Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

Müxalifət fəallarının məhkəməsində zərərçəkən kimi polis əməkdaşları dindirilib (VİDEO)



Avqustun 16-da Nəsimi rayon Məhkəməsində 2 aprel mitinqinə görə həbs olunmuş 4 nəfərin - Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi QuliyevRüfət Hacıbəylinin məhkəmə prosesi davam edib.

Məhkəmə başlayan kimi vəkil Elçin Namazov hakimə etirazla bağlı vəsatət qaldırıb bildirdi ki, onun obyektivliyinə inanmırlar.

MSK-DAN HAKİMLİYƏ

Vəkillər hakimin əvvəlki prosesdə onların bir sıra suallarını düzgün cavablandırmadığını iddia edib. Onlar hesab ediblər ki, hakimlikdən əvvəl Mərkəzi Seçki Komissiyasında işlədiyi və seçki saxtakarlıqlarını araşdırdığı üçün hakimlik Şahin Abdullayevə mükafat olaraq verilib.

Hakim Şahin Abdullayev isə bildirib ki, o, vaxtilə MSK-nın beynəlxalq əməkdaşlıq idarəsində baş məsləhətçi işləyib və seçki saxtakarlıqlarının araşdırılmasında iştirak etməyib.

Beləliklə də vəkillərin hakimə etiraz vəsatəti təmin edilmədi. Bundan sonra müdafiə tərəfi yenidən hakimə etiraz vəsatəti qaldırdı. Zərərçəkənlərin də hakimə etiraz etməsinə baxmayaraq bu vəsatət də baxılmamış saxlandı.

«YAP-IN VƏSİQƏSİNİ XİLAS EDİN»

Sonra təqsirləndirilən şəxslərdən Ülvi Quliyev və Əhəd Məmmədli ifadə verdilər. Onlar aprelin 2-də konstitusiya ilə təsbit olunmuş sərbəst toplaşma hüquqlarından istifadə etdiklərini, prezidentin elan etdiyi korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da genişlənməsi üçün «Azadlıq», «İstefa» şüarları ilə yanaşı «Korrupsiyaya yox» və digər şüarlar səsləndirdiklərini və heç bir qeyri-qanuni hərəkətə yol vermədiklərini bildirdilər.
Hakim bildirdi ki, o, vaxtilə MSK-nın beynəlxalq əməkdaşlıq idarəsində baş məsləhətçi işləyib və seçki saxtakarlıqlarının araşdırılmasında iştirak etməyib.

Ülvi Quliyev YAP-ın üzvü olduğunu, partiyanın siyasəti ilə razılaşmadığını və saxlanılandan sonra partiya vəsiqəsini Nəsimi rayon polis idarəsində ondan alıb qaytarmadıqlarını da dedi. Vəkil Osman Kazımov isə hakimdən xahiş etdi ki, YAP-ın vəsiqəsini Nəsimi rayon polis idarəsində girovluqdan xilas etsin və məhkəməyə gətirtsin.

Əhəd Məmmədli isə adıçəkilən polis idarəsinin həyətində ora aparılan polislər tərəfindən möhkəm döyüldüyünü və sonda kənarda dayanan digər polislərin müdaxiləsi nəticəsində buna son qoyulduğunu bildirdi.

Digər 2 təqsirləndirilən - Elnur Məcidli və Rüfət Hacıbəyli isə nədə ittiham olunduqlarını anlamadıqları üçün bugünkü iclasda ifadə vermək istəmədiklərini bildirdilər.

Müdafiə tərəfi Əhəd Məmmədli, Elnur Məcidli, və Rüfət Hacıbəylinin həbs müddətinin bitməsi ilə bağlı vəsatət verdi. Vəkillər hesab edirlər ki, onların həbsdə saxlanmaları ilə bağlı yeni məhkəmə qərarı olmadığına görə məhkəmə zalından dərhal azadlığa buraxılmalıdırlar. Ancaq vəsatət təmin olunmayıb.

POLİSİN ANDİÇMƏSİ

Bundan sonra zərəçəkən kimi Nəsimi rayon polis idarəsi post-patrul xidmətinin əməkdaşları serjantları Nicat Seyidovla İlham Zamanov ifadə verdilər.

Nicat Seyidov düzgün ifadə verməklə bağlı andiçmə mətnini üzündən oxuya bilmədiyi üçün məhkəmə katibinin dediklərini təkrarlamalı oldu.

...vəkil Nəsimi rayon polis idarəsinin post patrul bölüyünün komandiri Əkbər Hacıyevin növbəti iclasların birində şahid qismində dəvət olunması istəsə də hakim bunu mümkünsüz saydı. Ancaq sonradan bəlli oldu ki, Əkbər Hacıyevin adı şahidlər siyahısında var imiş.
Polislər ayrı-ayrılıqda bildiriblər ki, 2 aprel aksiyasında Əhəd Məmmədli ilə Ülvi Quliyev saxlanan zaman onlara müqavimət göstəriblər. Şüarlar səsləndiriblər, yolun ortasında getməklə adamların və nəqliyyatın sərbəst hərəkətinə mane olublar. Polislər onların patrul maşınını əzdiklərini də bildirdilər.

Bir sıra hallarda polislərin məhkəmədə verdikləri ifadə zaman və məkan baxımından bir-biri ilə ziddiyyət təşkil edirdi. Bəzən ifadələrdən belə bəlli olurdu ki, bir polis eyni vaxtda müxtəlif yerlərdə təqsirləndirilənlərin ikisinə də kömək edib.

Buna görə də vəkillər dəfələrlə hakimdən xahiş edirdilər ki, yalan ifadəyə görə Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulduğunu onlara xatırlatsın. Belə məqamların birində isə bəlli oldu ki, hakim Şahin Abdullayev Cinayət Məcəlləsinin 297-ci maddəsində neçə il həbs cəzasının nəzərdə tutulduğunu bilmir. (Beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır -red.)

Hakimin nə qədər həbs nəzərdə tutulduğunu katiblikdən soruşduğunu görən vəkil Elçin Namazov:

«Eşq olsun, elə bu prosesdə 5-6 nəfərə elan edib bu məsuliyyəti, amma cəza müddətini bilmir».

«BİLMİRƏM, XATIRLAMIRAM»

Polislər mitinq iştirakçılarını saxlamaqda onlara mülki geyimli şəxslərin də kömək etdiklərini desələr də, onların kimliyini bilmədiklərini söyləyirdilər.

Onların bir çox hallarda dəqiq cavab verməli olduqları sualları «bilmirəm», «xatırlamıram» deyə cavablandırmaları, vəkilləri özlərindən çıxardırdı. Gah dövlət ittihamçısının zərərçəkmiş kimi dindirilən polisə nəsə pıçıldaması, gah da polisin suala sualla cavab verməsi məhkəmə salonunda hay-küyə səbəb olurdu.

Bəzən digər zərərçəkənlərin vəkillərin suallarının çoxluğundan gileylənməsi salonda aləmi bir birinə qatır, bəzən də suala verilən cavab salondakıları əməlli başlı güldürürdü.

Vəkil Osman Kazımov:

- Siz «Sərbəst toplaşma azadlığı haqqında» qanun barədə nəsə bilirsiniz?

Zərərçəkmiş polis əməkdaşı Nicat Seyidov:

- Özünüz bilərsiniz. Onlar piyadaların, maşınların gediş-gəlişinə mane olurdular.

Osman Kazımov:

- Mənim bu insana sualım yoxdur.

Zərərçəkən kimi dindirilən polisin bir neçə dəfə aprelin 2-də komandirindən təlimat aldığını deməsinə rəğmən vəkil Elçin Namazov Nəsimi rayon polis idarəsinin post patrul bölüyünün komandiri Əkbər Hacıyevin növbəti iclasların birində şahid qismində prosesə dəvət olunması istəsə də hakim bunu mümkünsüz saydı. Ancaq sonradan bəlli oldu ki, Əkbər Hacıyevin adı şahidlər siyahısında var imiş.

Proses avqustun 18-də davam etdiriləcək.

Müxalifət fəalları ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar. Əgər ittiham təsdiqlənərsə, təqsirləndirilən şəxsləri 3 ilə qədər həbs cəzası gözləyir.

Şərhləri göstər

XS
SM
MD
LG