Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:57

Sevinc Pərvanə. Sevin nənə, babam öldü!


Sevinc Pərvanə


Nərmin Hüseynzadəyə ithaf

sarmaşıqcan,
kədərlidir söykənmədən
ayaq üstə dura bilməmək
ayaqların kövrək
baxışların ürkək...
hər an dayağını itirmək qorxusuyla yaşamaq
nə acı...
nə həyəcanlı...
indi sənin kölgəndə yaşamasına
həzz almasına rəğmən
daha qürrəlidir
başına köhnə, paslı vedrə keçirilmiş paya
aldırma..!

o, bilmir vedrədən çox
sən yaraşırsan ona
o, bilmir
sən onu bağışla...

sarmaşıqcan, kədərlənmə
yaşıl bədəninlə cilvələn
çiçəklən
ört-basdır elə
başqalarının ayıblarını
saxla gizlinlərini
yanından ötüb keçənlərə
yaşıl yaylıq salla
səni sevsinlər
sevsinlər
qolsuz-budaqsız
çiçəksiz paya
sənin gözəlliyinə
balaca canındakı cəsarətə
səndəki həyat eşqinə söykənib də
ayaq üstə dayandığını qoy bilməsin,
eybi yox!


bu dalanın sonu yox

çıxılmaz dalandayam
sağım da sən
solum da sən
hara qaçım mən səndən?
allahın üstünə yüyürüm
yoxsa şeytanın
hansı tutar bu qırıq qolumdan indi
kim tökər ətəyimdən bu daşı?

yeddi yetimlə dərədə qaldım
mərddən uzaq düşdüm
namərdə qaldım
sevinc üz çevirdi
dərdə qaldım
kim silər gözümün yaşını indi?

cəhənnəm zəbanı üzümü qarsmış
avandım da daha əynimə tərsmiş
bu sevda mənimçün nə ağır dərsmiş
itirdim...
kim tapar başımı indi?

bu dalandan çıxa bilsəm
çıxa bilsəm...
heç bilmirəm hara tutam üzümü...
üzüldü boğazım quş boğazı tək
bəlkə çıxarım barmağımdan
salım boğazıma nişan üzüyün?

bu divarın o üzü yox...
dünyanın sonudu bu dalan, yəni?


Uduzana qədər

mən nə ölümlərdən döndüm
qızdırmaya, qızılcaya dözdüm beşiyimdə...
boğularkən xilas olundum beş yaşımda
(o vaxtdan sudan qorxum var)
intihara qalxdım iki-üç kərə
çocuqluq eşqi naminə
atama-anama küsdüyümdən
çocuq depressiyası deyək adına...

mən nə ölümlərdən döndüm
dim-dik baxdım Əzrailin gözünə
maşın qəzası keçirtdim
sətəlcəm oldum
Əzraillə oynadığım çilingağac oyununda uddum
yoruldum

indi dözməliyəm
yeni bir oyuna qədər
uduzana qədər...


Kədərliyəm, Aliyə

kədərliyəm, Aliyə
bişirəm istidən
yenə mətbəxdə...
mətbəxi uşaq otağı elədik
koridoru bölüb mətbəx düzəltdik
Məlikməmmədin budundan kəsib
Zümrüd quşuna verdik
axsadı Məlikməmməd...
indi mətbəxdə pəncərə də yox
“pəncərəsiz qaldım” bu mətbəxdə, Aliyə...

bu boyda vurhavurun içində
biz kimik ki, səninlə
birimiz Fatma,
birimiz Tükəzban
mətbəx kombaynı
mətbəx robotuyuq
hərdən tozsoran oluruq
hərdən paltaryuyan maşın
maşın, batsın başın...
bol-bol enerji xərcləyirik içimizdən
modern Tükəzbanıq,
modern Fatma
kədərliyəm, Aliyə...

bu mətbəx pişiyindən
fərqimiz nə?
üstəlik o da hamilə...
kədərliyəm, mənə fikir vermə...
evdəki çiçəklərin belə
üzü dönmüş məndən
pəncərədən günəşə boylanırlar
həyata boylanırlar
Aliyə, bu mətbəxdə qazan qaynayır
həyat yox...
səhər su vermədim çiçəklərimə
bir az da dönüb mənə baxsınlar
günəş pəncərələr ardındakı çiçəyə su verməz
bunu anlasınlar...

kədərliyəm, Aliyə
salam de Əliyə
Aişəni öp...
qadınlığıyla barışanları heç sevmədim,
bilirsən
çoxdan demişəm ki...

bu yay qızlarıma velosiped almışam
Aişə böyüsün,
ona da alacam


Yoxsan...

yoxsan...
o qədər dağınıq hər şey

tez-tez çayımı üstümə dağıdıram
yapışır şalvarım qıçıma
yanıram, yanıram.

əlimlə qoyduğum əşyanın yerini unuduram
şərləyirəm evdəkiləri
axırda özüm tapıram

yarıyadək oxuduğum kitabları
başdan başlayıram

pişiyimə kök
dovşanıma ət verirəm
sənin yerinə
müdirimə zəng edirəm...

bilgisayarımın yaddaşından
lazımlı faylı
çaşıb silirəm

evdə işıqları yanılı
suyu açıq buraxıram
deyinir anam
ayaqyolunda suyu çəkməyi unuduram
deyinir anam

bir saatın içində
üç dəfə soruşuram
ayın tarixini

marketlərdə pulu artıq verirəm
avtobusdan pulsuz enirəm
unuduram dişlərimi fırçalamağı
tərs geyinirəm köynəyimi
işim düz gəlmir
o qədər dağınıq hər şey...
yoxsan...


tələbsiz

səndə gecələrin bəyazlığını
zamanın azlığını sevdim...
səndə tapa bilmədiklərimi
başıma çəkdim
bir içim su kimi
susdum...
dilsiz-ağızsız sevdim
qol qoymadım başqaları tək
şərtlər
tələblər dolu kağızlara
şərti şumda kəsmədən
bezmədən
taleyimdən küsmədən
qanunsuz
kağızsız sevdim...
qorxdum ki, səni bir daha
bu qədər sevən olmasın
bir az da yazıq bilib sevdim
bağışla...
amma sevdim
canımdan artıq
dəli kimi...


Sevin nənə, babam öldü!

Sevin nənə, sevin
babam öldü...
azadsan indi
amma baxıram
qandallar biləklərinə yerimiş
bədəninin əzası olmuşlar
açsan belə qopmazlar
uzun zaman ötmüş
ta altmış il
sən də ömrünü bitirmisən
sevinmə nənə, sevinmə...

heç bilmək istədinmi
necədi dadı dodaq boyasının,
ətri necədi?
baxdınmı güzgüdə
əndamının necə göründüyünə
ərinin gözlərini necə oxşadığına
yoxsa körpə qızım kimi sən də
çılpaq bədənindən qorxmusan həmişə?
üşütməsin deyə bükülən ayaqları açığa çıxanda
qorxudan bağırırdı uşaqcığaz...
“doğduğum uşaqların taleyi necə olacaq”
-deyə sordunmu bir dəfə
kötəkləyərək sevən ərinə
doğmaq üçün medal verən
hökumətə?
yox,
sevinmə nənə, sevinmə...

sənin qızların dikdaban geydilər
azacıq boyları artdı sadəcə
ərləriylə uzlaşdı boyları.
dodaq boyası sürdülər
kirşan yaxdılar
gözlərinə qaralar çəkdilər
ərlərindən yedikləri kötəyi gizləsinlər deyə
heç nə dəyişmədi ki...
sevinmə nənə, sevinmə...

daha sənə qışqırmayacaq
acıqlanmayacaqlar
nə kötək, nə danlaq
izin almadan gedəcəksən
oğlunun, qızının evinə
sevin nənə,
babam öldü!

babamın adı nə idi, bilirdinmi?
ya sənin adını bilirdimi o?
gözümü açandan sən onu “ədə”
o, səni “az” deyə çağırıb...
daha qarğış eləmə
nə də goruna söymə
olan oldu, nənə
keçən keçdi.


Biz o qədər ürkəkdik ki...

biz o qədər utancaqdıq ki
cib dəsmallarımızın tozunu
azı on dəfə üfürüb ötürərdik bir-birimizə
yıxılıb dizimizi qanatmışsaq əgər
biz o qədər ürkəkdik ki
qoşa addımlardıq sevgilimizlə
ayrı-ayrı səkilərdə
sevdiyimizin adını rəngli qələmlərlə
cızmazdıq divarlara
heç pəncərə şüşəsindəki
fani buxara da etməzdik etibar
barmağımızla havaya cızardıq, havaya...
o sevimli adı müəllimə çağırarkən
qızardığımızı gizlədə bilməzdik
müəllimənin gözünə dik baxa bilməzdik
mənalı baxışlarımızı tutardı müəllimə
gülümsərdi ürəyində...
lalın diliylə danışardıq
ən gizli səhifələrində
ürək rəsmi çəkərdik dərsliklərimizin
içindən bir ox keçirərdik
oxun ucundan qan damlardı qırmızı-qırmızı...
xatirə dəftərlərindəki “sevirsənmi?” sualına
“yox” cavabını verərdik
səsini eşitmək ümidiylə evinə zəng vurar
“səhv düşmüşəm” deyib üzr diləyərdik dönə-dönə
atasından
biz o qədər utancaq
o qədər qorxaqdıq ki
heç bir sevgimizdə çata bilmədik vüsala


Cubbulu ƏIəddin

rəngi bozarmış
üzünün şəkilləri solmuş
köhnə adyalı
evin ortasına sərən cubbulu qız
əlinə keçən oyuncaqlarını da yığmış
özünü Ələddin
altındakı adyalı
uçan xalça zənn edir
xəyalında uçub gedir
əllərini də çırpır quş kimi...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG