Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:58

FEYZİYYƏ. Balans vur, balans...


Sənin yoxluğun... (Fərhad Metenin xatirəsinə)
Gözlə

No media source currently available

0:00 0:07:34 0:00

Süjeti FEYZİYYƏ hazırlayıb


FEYZIYYƏ

BALANS VUR, BALANS...

(Fərhad Meteni anım mərasimindən yazı... Anım günü ilə bağlı təkrar çap edilir)

- Bir gün çəkilişə getməli idim. Həmin gün cəhənnəm istisi vardı bayırda və biz Sahil parkında görkəmli alimlərimizdən birini çəkməli idik.

Hər çəkilişdən qabaq rejissor mənə bərk-bərk tapşırırdı:

“Bax, unutma ha, operatora tapşır, balans vursun. Onlarda laqeydlik olur bir az, ya da unuda bilərlər. Amma sən dur başının üstündə, de ki, bu dəqiqə, gözümün qabağındaca balans vur, balans...”.

- Bunu niyə danışdın?

- Heç, elə-belə!

- Bəs tədbir? Tədbir necə oldu?

- Alındı, mən istədiyim kimi olmasa da, alındı.

- Danış, maraqlıdı!

- Dəvət etdiyim, amma tədbirdə görmədiyim çox adam vardı.

- Kimlər gəlmədi?

- Nəyinə gərək, bilməyin bundan sonra nəyi dəyişəcək ki? Biz umduğumuzdan küsdük bircə. Bircə Salamdan incidik. Salam Sarvan gəlmədi...

- Salam müəllim? Niyə? Axı o...

- ... Bilirəm, neynəyək, gəlmədi də... Gələ bilmədi... İlham Ağsudan Salama güvənib gəlmişdi desəm, inanmazsan. O, Salam gələcəkdi deyə ürəklənmişdi. Mən İlhamdan tədbirdə bircə kəlmə də olsun danışmağını istəyəndə o, “Salam gələcəkmi?”- deyə soruşmuşdu. Yəqin İlham kürəyini Salamın nəfəsinə söykəyib danışacaqdı o gün, cəsarətli olacaqdı, səsi titrəməyəcək, qəhərdən boğulmayacaqdı. Amma Salam gəlmədi və o gün İlhamın masaya söykəyib özünə dayaq etdiyi əllərinin əsməsi, səsinin titrəməsi onun nitqindən daha çox şey deyəsi oldu...

- Müəllimlərdən heç kim gəlmədi?

- Rüstəm Kamal gəlmişdi. Əvvəllər dərsdə ironiyayla “Sumqayıt komandası” deyib bizə hər dəfə bir atmaca atan, bir qədər sonra bizə olan münasibətin yaxşı mənada dəyişdiyi ilə razılaşmaq istəməyən, daha sonra az qala bizi çox istədiyinə əsəbiləşən və sonda sevgi dolu intonasiya ilə “hanı o kamanda” deyə heyfslənən Rüstəm müəllim
gəlmişdi.

- Doğrudu, əvəllər onun atmacalarından çox inciyirdik. Sonra?

- Bir də Ramiz gəldi, Ramiz Rövşən. Heyf! Heyf ki, tədbirə gecikmişdi və tədbirin əvvəlində təqdim olunan videoçarxa baxa bilmədi. /...Ah, o qızın barmaqları.../...Gəlib qapımı döymədi.../. Xatırladın?

- Xatırladım... Həmin o son gün...

Fərhad Mete

- O videoçarxda o şeirin ayrı ahəngi vardı... Ramiz Rövşən görsəydi, çox bəyənəcəkdi bu ifanı. Heyf görə bilmədi

- Bəs, videoçarx? Bu hardan?

- Bilirdim ki soruşacaqsan. Mən əslində sənədli film hazırlamaq niyyətində idim. Bu barədə Xanəmir Telmanoğlu ilə çox danışmışdıq. Bu arzunun çin olması üçün bütün yayı onunla xeyli götür-qoy elədik. Hərdən hiss edirdim ki, bezdirirəm onu. Amma heç vaxt üzə vurmurdu.

- Bəs necə oldu?

- Alınmadı. Sən demə sənədli film çəkdirmək bizim müzakirəmizdən daha uzun çəkəcək məsələ imiş.

- Çəkiliş demişkən, bayaq kimi isə çəkməkdən danışırdın. Niyə yarımçıq qaldı?

- Hə, onu deyirdim axı...Həmin gün çəkilişdən qayıdandan sonra rejissor görüntülərə baxıb əsəbiləşmişdi. Ekranda hər şey fərqli görünürdü - solğun rənglər daha şit, təravətli rənglər daha qaşqabaqlı idi. Kölgələr, günün şüası, dənizin maviliyi - heç nə olduğu kimi deyildi, heç nə öz həqiqi rəngində görünmürdü, onlar yaman dəyişmişdilər. Rejissor əsəbi halda: "Bəs sən ona demədin balans vursun?" - soruşdu.
- "Dedim". - "Bəs niyə vurmadı?" - "Dedi ki, balans vurmağa ehtiyac yoxdu..." - "Nə? Necə yəni ehtiyac yoxdu? - rejissoru elə bil cin vurdu.

- Videoçarxı həmin rejissor yığmışdı?

- Yox, onu başqası yığdı. /Aysel, git başımdan ben sana görə deyilim.../ Xatırladınmı bu şeiri?

- Xatırlamaya bilərəmmi? Gözəl şeirdi.

- O da bu şeiri çox sevir. Ona görə yox ki, öz adı da Ayseldi. Ona görə ki, o gözəl gülləri yaxşı tanıyır. Ona görə ki, onun içində bir gülüstan var. Yazılarda üç nöqtə qoymağı sevən bu qız, - mən onun ölümündən sonra qazandığı ilk dostam,- dedi və bunu sübut etdi.

- Sağ olsun.

- Hə, sağ olsun. Hərdən mənə elə gəlir ki, arzu uşaqları sevməyən kimsəsiz qarıya bənzəyir. Tənhalığa öyrənmiş bu qarı hər dəfə səs-küyləri ilə zəhləsini tökən uşaqları evindən qovur, arxalarınca qapını çırpıb cəftəni çəkir, sonra ona dil çıxardıb başqa qocanın yanına cuman uşaqları pəncərədən seyr edir... Amma mən heç vaxt məni qapısından qovan arzularıma dil çıxarmağı bacarmadım. Ömrüm boyu, üzümə bağlanan qapının arxasında dizlərimi qucaqlayıb bir gün çağırıla biləcəyimi gözlədim...

- Nə olub sənə?

- Mən hər şeyi düşünmüşdüm, hər şey tamam fərqli, yüksək səviyyədə olmalı idi.

- Bəs nə oldu?

- Mən dedim ona, dedim, - İbrahim müəllim, bəlkə mən tədbirdə danışım hər şeyi, deyim nə baş verdiyini... Televiziyalardan çəkilişin niyə gəlmədiyini, bu tədbirin keçirilməsinə mane olmaq istəyənlərin kimliyini, ictimaiyyətin tanımadığı şairə xatirə gecəsi keçirtmək istədiyinə görə onun danlaq yeri olmasını, hamısını deyim bəlkə?.. – "Yox, - dedi. Yox, bu heç nəyi dəyişməyəcək..."


- Gör bir nələr olub?!

- Çox şey olub, çox şey! Özün bilirsən axı, hər şeyi demək olmur.

- Deməli, televiziya kanalları çəkmədi?

- Telekanallara faksların göndərilməsi qadağan olundu. Sadəcə video çəkiliş oldu və bu çəkilişi elə naşı operator aparırdı ki, nə kadrları tuta bilirdi, nə balansı vura bilirdi.

- Yaxşı, bəs bu balans vurmaq nə məsələdi?

- Əvvəllər bunun nə demək olduğunu mən də bilmirdim, amma sonra öyrəndim ki, sən demə bu, çəkiliş başlamamışdan öncə kameranın özünü ağ rəngin üzərində kökləməsi imiş. Qəribədi hə? Görəsən niyə məhz ağ? Balans vurmaq rəngləri ekranda olduqları kimi, həqiqi çalarlarında, həyatda necə vardılarsa elə görmək üçündü. Balans vurulmadıqda rənglər ekranda olduğundan cansız, solğun, qarışıq görünər – heç nə özünə bənzəməz. Sonra isə çox gec olar, peşmançılıq olar.

- Bəs qəzetlər necə? Tədbiri yazan oldu, yəqin ki?!

- Yox, o da olmadı.

- Niyə?

- Bilmirəm! Tədbirdən sonra bir neçə gün səhhətimdə qəribə problemlər yarandı.

Sonra mətbuatı izlədim, gördüm ki, tədbirdən xəbər-ətər yoxdu. Özüm yazmaq qərarına gəldim.

O qədər hadisə baş vermişdi ki, fikirlərimi cəmləyə bilmirdim. Çalışırdım deyilməsi mümkün olmayan hadisələr yazıya düşməsin. Yenə də olmurdu. Beləcə bir neçə epizodu yazıb sonra pozası oldum və nəhayət səhərə yaxın yazını bitirdim. Cəmi bir neçə saatdan sonra kompüterimə virus qonaq gəldi və başım onun layiqli yola salınması mərasiminə qarışdı.

Beləliklə də tədbir haqqında yazı mətbuatda çap olunmaq üçün gecikdi. Amma iki gün sonra Sumqayıtda çıxan qəzetlərin birində belə bir yazı çap olundu: “M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının "Xarici ədəbiyyat" zalına toplaşanlar bu dəfə çağdaş Azərbaycan ədəbi gəncliyinin öncüllərindən olan şair Fərhad Metenin xatirəsini anmaq üçün bir araya gəlmişdilər. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, “Gənc Ədiblər Məktəbi”nin rəhbəri Rəşad Məcid açaraq,

xatirəsinin işığına toplaşılan şair Fərhad Metenin yaradıcılığı haqda ətraflı məlumat verdi.

Sonra söz “Bu şəhərə uzaqdan baxarsan...” adlı xatirə gecəsinin keçirilməsinin təşəbbüsçüsü və tədbirin aparıcısı gənc şairə Feyziyyəyə verildi. Feyziyyə həyatdan vaxtsız getmiş istedadlı şair və nasir Fərhad Metenin işıqlı xatirəsinin daim onu sevənlərin ürəyində yaşadığını, onun təkrarsız poeziyasının şairin ömrünün davamı olaraq hər zaman yaşayacağını dilə gətirdi.

O, eyni zamanda Fərhadın şəxsiyyət olaraq da əvəzsiz bir insan, sədaqətli dost olduğunu qeyd etdi. Xatirə gecəsi şairin öz səsində lent yazılarından, video və fotogörüntülərdən ibarət videoçarxın tədbir iştirakçılarına təqdim olunması ilə davam etdirildi.

Fərhad Metenin qısa ömrünün müxtəlif məqamlarına ayna tutan videoçarx tədbirdə iştirak edənlərin hər birini bir daha Fərhadlı günlərə qaytardı, onları kədərləndirdi və kövrəltdi.

Sonra aparıcı çıxış etmək üçün sözü şair Ramiz Rövşənə verdi. Ramiz Rövşən çağdaş ədəbi gəncliyin yaradıcılığını diqqətlə izlədiyini və bu imzalar içində Fərhad Metenin imzasının xüsusilə fərqləndiyini, onun şeirlərinin ədəbiyyatımıza ciddi bir şairin gəldiyindən xəbər verdiyini dedi.

O, Fərhadın timsalında özünə ruhən ən yaxın olan bir şairi tapdığına sevindiyi kimi, onun həyatdan belə tez getməsinə çox kədərləndiyini də qeyd etdi. Sonda, şair Ramiz Rövşən Fərhad Metenin yaradıcılığının kəmiyyət etibarilə az olmasına baxmayaraq, Mikayıl Müşfiq, Əli Kərim kimi poeziyamızda daim qalacağını vurğuladı.

Filologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Rüstəm Kamal Fərhad Metenin BSU-nun Yaradıcılıq fakültəsinin dinləyicisi olarkən onunla etdiyi maraqlı söhbətləri xatırladı. O, Fərhadın gənc yazarlar arasında həm rəftarına, həm də yaradıcılığına görə tamamilə fərqli bir şair olduğunu, həyatı sanki yuxu kimi yaşadığını, şeirlərini isə yuxuda gördüklərini qələmə alırmış kimi yazdığını dedi.

Şair Əjdər Ol Fərhad Metenin də öz səsində şeirləri daxil edilmiş “Əjdər Ol və onun dostları” audio-diskinin araya-ərsəyə gəlməsindən söhbət açdı və Fərhadın şeirlərini yüksək dəyərləndirdiyini qeyd etdi. Sonra aparıcı sözü Fərhadın ən yaxın dostu və sirdaşı, avtomobil qəzasına düşərkən onunla bir yerdə olmuş istedadlı şair İlham Çərkəzoğluna verdi.

