Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:55

«Amnistiya yüz faiz olacaq», Azərbaycanın inkişafı kimi narahat edir?


Qəzetlər
Qəzetlər
Avqustun 18-də çıxan qəzetlərin yazdıqları

«YENİ MÜSAVAT» hüquq müdafiəçisi, İctimai Palatanın Təhqiqat Qrupunun sədri Vidadi İsgəndərlinin Göyçay Rayon Məhkəməsində davam edən məhkəməsindən yazır.

Dünənki prosesdə V.İsgəndərli deyib ki, istintaq siyasi sifarişlə aparılıb: «5 zərərçəkmiş istintaq tərəfindən aldadıldığını deyir. Buna hüquqi qiymət verilməlidir. Əlican Cəfərov istintaq tərəfindən zərərçəkmiş kimi tanınıb. Məhkəmədə məlum oldu ki, prokurorluq da, Əlican da cinayət törədib. Şahid ifadəsindən aydın oldu ki, o, başqa seçki məntəqəsində komissiya katibi olub. Lakin istintaq belə nəticəyə gəlib ki, 2 saylı məntəqədə Əlicanın guya səsvermə hüququnu pozmuşam. Bunun yalan olduğu məhkəmədə sübuta yetirildi. Buna da hüququ qiymət verilməlidir. Dövlət ittihamçısı proseslərin birində mənə demişdi ki, mən axırda güləcəm. Uzun müddət prokurorluqda işləmişəm, onun işinə yaxşı bələdəm. Görürəm ki, dövlət ittihamçısı obyektivliyi təmin etmir. Bu, proses zamanı da hiss edilir. Dövlət ittihamçısı müstəqil olmalıdır. Lakin belə deyil. Dövlət ittihamçısı prosesdən sonra kimlərəsə zəng edib məhkəmənin gedişi barədə məruzə edir, məsləhət alır».

Dövlət ittihamçısı etiraz etdi: «Hörmətli hakim, işin mahiyyətindən kənara çıxılır». V.İsgəndərli: «Kənara çıxmıram. Dövlət ittihamçısının qərəzli olmasını və kimlərisə müdafiə etməsini sübuta yetirirəm. Bilirəm ki, o, mənə 3 il cəza istəyəcək. Dövlət ittihamçısının bu işdə maraqlı olmasını əsas gətirir, onun işə çıxmasına etiraz edirəm».

«AZADLIQ»: «Amnistiya yüz faiz olacaq»

Ombudsman Elmira Süleymanovanın amnistiya anonsundan sonra bu aktın kimlərə şamil olunacağı ilə bağlı çoxsaylı suallar yarandı. E.Süleymanovanın açıqlamasından belə məlum olur ki, bu il Azərbaycan bir çox əlamətdar tarixləri, eləcə də ölkə müstəqilliyinin 20 illiyini qeyd edəcəyi üçün budəfəki amnistiya aktı da daha əhatəli olacaq.

Novella Cəfəroğlu
«Amnistiya yüz faiz olacaq». Bunu isə hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir. Onun sözlərinə görə, bu ilin sonuna qədər siyasi məhbusların hamısı azadlığa buraxılacaq: «Budəfəki amnistiya hamıya şamil olunacaq. Hətta son mitinqlərlə bağlı həbs edilən fəallara da. Məhkəməsi başa çatmayan fəallar da amnistiyaya düşəcək. Mən yüz faiz bilirəm ki, dekabr ayına qədər siyasi məhbus məsələsi qapanacaq. Azərbaycanda bir Qarabağ problemi qalacaq».

N.Cəfəroğlunun fikrincə, bu nə Avropa Birliyinin, nə də başqa qurumların Azərbaycana təzyiqi ilə bağlıdır: «Bu, nə alman Ombudsmanın Azərbaycana gəlməsi, nə Avropa Birliyi və ya Avropa Şurasının müdaxiləsi ilə bağlıdır. Biz bilirdik ki, müstəqilliyin 20-ci ildönümü ilə bağlı böyük amnistiya veriləcək. Sözsüz ki, onların da təsiri var». Hüquq müdafiəçisi siyahıda keçmiş nazirlərin də yer alacağını bildirir. N.Cəfəroğlu 2 aprel məhbusları da daxil olmaqla siyasi məhbusların sayının 30-dan çox olduğunu bildirib.

«YENİ AZƏRBAYCAN»-da qəzetin baş redaktoru Hikmət Babaoğlunun «Azərbaycanın inkişafı bəzi xarici qüvvələri narahat etməkdədir» başlıqlı yazısı dərc olunub:

Bakı şəhəri
«Son dövrlərdə baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycanda xarici təzyiq qruplarının, anti-Azərbaycançı mərkəzlərin göstərişi ilə ictimai asayişi pozmağa cəhd göstərən və bunun üçün müasir texnologiyalardan, internet resurslarından istifadə etməyə çalışan insanlar olsa belə, ölkəmiz heç bir halda insan hüquqlarını, məhdudlaşdıracaq, onların ifadə azadlıqlarını məhdudlaşdıracaq addım atmadı. Ancaq bu gün bəzi Avropa ölkələrində oxşar hadisələr baş verən zaman internet resurslarından istifadə məhdudlaşdırıldı, kütləvi həbslər baş verdi. Lakin Azərbaycanda bunların heç biri müşahidə olunmadı. Bununla Azərbaycan hökuməti bir daha insan hüquq və azadlıqlarına nə qədər sadiq olduğunu, Azərbaycanın doğrudan da demokratik bir ölkə olduğunu göstərmiş oldu. Ancaq çox təəssüf ki, Azərbaycanda gedən inkişaf bəzi hallarda ayrı-ayrı Qərb ölkələrində olan anti-Azərbaycançı qüvvələri və mərkəzləri qane etmir, eyni zamanda, erməni lobbisi ilə sıx əlaqədə olan xüsusi olaraq formalaşdırılmış bəzi təzyiq qruplarını narahat edir. Ona görə də, Azərbaycanda, hətta şəhərin gözəlləşdirilməsi, yeni binaların tikilməsi ilə bağlı hər hansı addım atılarkən belə, hələ Sovet dövründən bəri ölkəyə, şəhərə yamaq kimi əlavə edilmiş gecəqondular, Sovet terminologiyası ilə desək «naxalstroykalar» söküldükdə belə bunu vətəndaşların mülkiyyət hüquqlarının, insan haqlarının pozulması kimi qələmə verməyə çalışan çoxsaylı həvəskarlar tapılır. Hətta bu tipli məlumatlar Avropanın, Qərb ölkələrinin ən mötəbər mətbu orqanlarında belə öz əksini tapır. Halbuki, Dağlıq Qarabağ problemi, Azərbaycanda bir milyondan artıq insanın hüquqlarının pozulması, azərbaycanlılara qarşı erməni vəhşiliyinin törədilməsi ilə bağlı imperializmə xidmət edən həmin transmilli media orqanlarında kiçik bir informasiya yerləşdirmək olduqca çətindir. Buradan da məsələnin mahiyyəti ortaya çıxır. Yəni, Azərbaycanın inkişafı bəzi xarici qüvvələri heç də qane etmir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG