Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:27

Arif Hacılı və daha 3 müxalifətçinin məhkəməsi başlayıb


Arif Hacılı

Arif Hacılı

Avqustun 12-də İctimai Palatanın 2 aprel aksiyasında saxlanan 4 nəfərin - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd MəcidliFuad Qəhrəmanlının işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Vəkillər və təqsirləndirilən şəxslər hakimin dəyişdirilməsi barədə vəsatət qaldırıblar.

Arif Hacılının vəkili Əshabəli Mustafayev hakim Famil Nəsibovun prosesi obyektiv aparacağına inanmadığını deyib:

«Famil Nəsibov heç bir hüquqi və maddi əsası olmadan Arif Hacılının barəsində əvvəl iki aylıq həbs qətimkan tədbiri seçilməsinə, sonra isə həmin müddətin uzadılmasına qərar verib».

Arif Hacılı isə bildirib ki, mayın 18-dən bəri heç bir istintaq hərəkatı aparılmayıb və qanunsuz olaraq indiyədək həbsdə saxlanır. Arif Hacılı da deyib ki, hakim Famil Nəsibov ona qarşı qərəzlidir.

Təqsirləndirilən Məhəmməd Məcidli də hakimin dəyişdirilməsini tələb edib:

«Mitinq zamanı saxlanaraq Səbail rayon Məhkəməsinə gətirildim. Hakim Famil Nəsibov öz otağında çay içib televizora baxaraq həbsim barədə hökm verdi. O, işə obyektiv baxa bilməz, çünki qərəzlidir».

Dövlət ittihamçısı bu vəsatətin baxılmamış saxlanılmasını istəyib.

Vəkillər təqsirləndirilənlərin dəmir barmaqlıqlardan azad edilib onlarla yanaşı əyləşmələri barədə də vəsatət qaldırıblar.

Prosesdə fasilə elan olunub.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Bütövlükdə 2 aprel aksiyası ilə əlaqədar 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

QEYRİ-MÜƏYYƏN MÜDDƏTƏ TƏXİRƏ SALINDI

Fasilədən sonra hakim Famil Nəsibov elan etdi ki, Səbail rayon Məhkəməsinin sədr əvəzi bu vəsatətə baxa bilmədiyi üçün vəsatət Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Hazırlıq iclası qeyri-müəyyən müddətə təxirə salındı.

Təxminən bir saata yaxındır ki, təqsirləndirilən şəxsləri aparmaq üçün penitensiar xidmətin maşını məhkəmə qarşısında gözləyir. Ətrafda polislər var. Arif Hacılı, Məhəmməd MəcidliTural Abbaslının yaxınları və tərəfdarları da məhkəmə qarşısındadırlar. Amma təqsirləndirilənləri bir saata yaxındır ki, çıxarmırlar. Bu, toplaşanlar arasında narazılıq yaratdı. Onlar əl çalıb «Azadlıq!» qışqıraraq plakatlar qaldırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG