun 9 və 16-da keçirilən iclaslara toxunan E. Namazov bildirib ki, qanuna görə, protokol hər iclasdan 3 gün sonra hazırlanmalıdır.

Vəkil qaldırdığı vəsatətdə 9 və 16 avqust iclaslarının məhkəmə protokolları ilə tanış olmaq, həmin sənədlərin surətinin təqdim edilməsini istəyib.

Lakin bu dəfə də vəsatət təmin olunmayıb.

E. Namazov hesab edir ki, məhkəmədə səs yazılışlarına icazə verilmədiyindən sənədlər saxtalaşdırılacaq.

Hazırda məhkəmədə fasilədir.

Bütövlükdə müxalif İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG