Keçid linkləri

Təcili xəbərlər

Qazsız danışıqlar


Arxiv foto
Arxiv foto
Avqustun 26-da Azərbaycanla Türkiyə arasında paket qaz sazişinin imzalanması ilə əlaqədar aparılan danışıqların növbəti raundu başlayacaq. Hər iki tərəf nikbin bəyanatlar səsləndirsə də, indidən danışıqların bununla bitəcəyini və sənədlərin imzalanacağını demək çətindir. Əslində tərəfləri tələsməyə vadar edən elə bir amil də yoxdur.

ÜÇ AYLIQ FASİLƏ

SOCAR-la BOTAS arasında sonuncu dəfə danışıqlar mayın sonunda, iyunun əvvəlində İstanbulda aparılmışdı. O zaman danışıqlardan dönən Azərbaycan ekspert qrupunun üzvləri Caspian Oil & Gas-2011 beynəlxalq neft və qaz konfransının gedişi zamanı media nümayəndələri ilə qeyri-rəsmi söhbətdə vəziyyətə aydınlıq gətirmişdilər. Onlar qaz sazişinin imzalanmamasını yaxın günlərdə (iyunun 12-də) Türkiyədə parlament seçkiləri keçirilməsiylə izah etmişdilər.

Nəzərə alsaq ki, qonşu ölkə parlament üsul-idarəli respublikadır, demək bu seçkilər onların siyasi həyatında çox önəmlidir. Buna görə də şeçkilərdən öncə hansısa beynəlxalq əhəmiyyət daşıyan sənədin imzalanmasını müxalifət hakimiyyətin xal yığmaq cəhdi kimi irad tuta bilərdi.

Ancaq seçkilər də bitdi, Ərdoğan üşüncü dəfə baş nazir postunda da qaldı və iyul ayının sonunda Azərbaycana işgüzar səfər də etdi. Nədənsə bu arada qaz danışıqları bərpa edilmədi və sonra SOCAR prezidenti Rövnəq Abdullayev elan etdi ki, tərəflər arasında növbəti raund görüş avqustun 26-da Türkiyədə olacaq.

RAMAZAN DANIŞIQLARI

Maraqlısı budur ki, danışıqlar bu dəfə iş həftəsinin əvvəlində deyil, sonunda - cümə günü başlamalıdır. Türkiyədə dövlət idarələrində week-end-i hələ ki, ləğv etməyiblər və çətin ki, BOTAS danışıqlarda iştirak edəcək çoxsaylı menecerlərinə “over time” ödəmək həvəsində olsun. Həftə başı isə Müqəddəs Ramazan bayramıdır – bu Türkiyədə ən əziz bayramdır və faktiki olaraq 5 gün bütün ölkədə təmtəraqla qeyd edilir.

Bu da məndə danışıqların bu dəfə sonuncu olmasına bəzi şübhələr yaradır. Ona görə ki, tərəflər ən azı bu yay bir çox texniki məsələləri həll edib başa çatdıra bilərdilər.
Texniki məsələlərdən söz düşmüşkən, doğrudanmı, Azərbaycanla Türkiyə arasında Paket qaz Sazişinin bütün müddəaları həllini tapıb, qalıb bircə texniki detallar?

NƏYİ ÇÖZƏ BİLMİRİK?

Avqustun 2-də Bakıda keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç deyib ki, “mavi yanacaq” nəqlinə dair danışıqlar sentyabradək yekunlaşa bilər. Və əlavə edib: “Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri çərçivəsində SOCAR rəhbərliyi ilə Türkiyənin enerji və təbii ehtiyatlar naziri arasında görüş keçirilib. Burada bəzi texniki problemlər var və ümid edirəm ki, proses sentyabradək bitəcək”. Ancaq səfir həmin problemlərin nədən ibarət olduğunu açıqlamayıb.

Rövnəq Abdullayev
Avqustun 8-də isə SOCAR prezidenti Rövnəq Abdullayev yerli jurnalistlərə açıqlamasında deyib: “Hesab edirəm ki, biz sənədlərin böyük paketini nəzərdən keçirməliyik, çünki bır sıra müzakirə ediləsi məsələlər var”. Yəni faktiki olaraq vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında qaz məsələsində həllini gözləyən problemlər heç də texniki problemlərlə məhdudlaşmır. Bir qədər də dərinə getsək, görərik ki...

İyulun sonlarında Türkiyə baş nazirinin Bakıya işgüzar səfəri öncəsi qonşu ölkənin önəmli media nümayəndələri də Azərbaycana gəlmişdilər. Səfər çərçivəsində onların Dövlət Neft Şirkətinin top-menecerləri ilə görüşləri olmuşdu. Bu zaman ortaya maraqlı detallar çıxmışdı. Məlum olmuşdu ki, Türkiyə ilə Azərbaycan arasında təbii qaz satışına dair danışıqlar hüquqi məsələlərə görə dalana dirənib. Söhbət Azərbaycanın «Şahdəniz» yatağının ikinci inkişaf fazası çərçivəsində çıxarılacaq qazından gedir. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmiləri bunu ötən həftə Bakıda türkiyəli jurnalistlərə deyiblər.

“Today’s Zaman” qəzetinin iyulun 25-də SOCAR-ın vitse-prezidenti Xalid Məmmədov və şirkətin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevə istinadən yaydığı məlumata görə, müqavilənin bir sıra detalları - tranzit xərcləri, qazın həcmi və daşınma variantları yekunlaşdırılıb. Ancaq hər iki rəsmi bildirib ki, sazişin hüquqi əsaslandırmasına dair fikir ayrılığı qalır. Azərbaycan və “Şah-dəniz” layihəsi iştirakçıları Britaniya qanunvericiliyinin tətbiq edilməsini təklif etsələr də, Türkiyə buna qəti etirazını bildirib və öz qanunlarının tətbiqində israrlı olub. Sonradan beynəlxalq layihə üçün tərəflər İsveçrə qanunveriçiliyini nəzərdən keçiriblər.

Şah Dəniz yatağı üzərində neft platforması
SON SÖZ ƏVƏZİ

Məqalənin əvvəlində qeyd etdim ki, əslində tərəfləri tələsməyə vadar edən elə bir amil yoxdur. 2010-cu il iyunun 7-də İstanbulda Azərbaycanla Türkiyə arasında qaz anlaşmasına dair Memorandum imzalandı.

Bundan dərhal sonra SOCAR “Şah-dəniz” yatağının “Mərhələ-2” layihəsi çərçivəsində 10 mlrd kubmetr qazın (Türkiyə xaric) satılmasına dair şirkətlərlə danışıqların başlanmasını elan etdi. Elə həmin ilin yayında artıq 20 şirkətin təkliflərlə rəsmi Bakıya müraciət etdiyi aydın oldu.

Cari ilin avqustun 9-da isə “Şah-dəniz” konsorsiumu potensial ixrac boru kəməri layihələrinə təkliflə müraciət üçün sorğu elan etdi. Məqsəd isə Türkiyə üzərindən keçəcək 3 boru kəmərinin (İTGİ, TAP və Nabucco) təklif edəcəyi tariflərin oktyabrın 1-dək Azərbaycan tərəfinə təqdim edilməsidir.

Yenə maraqlı məqamlar ortaya çıxır: demək son bir ildə sözügedən 20 xarici şirkət heç də Azərbaycanı qane edəcək təkliflər verməyiblər (yəni ucuz qaz almaqda israr ediblər), əks təqdirdə indi axtarış davam etdirilməzdi. Mənim fikrimcə, qaz sövdələşməsi, hələ uzun çəkəcək. Və ola bilsin heç oktyabrda da bəlli olmayacaq ki, Azərbaycan qazı Avropaya hansı kəmərlə daşınacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG