Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:51

Gorbachev: «Komminist Partiyasını daha tez tərk etməli idim»


"Spiegel" dərgisinin hazırladığı qrafik-xəritə












«DEMOKRATİK BİR İSLAHATÇILAR PARTİYASI YARADARDIM»

Siyasətçilər çox nadir hallarda öz səhvlərini etiraf edirlər. Lakin Mikhail Sergeyevich Gorbachev fərqli siyasətçidir. Ona görə də indi dönüb Sovet İttifaqına rəhbərlik etdiyi 6 ilə baxanda həmin səhvləri rahatlıqla sadalayır.

«The Guardian» qəzetinə müsahibəsində o azı beş belə səhvi xatırladıb. Bu səhvlər təkcə onun özünün 20 il əvvəlki süqutuna deyil, həm də Sovet İttifaqının çökməsinə və bir qrup rusiyalının milyarder, milyonlarla insanın isə yoxsullaşmasına yol açan nizamsız bir iqtisadiyyatın formalaşmasına gətirib çıxarıb.

Qəzetin «həmin dövrə baxanda indi nəyə görə təəssüflənirsiniz» sualına Gorbachev tərəddüd etmədən cavab verir: «Mən o vaxt Kommunist Partiyasını islah etmək üçün həddindən artıq çox vaxt sərf etdim. Əslində gərək 1991-ci ilin aprelində istefa verərdim. Demokratik bir islahatçılar partiyası yaradardım. Çünki artıq o vaxtı kommunistlər bütün dəyişikliklərin qarşısını almağa başlamışdılar».

ƏHƏMİYYƏTLİ ETİRAF

Bu tarixçilər üçün xüsusi ilə əhəmiyyətli bir etirafdır. Çünki indi Gorbachov ilk dəfə açıq şəkildə bildirir ki, o 1991-ci ilin avqust qiyamından xeyli əvvəl istefa versəydi yaxşı olardı. 1995-ci ildə dərc olunmuş memuarında isə bunu açıq deməmişdi.

1991-ci ilin yazında Gorbachevun ətrafında iki böyük cərəyan var idi. Bir qrup adamlar, yəni, mühafizəkarlar onu islahatlar aparmağa qoymurdular. İkinci qrup isə tərəqqipərvərlər idi. Onlar çoxpartiyalı sistem yaratmaq, ölkənin bazar iqtisadiyyatına keçirilməsini istəyirdilər. Bütün bu cərəyanların toqquşmasının son kulminasiya nöqtəsi 1991-ci ilin aprelində Kommunist Partiyası Mərkəzi Komitəsinin iclasında oldu.

Mikhail Gorbachev. 1990
Çıxış edənlərdən bir neçəsi ölkədə fövqəladə vəziyyətin elan olunmasını və senzuranın yenidən tətbiq olunmasını tələb etdilər. Gorbachev isə bildirdi ki, belə halda o istefa verir.

«Guardian» qəzetinə müsahibəsində həmin hadisənin detallarını o belə açıqlayır: «Bu zaman Politbüro müşavirəyə getdi. Onlar mənsiz 3 saat müşavirə keçirdilər. Sonradan dedilər ki, müşavirədə məni kəskin pisləyiblər. 3 saat sonra məni çağırdılar. İstefa ərizəmi geri götürməyimi tələb etdilər. Həmin vaxt mənim Mərkəzi Komitədəki tərəfdarlarım siyahı tərtib etmişdilər. Yeni partiya yaratmaq ideyamı dəstəkləmək üçün 100-dən artıq adam imza atmışdı».

Sonradan Gorbachev da istefa ərizəsini geri götürür. İndi isə etiraf edir ki, gərək elə həmin vaxtı istefa ərizəmi geri götürməyib yeni partiya yaradardım.

İKİNCİ TƏƏSSÜF...

Gorbachevun ikinci təəssüfü vaxtında Sovet İttifaqında islahatlar aparmaması və 15 respublikaya daha çox səlahiyyətlər verməməsi ilə bağlıdır.

Kommunist Partiyası 1991-ci ili noyabrında yeni bir proqram qəbul etməyə hazırlaşırdı. Parlament böhrana qarşı proqram qəbul etmişdi. Baltik respublikaları öz müstəqilliklərini elan etmişdi. Litvada və Azərbaycanda qan axıdılmışdı. 12 sovet respublikası yeni müqavilənin mətnini bəyənmişdilər. Həmin müqavilədə 12 respublikaya daha çox siyasi iqtisadi səlahiyyətlər verilirdi.

Müqavilə avqustun 20-də imzalanmalı idi: «Burda mən səhv etdim. Mən məzuniyyətə getdim. Gərək 10 günlük məzuniyyətimdən keçib getməyəydim. Faktiki olaraq Moskvaya uçub müqaviləni imzalamağa hazır idim. Avqustun 18-də bir qrup dəvət olunmamış şəxs gəldi. Telefonu götürdüm, istədim soruşam ki, bu adamlar kimdir, onları kim göndərib. Gördüm ki, telefonda xətt yoxdur. Telefon xətti kəsilib».

«YELTSİNƏ TƏŞƏKKÜR DÜŞÜR»

Boris Yeltsin və Mikhail Gorbachev. 17 Dekabr 1990
Gorbachev deyir ki, bəziləri elə düşünür ki, o qiyamı mən hazırlamışdım. Əslində isə bu yalan idi: «Mənim yanıma gələn adamlar məndən səhhətimlə bağlı prezident səlahiyyətimi icra edə bilməməm haqqında bəyanat imzalamağımı tələb edirdilər».

Gorbachev «Bəs həmin vaxt qiyamçılar Yeltsini daha tez həbs etsəydilər, onlar qalib gələ bilərdilərmi» sualına isə belə cavab verib: «Yox, əgər həmin vaxt qüvvələr nisbətini nəzərə alsaq, nə baş verməsindən asılı olmayaraq onlar məğlub olacaqdılar. Ancaq eyni zamanda Yeltsinin müqavimətini də yüksək qiymətləndirmək lazımdır. Buna görə ona təşəkkür düşür».

Ancaq Gorbachev Yeltsinin sonrakı 9 illik rəhbərliyi dövrü ilə də barışa bilmir. Həmin dövrü xaos dövrü adlandırır: «Görünür mən Yeltsinə münasibətdə çox demokratik və liberal olmuşam. Əslində mən gərək onu vaxtında ya Böyük Britaniyaya, ya da ki, Britaniyanın keçmiş müstəmləkələrindən birinə səfir göndərərdim».

Gorbachev Putinin 2006-cı ilə qədər olan siyasətini təqdir edir. Bildirir ki, o ölkədə sabitlik yaratdı. Lakin sonradan avtoritar metodlardan istifadə etməsini qəbuledilməz sayır. Deyir ki, o Putinin dəstəkləmədiyi iyirmiyə yaxın addımını saya bilər. Xüsusilə də qubernatorların seçilməsi prosedurunu ləğv etməsi ilə bağlı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG