Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:43

50 manatlıq öpüş


Faiq Şadlı
Faiq Şadlı
KLOUNUN SEHRLİ SÖZÜ

32 yaşlı Faiq Şadlı (Hüseynov) 7 ildir ki, toylarda, əyləncə məclislərində Zuzu, Mimi adıyla klounluq edir. Deyir ki, Azərbaycanda kloun bazarında onu ciddi rəqib hesab edirlər. O, 75 növ heyvan səsi çıxara bildiyini deyir:

“Ad gününə gedirəm, uşaqları oynadıram, balaca səbəbkarı çəkirəm bir otağa. Qulağına bir söz deyirəm. Nə sözü, deməyəcəyəm. Klounlar o sözü 1000 manata istəyir, demirəm. Və həftədə bir dəfə həmin uşaq atasına deyir ki, Zuzu gəlməsə mən yatmayacam. Zəng edib çağırırlar, uşağı şənləndirirəm, mahnı oxuyuram, dombalaq aşıram, akrobatik hərəkətlər və s. Pulumu alıb çıxıb gedirəm”.

UNİVERSİTETƏ VAXT İTİRMƏK İSTƏMƏYİB...

Sumqayıt şəhərində anadan olan Faiq Şadlı hazırda həmin şəhərdə "Şad oğlanlar" adlı teatrın rəhbəridir. Müxtəlif televiziya proqramlarında çalışıb, filmlərə çəkilib. Amma orta məktəbi cəmi 7 sinif oxuyub:

“Qorki “Ana” əsərində deyib ki, ali mütaliə ali təhsildən qat-qat yüksəkdir. 5 il universitetə gedib-gəlməkdənsə, mən həmin 5 ili öz sahəmdə hansısa təcrübəyə sərf etsəm, daha böyük irəliləyişə nail ola bilərəm. Ona görə 5 ilimi havayı yerə xərcləmək istəməmişəm, heç marağında da olmamışam”.

Faiq Şadlını kloun işinə gətirən səbəb maddi sıxıntılar olub. Təzə ailə həyatı onu daha çevik qazanc yolları axtarmağa sövq edib:

Faiq Şadlı iş başında
“Dost-tanış dedi ki, səviyyən itəcək, efirlərə çıxırsan, gedib klounluq edəcəksən? Mən də dərhal və fikirləşmədən cavab verdim ki, həyatda 3 şey insanın səviyyəsini sala bilər: vətəni satmaq, oğurluq, 3-cünü isə demirəm”.

ƏN ÇOX QAZANCI – 4 MİN MANAT

Kloun ən çox qazancı indiyədək Quba rayonunda Qırmızı qəsəbədəki toyda götürdüyünü deyir - 4000 manat. Onun bildirdiyinə görə, qazanmaq üçün ən qızğın dövr payız və qış aylarıdır:

“Elə olur biri yaxınlaşır ki, 10 manat pul verir ki, get o stolda oturan dostumu öp, qrim düşsün sifətinə. Gözlərindən hiss edirəm ki, onu öpsəm məni vuracaq. Elə öpmək istəyəndə 20 manat verir ki, qayıt onu öp. Onun yanına gedirəm, 30 manat verir ki, indi get öp. Qayıdıram, bu dəfə 50 manat verib məni göndərirlər. Beləcə pulumu qazanıram”.

MASKA ALTINDAKI KƏDƏR...

Faiq Şadlı deyir ki, bəzən səhnəyə çıxıb başqalarını güldürmək vəzifəsini yerinə yetirəndə heç kəs hiss etmir ki, kloun maskasının arxasında hansısa kədər var:

“O vaxt ata evində qalırdım. Evin sonbeşiyiyəm. Böyük qardaşım gəldi məndən ev tələb elədi, evi də satanda anamı da aldatdı, atamı da aldatdı, özü də pulu götürüb çıxdı aradan. Mən də getdim kirayələrdə qaldım. Atam da fikirdən dərd çəkdi, rəhmətə getdi. Kirayə qaldığım evdə adi çörəyə borclu olduğum vaxt mən uşaqları güldürmüşəm...”

Faiq Şadlının indi öz kloun qrupu var. O deyir ki, işsizlikdən şikayət edən gəncləri də öz qrupuna götürüb toydan toy tutmağın yollarını öyrədə bilər.

XS
SM
MD
LG