Fərhadın itkisinin hamıdan çox onun itkisi olduğunu dilə gətirən İlham Çərkəzoğlu, Fərhad Mete ilə birlikdə olduqları son gündə, son saatlarda və dəqiqələrdə onunla bölüşdüyü duyğu və düşüncələrdən söhbət açdı, dostunun hələ çap olunmamış bir şeirini söyləməklə çıxşını yekunlaşdırdı.

Tədbir boyu gənc yazarların – qələm dostlarının ifasında Fərhad Metenin şeirləri səsləndirildi və ona yazılmış şeirlər oxundu. Xatirə gecəsində şairlərdən Sabir Yusifoğlu, Xan Rəsuloğlu, Nazir Rüstəm və başqaları söz alaraq, Fərhad Meteyə hər zaman hörmət və ehtiram bəslədiklərini, şeirlərini orijinal poeziya nümunələri kimi dəyərləndiklərini bildirdilər.

Xatirə gecəsinin sonunda Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru, şair İbrahim İlyaslı çıxış edərək tədbirə qatıldıqlarına görə iştirakçıların hər birinə, eyni zamanda tədbirin təşkil olunmasında əməyi keçənlərə təşəkkürünü bildirdi. Tədbirdə Fərhad Metenin ailə üzvləri – həyat yoldaşı Hicran xanım, qızı Səbinə və bacısı İlahə xanım iştirak etdilər. /A.Əbdüləzimova/”.

- Mən elə bilirdim, Sumqayıtdan gələn çox olacaq.

- Hə, mənə də elə gəlirdi. Əyyub Qiyas gəlmişdi, amma nədənsə tez getdi. Şaiq Vəli isə orada yox idi. Onun gələ bilməməsinin səbəbini eşidəndə isə çox utandım. Bunu kim bilsə, utanar...

- Əgər Şaiq gələ bilməyibsə deməli çox ciddi səbəb olub.

- Elədi, mənə çox ağır gəldi. Şaiq Vəli kimi ürək, qələm sahibləri ovuc içində qorunmalıdı, amma biz...

- Bəs sonra?

- Mən istəyirdim, o tədbirdə millət vəkillərindən heç olmasa biri iştirak eləsin.

- Nəyə görə?

- Ona görə ki, bir də heç kim bizi tanınmayan şairi anmaqda tənbeh etməsin.

- Deməli, bu da alınmadı?!

- Anım gecəsindən öncə Gənc Ədiblər Məktəbinin növbəti yığıncağı keçirilmişdi. O gün qonaq Nizami Cəfərov idi. Görüşün iki saat çəkməsinə baxmayaraq, tədbirdən yadımda çox az nəsə qaldı. Fikrim-zikrim Nizami Cəfərovu anım gecəsinə dəvət etmək idi. O, nə isə danışır, mən isə elə hey götür qoy edirdim - birinci salam verəcəkdim, sonra özümü təqdim edəcəkdim. Sonra... sonra tanımadığı müəllifi ona elə təqdim edəcəkdim ki, sonda millət vəkili tədbirdə iştirak etməyə razı olacaqdı. Bütün bunları birnəfəsə demək lazım olacaqdı və bəlkə də Nizami müəllimin məni sonadək dinləməyə səbri, ya da vaxtı olmayacaqdı. Qərara gəldim ki, bu barədə öncə Rəşad Məcidlə məsləhətləşim, amma nədənsə bunun da bir nəticə verməyəcəyini düşündüm və qərarımı dəyişdim. Beləcə görüş bitənə qədər dağı arana, aranı dağa daşıdım, amma bir faydası olmadı, bacarmadım. Buna görə də Nizami Cəfərovun xatirə gecəsində iştirakı alınmadı, canın sağ olsun.

- Sənin canın sağ olsun. Heyif ki, mən sənə kömək edə bilmədim.

- Sağ olsun Tofiqi, bizi tək qoymadı. İlham da uzaqda idi deyə, tez-tez onu axtarmalı olurdum. Hazırlıq ərəfəsində Sumqayıtdakı Səməd Vurğun adına sarayda Zəlimxan Yaqubun kitabının təqdimatı oldu. Onun əməliyyatdan yenicə çıxmasını hamı bilməsə də, səhhətinin yaxşı olmadığı ona xas olmayan asta nitqindən hiss olunurdu. Şairin çıxışındakı bir ifadə uzun müddət qulağımda cingildədi: - Heydər Əliyev əlini
Feyziyyə

kürəyimə qoyub dedi: “Zəlimxan, mənim əlim həmişə sənin kürəyində olacaq...”. Bu fikir məni çox uzaqlara apardı. Hə, bu mütləq lazımdı, hər kürəyin bir ələ ehtiyacı var. Elədir, hər adam kürəyə əl qoya bilmir, hər kürəkdəki əl də bir gün qarşında açılıb qarşılıq istəmir. Bilirsənmi, əl və kürək arasında çox vacib həm də qəribə ünsiyyət var, isti, mərhəm və nəticəsi müəmmalı... Təqdimatdan sonra dəhlizdə şairlə görüşüb kitabını verdim, bir az keçiriləcək tədbirdən danışdım. Şair hər sözümə ağır-ağır başını tərpədib: - "Yaxşı deyiləm, - dedi, - Allah ona rəhmət eləsin, amma mən gələ bilməyəcəm". Mən isə: - "Gələ bilməyəcəyinizi bilirəm, sadəcə istədim, onu tanıyasız", - dedim və sağollaşdım.

- Bəs dostlar? Onlardan kim gəldi?

- Mən onlar haqqında sənə heç nə deməyəcəm, nə lazım idisə, Ramiz Rövşən dedi.

- Nə dedi ki?

- Dedi, sağ olun ki, siz dostunuzun qədrini belə bilirsiz, onu unudulmağa qoymursuz...

- ...

- Ülkər mənə tez-tez ürək-dirək verərək: "Bütün bunlar bir gün çox uzaqda qalacaq, təki onun ruhu şad olsun”- deyirdi. - Mən ruhların mövcudluğuna, onların yaddaş sahibi olub, bu dünyada yaşadıqları həyatı xatırladıqlarına və həm də sanki şou proqrama baxırlarmış kimi baş verənləri kənardan izləmələrinə inanmıram, amma əgər həqiqətən ruhlar mövcuddursa və onların şüur və yaddaşı varsa tam əminəm ki, bu tədbir onu məyus etdi, - dedim, - mənə elə gəldi ki, o yenə də hamıdan küsdü, bəlkə də İlhamın yanında o gecə ağladığı kimi dözə bilməyib ağladı...

- Bilirəm, çox şeyi demədin. Niyə axı, mənə etibar etmirsən?

- Əslində hər şeyi dedim. Mənim isə yadımda o tədbirdən həyəcandan öz səsimin titrəməsinə ürpənməyim, dediyim qarışıq fikirlər, yarımçıq ifadələr, bir də bəzi adamları, həm də deyəsən hamını danlamağım qaldı. Balans vura bilmədik deyə döydüyümüz çox qapılar açılmadı, əllərimiz çox yerdən boş qayıtdı. Və əslində günahkar da, cinayətkar da, səbəbkar da özümüz olduq. Biz balans vura bilmədik, bu həyatı çəkməyə göndəriləndə balans vurmağı unutduq, ya da tənbəllik edib “ehtiyac yoxdu” - dedik. Sonda ekranda çəkdiyimiz kadrlara kənardan dayanıb baxdığımızda rəngləri qarışıq, solğun və cansız gördük və nədənsə rejissoru, müsahibi, montajçını qınadıq. Niyə qınayırıq onları - günəşi dəniz rəngində, dənizi torpaq rəngində, torpağı bulud rəngində görəndə?! Burda alınmadı, çatdıra bilmədik, amma əgər həqiqətən də ruh varsa, bizimlə eyni həyatı paylaşırlarsa və əgər sən hələ ORA getməmisənsə, nə qədər gec deyil, kameranı ürəyinə köklə və mütləq balans vur, balans!..

P. S. Yox, yox! Belə olmaz! Bu müsahibə deyil axı! Dialoq da deyil! Mən axı səninlə necə danışa bilərəm?! Axı sən yoxsan?! Axı sən ölmüsən?! Yox dostum, deyəsən mən dəli oluram, bu qədər öz-özünə danışmaq olmaz! Yaxşısı budur, durum tədbiri yazım...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG