Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:19

İranda sünni-şiə qarşıdurması güclənir


Sünnilərin çoxluqda olduğu Zahedan şəhəri Jundallah terror qruplaşmasının fəal olduğu yelərdəndir

Sünnilərin çoxluqda olduğu Zahedan şəhəri Jundallah terror qruplaşmasının fəal olduğu yelərdəndir

AzadliqRadiosunun fars xidmətinin əməkdaşı Hossein Aryan yazır ki, İranın şiə dini liderləri “yenidənqurma” adı altında ölkədəki sünni mədrəsələrini ələ keçirmək istəyir.

Bundan ötrü 2008-ci ildə Qum şəhərindəki İranın Mədəni İnqilab Şurası tərəfindən qəbul edilən bəyannaməyə əsaslanırlar. Bu Şuraya prezident Mahmood Ahmedinejat başçılıq eləsə də, üzvlərini Ali dini lider Ayatollah Ali Khamenei təyin edir.

Sözügedən bəyannamədə sünni mədrəsələrinin idarəetməsini və tədris planına əlavə və dəyişikliklərdən söhbət gedir. Həmin sənəddə mədrəsələrin Ali Dini Liderin – Khameneinin nümayəndəsi tərəfindən idarə olunması və proqramın da dəyişdirilməsi nəzərdə tutulur.

Mədəni İnqilab Şurasının katibi Hojjat ol-Eslam Abbas Farzi iyunun 21-də bəyan eləmişdi ki, artıq sünni mədrəsələrinin 98 faizində yenidənqurma işləri başa çatıb və onlar təkrar qeydiyyata alınıblar. Bu işlərin də məqsədi odur ki, sünni dindarlarının da müasir standartlara cavab verməsini təmin etsin və sentyabrdan ayından başlayaraq, onların maaşlarını da qaldırsın.

Avqustun 5-də Zahedanda keçirilən təntənəli mərasimdə élan edilib ki, sünni mədrəsələrinin tədris planını ora səviyyəli bir şiə xadimi - Hojjat ol-Eslam Ahmad Barati gözdən keçirəcək.

Bu qərarı élan edən Ayatollah Abbas Ali Soleymani deyib ki, bəzi sünni mədrəsələrində müəllimlər Vəhhabiliyin təsiri altındadırlar, tələbələrin də beyninin yuyurlar və bu fikirləri yayırlar: "Və əgər biz vaxtında bu cür tələbələri düz yola yönəltsək onları gələcəkdə cinayətlər və vəhşiliklər törətməkdən də çəkindirmiş olarıq”.

Soleymani vəhşilik deyəndə Jundallah qruplaşmasının bu regionda uzun illərdir ki, törətdiyi terror aktlarına işarə edib.

Ancaq Tehranın bu qərarı bir çox yerli sünni dini xadimləri narazı salıb. Zahedanda, cümə namazındakı moizəsində Molavi Abdul Hamid narazılığını gizlətməyib. Deyib ki, məscidlərini və mədrəsələri hökumətə təhvil verə bilməzlər:

- Əgər hökumət sadəcə ümumi nəzarət istəyirsə, biz bunu qəbul edərik. Biz hökumətə və Ali lider Khameneiyə tabeyik, amma dini məsələləri onlara buraxa bilmərik. Bu məsələlər heç vaxt hökumətin əlində olmamalıdır. İstər islamçı hökumət olsun, istərsə də başqası. Bizi məhbəs və sürgünlə də hədələməyin. Allah bilir ki, biz hətta ölümdən də qorxmuruq.

Amma İrandakı bəzi fəallar bu planın əslində siyasi məqsədlərlə bağlı olduğunu düşünür. Məsələ ondadır ki, İranda sünnilər əsasən kürdlər, bəluçlar və türkmənlərdir. Onlar ölkə əhalisinin 10 faizinə yaxının təşkil edirlər, tarixən Tehrandakı rejimlə problemləri olub.

İranın Konstitusiyasında sünni müsəlmanlara tam vicdan və dini etiqad azadlığı verilir. Amma sünnilər şikayətlənirlər ki, şiə rejiminin hakimiyyətə gəlməsindən sonra onları sıxışdırırlar. Məsələn, İslam inqilabından sonra sünnilərin ancaq bir naziri olub, onlara Tehranda və başqa iri şəhərlərdə məscid tikməyə icazə vermirlər və s. və ilaxır.

Londondakı Abdolsattar Doshoki kimi ekspertlər düşünür ki, əslində Tehran rejiminin məqsədi hakimiyyətin nəzarət edə bilmədiyi sünniləri də nəzarətə almaqdır.

Mədrəsələri nəzarətə almaq üçün sünni üləmalara qarşı təzyiqlər əslində bir neçə ildir davam edir. Amma son bir neçə ayda proses sürətlənib. Onlara xaricə getməyə və ya dini konfranslara qatılmağa qoymurlar. Zəiflətmək, təzyiq etmək və ayrı-seçkilik salmaq kimi hərəkətlərin axırı isə pis olacaq və Bəluçistandakı ekstremist qrupların daha da radikallaşmasına gətirəcək.

Ancaq İranın Ali dini lideri Ayatollah Khamenei hər hansı təzyiq iddialarını təkzib deyir. Əksinə, bütün çıxışlarında deyir ki, ümumi düşmənlərə qarşı mübarizə aparmaq üçün sünni-şiə birliyinə ehtiyac var və bütün bu tədbirlər də bu birliyin qurulmasına yönəlib.

Ötən il Khamenei sünni rəmzlərinin təhqir olunmasını qadağan edən fətva da vermişdi. Ancaq o da var ki, İranda Khameneinin sünni-şiə qardaşlığı fikrini qəbul etməyənlərə də vəhhabi damğası vururlar.

Elə Zahedandakı Abdol Hamid Molavi də cümə namazındakı fikirlərinə görə bu cür damğalanıb. Bu ay keçirilən nümayişdə şiələr “Vəhhabilərə ölüm, Molaviyə ölüm” şüarları səsləndiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG