Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:41

Tehran Əlişanoğlu. Aktual kitab rəfim


Eyni zamanda neçə-neçə kitab oxumağı sevirəm. Söhbət iki-üç kitabdan getmir-ha, məsələn, 10-15-indən gedir; saymamışam, bu qeydləri də Feyziyyənin Azadlığın Oxu zalındakı yeni proyektində qoyduğu: mütaliə lazımdırmı? – sualına reklam-cavabı olaraq edirəm.

Düşündüm ki: empirik olaraq, bugün- bu dəm- hazırda nə oxuduğumdan söz açsam, bəlkə bu – mütaliənin təbiəti, həm də elə bəzən heç cür anışdıra bilmədiyimiz meta-təbiəti barəsində daha düz təsəvvür verə.

On- on beş deyəndə, əlimin altındakı aktuallandırdığım kitab rəfini nəzərdə tuturam; əgər mən Ədəbiyyatdayamsa, yaxud azı: özümü onun hansısa bir küncündə-bucağında- qitəsində-adasında- nə bilim paralel-meridianında bilir- hiss edir, yaxud belə zənn edirəmsə, demək: bu rəfdəki kitabları təkcə mən, mənim həvəslərim aktuallaşdırmır; nəsə məndəndir, nələrsə ondan, Ədəbiyyatdan.

Nələrsə darıxdığımdan-darıldığımdan kitabxanamın dərin qatlarından gəlib burda yer tutub, hansılarsa da – gündəmdən, “Qanun” nəşriyyatının təklifi ilə, yaxud cari ədəbi gedişatın təkidi ilə “Əli və Nino” dükanından.


Belə görünsə də, heç də mütaliə genişliyi ilə öyünə bilmərəm; hər kəsin mütaliə reseptini onun imkanları təyin edir. Elçinin kolossal “Ədəbi düşüncələr”inə (2002) baxdıqda bu bir cürdür, Kamal Abdullanın “300 azərbaycanlı”sında (2007) tam başqadır; baxanda, mənim də kitabxanam elə kasıb deyil, amma nəsə bütün bunlarda bir az başqa zamanların havası var...

Birdən oxunmaq üçün deyil ki; amma oxusu mütləq, aktual olanlardır cəmisi. Burda qalın NLO – “Novoye Literaturnoye Obozreniye” (Yeni Ədəbiyyat Şərhləri) jurnalının son sayları 2011, 107-108-109 durur; birbaşa Ədəbiyyatın məşğul olduğum sahəsi ilə – Tənqidlə bağlı. 109-cu sayda bir müzakirə materialları oxudum: “Ədəbi mükafat – metatekst kimi”; elə bil bizim MKM müsabiqəsinin eynini analiz edirdilər ruslar özlərinin yeni nəsr axtarışları müstəvisində.

Burda ASFEA-nın “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının son sayları var: 2010, 1 və 2; Məhəmməd İqbalı, Cəmaləddin Əfqanini, Ramiz Mehdiyevi və Səlahəddin Xəlilovu ardıcıl mən məhz bu jurnaldan oxuyuram. Nə vaxtdır yerini möhkəmləndirmiş bir kitab da durur burda: “Slovar kulturı XX veka” (XX əsr mədəniyyəti lüğəti); lüğətlər-ensiklopedilər ucdantutma oxunmaq üçün deyil ki; görünür, XX yüzilin içindən çıxmadığımızdan hələ ki tez-tez gərəyim olur.

Amma çox maraqlıdır, çoxdan bitirdiyim “Umberto Eko və Postmodernizm fəlsəfəsi” kitabı da (“Qanun”, 2008) ilişib-qalıb rəfimdə; bu da, görünür, hələ də çevirməkdə olduğum “Qızılgülün adı” romanına görədir, Nərmin Kamal demişdi ki, Eko barəsində geniş ədəbiyyat siyahısını bu kitabdan götürə bilərəm.

Uilyam Folkner, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes… Pah, batdıq ki; deyəcəklər, bu da bizim Tənqid, ötən əsrin 60-cılarının mütaliəsindən bir dırnıq bu yana keçməyib. Motivlərini izah edim, bəlkə bəraətim ola. MKM müzakirələri zamanı gənclərdən birinin kitabının adına (Nahid, “21”) nisbət, yazıçı Yaşar xatırlatdı ki: bu növ adlar onun “Yeddi” kitabından (1998) nəşətlənir; hərçənd Orxan Fikrətoğlunun da belə bir silsiləsi var: “Yeddi”.

Beynimdə nəsə tərpəndi, axtarıb kitabxanamın dərinlərindən bu kitabı çıxarıb rəfə qoydum: Uilyam Folkner, Sem rasskazov (Moskva, 1958) – Yeddi hekayə.

Haçansa oxuduğum hekayələrdən fürsət tapıb üçünü təzədən oxumuşam;

hadisəni, insan içinin psixoloji nüanslarını və hasil olan əxlaqi-mənəvi qənaətləri eyni zamanda verməyin sənətkarlıq effektləri dəhşətdir burda; buna deyərlər – üslub!, buna deyərlər – hindu həyatı (fəlsəfəsiylə birgə!), buna deyərlər – Folkner!

Q.Q.Markes başqa məsələdir; əslində Latın Amerikası nəsrinin ən bariz, hətta sanki nəzərə çarpmaqdan ötrü qəsdən qabardılmış bu nağılçı üslubunu mən çox da sevmirəm; hər dəfə də romana bu və ya digər səbəbdən müdaxilə edəndə düşünürəm: gerçəkləri bu səviyyədə nağıllaşdıra bilməkdən öncə gərək ona (gerçəklərə) bu qədər sərtcəsinə bağlı Markes olasan.

Şahbaz Xuduoğlunun bir ƏYT (Ən Yeni Tərcümə) seriyası var; durmadan təbliğ edir, mənim Tənqid.net 2010, 7 jurnalımda da reklam eləmişik; bir xeyli əsər verib oxucuların ixtiyarına. Açığı, borclu qalmışam; o qədər kitabdan vur-tut Herta Müllerin “Nəfəs yelləncəyi”nin (“Qanun”, 2010) 15-cə səhifəsini oxuya bilmişəm, tərcümə dartmadı.

Odur ki, Markesin “100 ilin tənhalığı”nı Günel Mövludun təfsirində oxumazdan əvvəl, bir daha ruscasını “aktuallandırmağ”a qərar verdim. Amma deyən, gecikmişəm; Kulis.az-da Rəşad Məcid yazır ki, Günel işin öhdəsindən əməlli-başlı gəlib; sevindim.

O ki qaldı X.L.Borxesə, mənimçün stolüstü kitablar qismindəndir. Sovetdənqalma bir nəşri var: Moskva, 1984, Mastera Sovremennoy Prozı (Müasir Nəsr Ustaları) seriyasından, rəhmətlik Tofiq Qəhrəmanov bağışlayıb mənə; kitab-kitab (1935, 1936, 1944, 1949…) seçmə mətnləri verilib burda.

Ləzzət eləyir addım-addım Borxeslə bahəm XX yüzili beləsinə keçib-gəlmək; amma inanın, bugünəcən də 1960-da, “Delatel” (“İcraçı”) kitabında ilişib qalmışam.

Burda çox yığcam, iki-üç abzaslıq bir “Borxes və mən” essesi var; qısa məğzi budur ki, “mən” nə edir(əm)sə, Borxesin ayağına yazılır, Borxes həmişə məndən irəlidir… Bax bu esseni heç cür aşa bilmirəm; hər dəfə çatıb da təkrar əvvəlkiləri oxumaq həvəsinə düşürəm; bilmirəm, “mən”i, ya Borxesimi bir daha aramaq-duymaq-ayırd eləmək vəcdiylə…

“İnostrannaya literatura” jurnalının 2010, 8-ci sayı; hə, burdan I və II Dünya müharibələri arası Ədəbiyyatından tanımadığım Alfred Dyöblinin “Qorı morya i qiqantı” (Dəniz dağları və nəhənglər) romanından fraqmentlər oxuduğumdur; əsər 1924-də yazılıb, amma XXIII-XXVII əsrlərin dünya düzənini cızmağa çalışır; halbuki deyən, o qədər də uzağa getmək gərək deyilmiş: romandakı etnik-irqi mənzərələr, texniki proqressin xəritəsi, qadın hərəkatları… artıq bugündür ki, gəlib-çatıbdır. Daha bir “İnostranka” (İL jurnalına belə də deyirik): 1988-ci ilin 4-cü sayı. Bəli-bəli, heç təəccüblənməyə dəyməz, qalın arxivimdən çıxarmışam; burda Oldos Xakslinin “O divnıy novıy mir” (Ah heyrətamiz yeni dünya) romanı var; 1932-də yazılıb: ümumdünya miqyasında insanların mədəni kütləvi inkubasiyalaşması proseslərinə cəlb olunması, yüksək elmi tərəqqi sayəsində təbii varlıqlarından qoparılıb növbənöv sinif və zümrələr şəklində yetişdirilməsi qələmə alınıb. İndi daha bir romanı yada salım; bəli, Corc Oruelin “1984”-nü deyirəm, “Azərbaycan” jurnalının, gərək ki, 2010-cu il saylarında çıxdı; sağ olsun, Vilayət Quliyevi, gözəl tərcüməsi sayəsində tanış olduq; mən bu əsərin ruscasını heç internetdə tapammamışdım.



1948-də yazılıb, guya totalitarizmin tüğyan edib gəlib-çatdığı 1984-cü ili təsvir eləyir; anti-utopiya, yəni: məhz belə olasıdır – şəklində. Halbuki XX yüzili bürümüş bütün totalitar rejimlərin yığcam məğzi var burda; o sıradan sovet repressiv maşınının… Demək, bütün əsr boyu Ədəbiyyat bir boy həmişə Zamanı qabaqlayıb; hmm, əsr qurtarıb, bizim romançılar bu cəhətdən indicə ayılıblar: utopiyamı, antiutopiyamı…

Belə görünsə də, heç də mütaliə genişliyi ilə öyünə bilmərəm; hər kəsin mütaliə reseptini onun imkanları təyin edir. Elçinin kolossal “Ədəbi düşüncələr”inə (2002) baxdıqda bu bir cürdür, Kamal Abdullanın “300 azərbaycanlı”sında (2007) tam başqadır; baxanda, mənim də kitabxanam elə kasıb deyil, amma nəsə bütün bunlarda bir az başqa zamanların havası var: klassik, ölçülü-biçili, nizam və intizam… Bugün hər şey elə bil xaotikdir; bəlkə də mənimçün belədir, məsələn, kimsə indi məndən sora: Ədəbiyyatdan örnəklənmək üçün nə mütaliə eləmək məsləhətdir? – vallahi, bilmərəm. Amma budey, “Quqark”da Seymur Baycan mütaliə üçün cəsarətlə bütöv bir klassika sadalayır. Feyziyyə sorur: Tənqidçi dil bilməlidirmi? Şəksiz; bu, paralel və meridianlarımızdan ötrü vacibdir. Cavanşir Yusifli fransız dilindən də bəhrələnir, bu ona əlavə dividendlər gətirir; mən yenə də rusca ilə kifayətlənməli oluram.

Nərmin Kamalın hər yazısında sanki qəsdən qabartdığı təzə adlara paxıllığım tutur; həm ingiliscədən, həm də ən çox bugündən, XXI yüzildən olduğuna görə…

Daha çox motivlənmiş, Ədəbiyyatdakı iş-gücümlə bağlı oxuyuram. Növbəsini gözləyən kitablar var burda: “Qanun”un “Azərbaycan nəsri” sırasından buraxdığı romanlar – Sabir Rüstəmxanlının “Difai fədailəri” (2010), Seyran Səxavətin “Qaçhaqaç”ı (2010); Nəşriyyat sıra təklif edir, Tənqid isə susur – olmaz! Bu sıradan təkcə Kamal Abdullanın “Unutmağa kimsə yox”unu (2011) oxuya bilmişəm; təbii, dəstədən geridə qalmamaq üçün, roman “525”-də və Kultaz-da böyük müzakirəyə səbəb olmuş. Başqa bir – “1inci” seriyasından isə Mirmehdi Ağaoğlunun “Görüş”ünü (2011) oxumuşam hələ ki. Bu oğlanın əməlli-başlı nəsr rakursu var, MKM-dəki onluğa düşmüş “Küləyi dişləyən”i də bunu təsdiqləyirdi; amma bir gör nəyə sərf eləyir, təkrar materiala; guya Elçinin “Bir görüşün tarixçəsi”ni təzədən yazır, bir az da digər 60-cıları qatmaqla postmodern ironizə edəcəkmiş; e-heyy!, əgər Cəmiyyət təfəkkürü(n) İroniya həddinə çatmasa, min dəfə yaz, ilk dəfəki kimi təptəzə alınasıdır; karikatur bax budur!..

Növbəni qabaqlamış nəşrlər də var rəfdə: Paşa Qəlbinurun “Qara su” romanının ruscası (Moskva, 2009), biz bu əsərə MKM onluğunda diqqət çəkdik; roman texnikası baxımından peşəkardır, “qara su” fəlsəfəsi də diqqətçəkəndir, materialı bir az köhnəlib, əsri çəkmir.

Əjdər Olun “Yaşa” kitabı (“Nurlar”, 2010); əvvəlki toplularının yaxşı mənada kvintessensiyası; şeirləri 111-ci səhifəyəcən ancaq təkrarlaya bildim; axıracan çatışdırmadım, çün Mədəniyyət və Turizm Nazirliyi kitabı “Qızıl kəlmə” mükafatına layiq bildi, ləzzəti qaçdı; incəvara, elə bircə toplunun yüksək səliqə- ağ kağızlı tərtibatı buna dəyərdi! Dalağım sancdı lap; axx xəsis nəşriyyatlar!, nə olaydı mənim də Şair haqqında “Əjdər Ol. Bir könül savaşı” kitabımı (“Nurlar”, 2008) sarımtıl mətbəx kağızında yox, bu cürə uca mərtəbədə hasilə gətirəydiz, bəlkə cəmiyyətdə Alim sözünün də bir urvatı olaydı…

Nə isə; aktual rəfimdə növbəsiz, bilməm nədən olan kitablar da yer tutmada: Varisin “Sonuncu ölən ümidlərdir” (2008), Əli Əkbərin “Artuş və Zaur”u; görünür, mübahisə dəmlərindən düşüb qalıbdı. Növbəsini itirmiş kitablar da: Elçin, “Sosrealizm bizə nə verdi?” (“Mütərcim”, 2010), Rasim Qaracanın “Siz ey ordakılar”ı (2011), Rüstəm Kamal, “Kamal Abdulla: Yazıdan mifə” (“Mütərcim”, 2011) – neçə dəfələrlə o üz bu üzünə çevirmiş, vərəqlərində gəzişmişəm, hələ də bilmirəm, oxuyub-bitirmişəmmi; eləcə qalır…



Bu isə Rafiq Tağının “Düşmənimin xatirinə” kitabıdır (1991); təkrar növbə tutubdur; Rafiq deyir, çox dostları onu oxumur, əslində, Rafiq Tağı oxunmaq üçün deyil ki, dərdləşmək üçündür, dünən ya bugün, buna gərək ruh ola; indi təzə bir layihə başlayıb, ötən əsr hekayələrini internetləşdirməyə məşğuldu; bu kitabı da qoymuşam bura ki, guya nəsə düz olmasa, tutuşdurasıyam…

Deyən, lirikanı mən gərəyincə sevmirəm; eləcə Şairlə gaplaşma üçün bəhanə bilirəm; əvvəl burda Füzulinin I cildini qoymuşdum, qəzəllərini; indi nəsə A.Blokla əvəzləmişəm, yəqin bizə daha yaxın məsafədədir deyə. Klassika mənə ölçünü itirməmək hissini verir; bir də gördün odur-ha aludəyik çağdaş bir şairin üstqat duyğusal aləminə; qəfil darılıb əlini atırsan rəfə: bir şeir, iki şeir… – ruhun qayıdır dərinliyinə; Şeirin arxasında boğaz görünməməlidir, bütövlüyü ilə Şair durmalıdır…

Amma darıxanda daha da çox filosoflarla söhbətləşməyi xoşlayıram; elə ixtiyari: bir az əvvəl (il öncə olar) Derrida ilə əlləşirdim, azca da Habermasla; hər ikisi yarımçıq qaldı, Nitşe də məndə yarımçıqdır, zaman-zaman bir də gördün, təzədən rəfimdədir.

Dəb xatirinə deyil, vallah, sadəcə XX yüzildən yarımçıqlığımızdır; hər dəfə Niyazi Mehdidən, Ağalar Məmmədovdan yazılar oxuyanda əmin oluram ki, XX əsrdən bizim (Ədəbiyyatdakıların) bildiyimizi onlar, onların (Fəlsəfədəkilərin) bildiyini biz bilmir, ya da bir başqa cürə bilirik; Qərbə doymazlıq deyək buna. İndi rəfdə Platonun “Dialoqlar”ı (nədəndir, ay, nədəndir?) durur; “Meneksen” adlı dialoqdayam, Sokrat Meneksenə guya natiqlik necə olar – başa salır, əvəzində bütün tarixi detallarıyla Afina vətənpərvərliyi necə olur… – ortaya qoyur. Və mən düşünürəm: bir roman oxuyasan bugün, guya səni əyləndirə, əvəzində bütün çarpaşıq detallarıyla eləcə Qarabağ vətənpərvərliyindən söz aça; tamam bəs eləyir…

Çoxlu kitablar bağışlayırlar mənə: Azad Qaradərəli, “Burda Yer fırlanmırdı” (2011); bizdə hekayənin cırlaşdığı, az qala kütləvi utilitarlaşdığı bir zamanda Azadın məğzi-mənası-gözlənilməzliyi olan süjetlərlə meydana girməsi (əslində, qayıtması) ürəkaçandır; amma romanı (“Günəş tutulan yerdə”) axıracan bişirə bilməmişdir, ümumən bu, onun janrıdırmı? Mirzə Talıbovun “Kölgə ilə tanqo”su (2011) birinci kitabı (“Portret”, 2006) qədər olmasa da, həyat üzərinə düşüncələri ilə yenə xoş gəldi mənə; xüsusən onda ki: mücərrədliyə uymayıb süjeti durmadan həyat materialında yeridir. Rövşən Yerfi, görünür, oxucu üçün təşnə imiş, kitab ardınca kitab gəlir: “Günahsız qatil” (2010), “Qadın düşərgəsi” (2010); düşünürəm: müəllif özlüyündə ibrətamiz süjetlərə müdaxilə eləyəndə, əlavə “tərbiyəçi” obrazına önəm verəndə yalnız uduzur; elə şeylər var ki, yazıya alınmasının özü elə xidmətdir, tərbiyədir. Bugünlərdə Əyyub Qiyas da kitablarını hədiyyə etdi mənə, ikisini birdən: “Köpək bürcü” (2010), “Sonuncu büt” (2011)… Minnətdaram, əlbəttə, amma avtoqraflı kitablardan çox sıxılıram; hər birisi elə bil minnət qoyur boynuma: oxumalısan məni! – deyir… Odur ki, pulumu verib, “Əli və Nino”dan aldığım kitablarla (…….) daha rahatam, hətta kefimə müqabil: baxaq görək, hansınız irəlisiniz deyə, püşk də atıram…

Rəfdə olmayıb, görmək istədiyim kitablar var; boyatlaşıb oxumadan arxivə ötürdüklərim də yox deyildir; bir yandan gəlirsə, bir yandan boşalır, bəzən heç məntiqini də tutmaq olmur; mənə qalan isə oxumaq-oxumaq-oxumaqdır…

Arada bir də bölüşmək, oxuduqlarından baş açmağa çalışmaq; baş aça bildiyin qədər.

14-15 avqust 2011
ANN.Az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG