Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:03

Son günlər polisdən zərərçəkənlər danışır


Polis (Arxiv foto)
Polis (Arxiv foto)
POLİS BARIŞIQ TƏKLİF ETDİ

Daşkəsən sakini Rövşən Verdiyevin yaxınları onu dörd polis əməkdaşının amansızlıqla döydüyünü deyirlər. Onu döyənlərdən birinin İctimai Təhlükəsizlik Bölməsinin rəhbəri, polis mayoru Zahid Məmmədəliyevin olduğu bildirilir.
48 yaşlı, 3 qız atası Rövşən Verdiyevin vəziyyəti ağırdır, ağciyərinə su yığılıb. O, indi Gəncənin 3 saylı xəstəxanasında müalicə alır. Qardaşı Qüdrət Verdiyev AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, qardaşının həyatı təhlükə altındadır. Həkimlər tibbi rəy verəndən sonra zərərçəkmişi Bakıya gətirmək istəyirlər:

«Daşkəsən rayon polis idarəsinin rəisi də gəlib baxdı. Ciyəri işləmir. Kateter taxıblar, onu çıxardan kimi şişir. Həkimlər icazə versələr Bakıya götürəcəyik. Rəis də dedi ki, hər şeyi həll edəcəm».

Qüdrət Verdiyev deyir ki, polis onlara barışıq təklif edib:

«Biz razıyıq. Uşağımız sağalsın. Sağ-salamat bizə versinlər. Biz cəlladlıq eləmək istəmirik».

«HƏKİMLƏR DEYİBLƏR Kİ, GƏNCƏYƏ ÇATDIRIN»

Qısaca hadisə haqda. Qardaşının dediyinə görə, Rövşən Verdiyev avqustun 10-da axşam saat 12-də xəstə qızına dərman almaqdan qayıdırmış:

«Geri qayıdarkən yolda polislər olub. Polis mayoru deyib ki, burda cinayətkarlar fırlanır, niyə baxmırsız? Bu da deyib ki, mənim alnımdamı yazılıb cinayətkar olduğum? Xeyli danışıblar. Qardaşımın dediyini deyirəm, mən orda olmamışam. Ondan sonra da «meyidinə qoyublar»».

Davamını zərərçəkənin səlahiyyətli nümayəndəsi Natiq İsmayılov danışır:
«Onu döyüblər, sonra da kameraya salıblar. Sonra görüblər vəziyyəti ayrı cürdür, nəfəs ala bilmir. Təcili həkim çağırıblar. Daşkəsən həkimləri məsuliyyəti üstlərinə götürməyiblər, deyiblər Gəncəyə çatdırın. Gəncədə travmatologiya şöbəsindədir. Burda da «xalaxətrin» baxırlar. Təyinatı üzrə müalicə getmir».

Döyüldüyünü deyən sakin Rövşən Verdiyev xəstəxanada. Foto: Azadlıq Qəzeti
«ZAHİD MÜƏLLİM ADAMDÖYƏN DEYİL»

Daşkəsən rayon Polis İdarəsinə zəng vurduq. Növbətçi Qəribov prokurorluğun araşdırma apardığını söylədi. Amma onu da əlavə etdi ki, Zahid Məmmədəliyev mədəni adamdır, heç kimi döyə bilməz:

«Sakit, savadlı adamdı, «oçkili», ziyalı adamdır. O, özü yıxılıb. Vallah nə deyim. O özü vərəm xəstəsidir. Tanımıram, danışılanları deyirəm».

Daşkəsən rayon prokurorluğunun müstəntiqi İlqar Sədətov da əvvəlcə Zahid Məmmədəliyevin heç kimi vurmadığını dedi. Daha sonrasa Baş Prokurorluğun mətbuat xidmətiylə əlaqə saxlamağı məsləhət gördü. Prokuroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sualımızı cavablandırmadı.

EHSAN ZAHİDOV: «QARA MƏNİ BASINCA...»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovsa AzadlıqRadiosuna söylədi ki, Rövşən Verdiyev həmin gecə sərxoş olub. Onun sözlərinə görə, Rövşən Verdiyev polislərə təlimat verən Zahid Məmmədəliyevin dediklərini yanlış anlayıb və buna görə də ona hücum edib. Ehsan Zahidov həmin şəxsin əvvəllər məhkum olunduğunu və vərəm xəstəsi kimi qeydiyyatda olduğunu da dedi:

«Təlimat başa çatandan sonra qəfildən polis zabitinə cumur ki, «sən məni cinayətkar adlandırırsan, deyirsən ki, belələriylə mübarizə aparın» və süpürləşirlər, yıxılırlar yerə. Sonra polislər onları aralayır. Onu polis bölməsinə gətirirlər. Orda sərxoş olduğu, öskürəyindən vərəm xəstəsi olduğu məlum olur. Xəstəxanaya gətirirlər və həkimlər onun qeydiyyatda olduğunu deyirlər».

Ehsan Zahidov
Ehsan Zahidov araşdırma aparıldığını, hətta Rövşən Verdiyevin müstəntiqə peşman olduğunu bildirdiyini deyir. Ehsan Zahidovun fikrincə, yaxınlarının hərəkəti «qara məni basınca...» məsələni xatırladır.

«QARDAŞIM NƏ MƏHKUM OLUNUB, NƏ DƏ VƏRƏMDİR»

Bunu isə Rövşən Verdiyevin qardaşı deyir. O, polisin dediklərini yalan və şantaj adlandırır.

Gec olduğundan xəstəxanayla əlaqə yarada bilmədik. Amma 3 saylı Gəncə xəstəxanasının travmatologiya şöbəsinin həkimi Fəxrəddin Həsənov «Azadlıq» qəzetinə deyib ki, Rövşən Verdiyev xəstəxanaya döş qəfəsinin sol yarısının küt travması və ağ ciyərdə dəri altı emfizeması diaqnozu ilə daxil olub.

Keçmiş polisirəisi Mahmud Hacıyev son hadisəni polis özbaşınalığı kimi dəyərləndirir.

POLİS GÜLLƏ ATIR

Yeri gəlmişkən, bu günlərdə Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Eldəniz Məmmədov xidməti «Makarov» tapançası ilə Rövşən Məmmədovu qolundan yaralayıb. Güllə daha sonra polisin yanındakı xidmət yoldaşı Maarif Ələsgərovun ayağından dəyib.

Rövşən Məmmədov idarə etdiyi «Mercedes» markalı avtomobillə keçərkən polis leytenantı sürücüyə maqnitofonun səsini azaltmağı məsləhət görüb. Bu zaman onlar arasında mübahisə düşüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə iş açılıb.

Daxili İşlər Nazirliyi bu barədə rəsmi məlumatında polis əməkdaşının ehtiyatsızlıqdan atəş açdığını bildirir.

POLİS ŞİKAYƏTƏ BAXMAYIB?

Avqustun 15-dəsə axşam saatlarında Daşkəsənin Gurbulaq biçənəyi adlanan ərazisində ot biçən 22 yaşlı Afiq Həsənova 5 nəfər hücum edib. Həmin yerdə olan zərərçəkənin anası Ulduz Həsənova Gəncə müxbirimiz Gülnür Raqifqızı ilə söhbətdə deyib:

«Bir də gördük atı sürüb gəldilər. Gördüm sərilib qanı tökülüb, özünü bilmirdi. Öz kərəntimiz, öz yabamızla döyüblər. İçkili idilər. Gəldim ki, qanın içində yıxılıb. Məni də, yoldaşımı da döydülər. Yalvarırdım ki, balanıza qurban olum, eləməyin».

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Fəxrəddin Həsənov deyir ki, travma ağır deyil, xəstənin vəziyyəti sabitləşir.
Növbətçi həkim deyir ki, hadisə ilə bağlı Daşkəsən polisinə məlumat verilsə də, hadisəylə maraqlanan olmayıb.

Afiqin dayısı AzadlıqRadiosuna deyib ki, yaxın qohumlarla birgə polis məntəqəsinə gediblər. Ancaq təkidlərinə baxmayaraq polis hadisə yerinə gəlməyib.

Keçmiş polis rəisi Mahmud Hacıyev
DİN-in rəsmisi Ehsan Zahidov deyilənlərə inanmır, «qətiyyən mümkün deyil ki, vətəndaş polisə müraciət etsin, ona rədd cavabı verilsin. Amma hətta belə hadisə olubsa, nazirliyin 102 xidmətinə zəng vursunlar»- deyə əlavə edir.

Keçmiş polis rəisi Mahmud Hacıyev:

«Son 10-12 ildə polisin səviyyəsi, peşəkarlığı, intellektual səviyyəsi aşağı düşüb. Son hadisələr də bunu göstərdi. Bundan əvvəl də belə hadisələr olub, qarşısı alınmır. Cəza görülməyəndə bu da artır».

EHSAN ZAHİDOVDAN MİSAL: «VƏTƏNDAŞLAR POLİSİ BIÇAQLAYIB»

Ehsan Zahidovsa bu fikirdədir ki, vətəndaşlar onlara verilən demokratiyadan, imkanlardan sui-istifadə edirlər. Hətta bir misal gətirir. Onun dediyinə görə, avqustun 15-də gecə DYP-nin iki əməkdaşı bir qrup adamın dava etdiyini görüb onlara yaxınlaşır. Dəstənin üzvlərindən birisə polis serjantlarını yaralayıb.
Ehsan Zahidov deyir ki, polis ictimai asayişin keşiyində durur, onun tələbləri də qanunidir. Ona əməl olunmalıdır.
XS
SM
MD
LG