Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:12
“Qanun” və “Əli və Nino” nəşriyyatları “Dünya uşaq ədəbiyyatı” seriyasından 4 kitab çap ediblər.

“Qanun” nəşriyyatından “Oxu zalı”na verilən məlumata görə, bunlar “Dəniz səyyahı Sindbadın nağılı”, türk yazıçısı Orxan Pamukun “Pəncərədən baxmaq”, Ernest Heminqueyin “Qoca və dəniz”, Rudolf Erix Raspenin “Baron Münhauzenin sərgüzəştləri” kitablarıdır.


Orxan Pamuk PƏNCƏRƏDƏN BAXMAQ

Türkçədən çevirən: Nəriman Əbdulrəhmanlı

Orxan Pamukun “Pəncərədən baxmaq” hekayəsi iki balaca qardaşın oynadığı oyunlar, əyləncələr, məktəbdə və ailədə qarşılaşdıqları gərginliklər haqqındadır.

Uşaqların başına gələn hadisələr televiziyanın mövcud olmadığı dövrə təsadüf edir. Yazıçı bu əsərdə televizor ekranı ilə pəncərəni eyniləşdirir. Bu uşaqlar pəncərə önündə dayanıb real həyata baxırlar, həm evlərində, həm də küçədə baş verənlər, sanki, ekran təsvirləridir.

Bütün görünənlər uşaqlardan birinin dili ilə nəql olunur. Orxan Pamukun bu hekayəsi dünyanın bir çox dillərinə tərcümə olunub.


Ernest Miller Heminquey. QOCA VƏ DƏNİZ

İngiliscədən çevirən: Manaf Süleymanov

“Qoca və dəniz” Ernest Miller Heminqueyin dünya şöhrətli əsəridir.

Əsərdə ucsuz-bucaqsız okeana xırdaca bir qayıqla ova çıxan tənha qocadan bəhs edilir.

Öncəki bütün ovları uğursuz nəticələnən qoca bu dəfə nəhəng bir balıq ovlayır.

Bu zaman isə o, öz şikarını köpək balıqlarının hücümundan qorumaq üçün gərgin mübarizə aparır.

Baş qəhrəman prototipi müəllifin yaxından tanıdığı Kubalı qoca balıqçıdır.


DƏNİZ SƏYYAHI SİNDBADIN NAĞILI

Tərcümə edən: Mustafa Əfəndiyev

“Dəniz səyyahı Sindbadın nağılı” “Min bir gecə” nağıllarından biridir.

Sindbadın möcüzəli adalara yeddi səyahətindən bəhs edən bu nağıl “Min bir gecə”nin ən maraqlı bölməsi hesab olunur. Bəzi tədqiqatçılar bu bölməni “Ərəb Odisseyası” da adlandırırlar.

Sindbadın əcaib varlıqlarla qarşılaşmasından, bədheybət məxluqlarla mübarizədə qalib gəlməsindən danışan nağıllar silsiləsinin motivləri əsasında dünyaca məşhur qərb kino şirkətləri çox maraqlı filmlər lentə alıb.


Rudolf Erix Raspe. BARON MÜNHAUZENİN SƏRGÜZƏŞTLƏRİ

“Baron Münhauzenin sərgüzəştləri" əyləncəli-yumoristik əsəridir.

Əsərin qəhrəmanı Baron Münhauzen real personajdır. O, XVIII əsrdə yaşamış, rus ordusu sıralarında Türkiyə ilə iki dəfə müharibədə iştirak etmişdir.

Almaniyaya qayıtdıqdan sonra Münhauzen ağlagəlməz sərgüzəştlər uyduran məzəli bir gopçu kimi tanınıb.

Axşamlar buxarı başında dostlarını ətrafına toplayıb onlara məzəli-duzlu söhbətlər edir, onlar da gəncliyində Baronun başına gələn macəraları dinləyib gülüşürlərmiş.

Gopçu Baronun öz kürkünün quduz olması, özünün top gülləsinə minib aya uçması barədə məzəli söhbətləri də belə qəribə yalanlardandır.

Bütün bu məzəli uydurmaları qələmə alan müəllif Erix Raspenin məharəti sayəsində Baron Münhauzen məşhur bir gopçu kimi geniş şöhrət qazanır.

Yüz illərdən bəri, demək olar ki, bütün dünya xalqları arasında, hər xalqın öz sevimli rəvayət və məzəli lətifələrindəki mahir yalançı surətləri ilə yanaşı, Baron Münhauzenin də adı nümunəvi bir gopçu-yalançı kimi yad edilir.

Belə bir ümumdünya şöhrəti qazanmış əsər həmişə maraqla, sevilə-sevilə oxunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG