Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:02

Korrupsiyaya qarşı mübarizə, yoxsa statistika?


Arxiv foto
Arxiv foto
Bu ilin yanvarından 16 bələdiyyənin işi baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinə göndərilib; korrupsiyaya görə, bələdiyyə sədri və üzv həbs olunub. Bir neçə gün əvvəl isə Vergilər Nazirliyinin müraciəti əsasında sahibkardan rüşvət tələb edən iki vergi əməkdaşı həbs edilib.

Bu günlərdə Xətai Rayon Hərbi Komissarlığında da yoxlamalar başlayıb və komissarlıqda ciddi korrupsiya faktları aşkarlandığı deyilir. APA informasiya agentliyi xəbər verir ki, komissarlığın keçmiş əməkdaşı saxlanıb, daha bir neçə əməkdaşın tutulacağı isə istisna edilmir.

2011-ci ilin yanvarından hökumət korrupsiya ilə mübarizə elan edib. Bu müddətdə bir neçə cinayət işi açılıb, çoxsaylı həbslər olub. Bəs bu müddətdə həbs edilənlər kimlərdir?

İqtisadçı Rövşən Ağayev hesab edir ki, korrupsiya daha çox dövlət-hakimiyyət orqanlarında olduğu üçün bu qurumlar korrupsiyaya qarşı mübarizədən kənarda qalırlar. Əvəzində ikinci, üçüncü dərəcəli qurumlar və ya illik büdcəsi 4-5 min manat olan kənd bələdiyyələri korrupsiyalaşmış qurum kimi təqdim edilir:

«Milyardlarla manat büdcə pullarına sərəncam verən, böyük məbləğlərlə işləyən, daha çox korrupsiyalaşan qurumlar, şəxslər kənarda qalıb. Amma çox kiçik büdcələri olan, məsələn, illik büdcələri orta hesabla 4-5 min olan kənd bələdiyyələrini böyük məbləğli korrupsiyada ittiham etmək və Azərbaycan cəmiyyətində bələdiyyələrin böyük korrupsiya ilə məşğul olmaları rəyini yaratmaq çox gülməli görünür».

«GENİŞMİQYASLI KORRUPSİYA MÜBARİZƏSİ APARILSA...»

Rövşən Ağayevə görə, indi korrupsiyaya qarşı aparılan mübarizə daha çox statistikasının yaradılmasına xidmət edir.

Rövşən Ağayev
«Korrupsiyaya qarşı mübarizə ilə bağlı hər il hesabat verilməlidir. Bunu bələdiyyələrə qarşı etmək rahatdır. Amma dövlət-hakimiyyət orqanlarına qarşı bunu eləmək çətindir. Çünki sistem elə işləyir ki, əgər öz üzvlərinə qarşı genişmiqyaslı korrupsiya mübarizəsi aparılsa, bu, hakimiyyət daxilində etimadsızlıq yarada bilər. Yəni mən bunu qısası korrupsiya statistikası yaradılması istiqamətində addım hesab edirəm».

Rövşən Ağayev bələdiyyələrin müəyyən qanun pozuntularına yol verməsini istisna etmir, amma onların təkbaşına qərar qəbul etməsinə də inanmır. Deyir ki, bələdiyyələrin rayon icra hakimiyyətlərinin rəsmi və ya qeyri-rəsmi razılığı olmadan qərar qəbul etməsi mümkün deyil.

BAŞ PROKURORLUQ RAZILAŞMIR

Baş Prokurorluqda isə korrupsiyaya qarşı mübarizənin statistika xatirinə aparılması və barəsində cinayət işi açılanların əsasən ikinci, üçüncü dərəcəli şəxslər olması barədə səslənən fikirlərlə razılaşmırlar. Hesab edirlər ki, korrupsiyaya qarşı mübarizənin əhatə dairəsi xeyli genişdir və indiyə qədər yayılan rəsmi məlumatlar da bunu sübut edir.

«HANSISA HƏRBİ KOMİSSARI, HANSISA MÜƏLLİMİ TUTURLAR»


Bu günlərdə AzadlıqRadiosuna müsahibəsində Nazirlər Kabinetinin Maliyyə və Kredit şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev isə korrupsiyaya qarşı mübarizənin sistemsiz olduğunu deyib:

Oktay Haqverdiyev
«İndi Azərbaycanda korrupsiyaya qarşı mübarizə məişət səviyyəsində aparılır. Korrupsiya ən böyük layihələrdə olsa da, hələ orda mübarizə aparılmayıb. Bu mübarizə məqsədyönlü görünmür. Nə isə epizodik bir proses gedir. Bir də görürsən ki, hansısa hərbi komissarı, hansısa müəllimi tuturlar. Mübarizə sistemsiz aparılır. Korrupsiya sistemli xarakter daşıdığı üçün ona qarşı mübarizə də sistemli olmalıdır. Amma belə mübarizə hələlik görünmür».

Sabiq şöbə müdirinə görə, yuxarılar səviyyəsində mübarizəyə korrupsiya və yerlibazlıq mane olur.

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ «KAFİ» ALIR


Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov hökumətin yanvar ayından başladığı korrupsiyaya qarşı mübarizəsini «kafi» qiymətləndirir. Deyir ki, hər halda mübarizə yerində saymır, ancaq yetərli də deyil. O bir məqama da toxunur:

«Nədənsə indiyə qədər bölgələrdə sahibkarların fəaliyyətinə icra strukturları tərəfindən edilən yersiz müdaxilələr, onlardan abadlıq işlərinə külli miqdarda pul tələb edilməsi kimi faktlara görə bir məmur da cəzalandırılmayıb».

Bakıda səfərdə olan Almaniyanın ombudsmanı Markus Löninq isə beynəlxalq təşkilatların hesabatlarına istinad edərək deyir ki, Azərbaycanda korrupsiyanın səviyyəsi necə pis idisə, elə də qalıb. Cənab Löninq Azərbaycanda korrupsiyaya qarşı mübarizədə heç bir yaxşılaşmanın olmadığı qənaətindədir.

Bu ilin əvvəlindən Azərbaycan korrupsiya əleyhinə rəsmi mübarizə aparıldığı deyilir. Amma yerli ekspertlər hələlik bu mübarizənin real nəticələrinin olmadığını bildirirlər.
XS
SM
MD
LG