Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:36

“Bu, neobolşevik yanaşmadır. AzTV-də çalışmaqdan qürur duyuram”


Yazıçı Məqsəd Nurun tənqidlərə münasibəti. M.Nur Milli Kitab Mükafatında ikincilik qazanmış “Şəhər meri” romanının “Oxu zalı”nda keçirilən müzakirəsi haqda.


(yazılı müsahibə)

"Dil və üslubla bağlı iradları qəbul etmirəm: mən özümü formalaşmış yazıçı hesab edirəm, dediyim kimi, bu serial və ya telessenari deyil ki, kütləvi auditoriya üçün nəzərdə tutulsun".

"Hörmətli Elnarə xanım mətni normal təhlil etdiyi halda əsərin ortalarında adı çəkilən Anya xala obrazına qəzəblənir və birdən-birə acıq edirmiş kimi, mətni kəsir, münasibətini bu motiv üzərində əsəbi halda yekunlaşdırıb mülkiyyətçi kimi kitabı kənara atan oxucu olur".

- Məqsəd bəy, “Oxu zalı”ndakı roman müzakirələrinin sonuncu halqası "Yazıçının tənqidlərə münasibəti" adlandığı üçün biz də ilk növbədə elə səslənən tənqidi fikirlərlə bağlı suallar verəcəyik.

Amma təbii ki əsəriniz haqda bəs qədər müsbət fikirlər də oldu. Əvvəlcə əsərinizin müzakirəsi, müzakirənin tonu, seçilmiş tənqidçi dairəsi haqda ümumi fikrinizi bilmək istərdik.


- Məncə, Ədəbiyyatın təkrar maarifləndirmə mərhələsində olduğu toplumlarda müzakirənin müəyyənləşdirilməsi, hətta Ədəbiyyat naminə görülən iş kimi xarakterizə edilməsi normaldı, bəlkə də qaçılmazdı.

Yəni, bütün bu müzakirələrin tonu da min illər boyu Ədəbiyyatımızın maarifləndirmə missiyasından yaxa qurtara bilməməsindən, yazıçılığın peşə deyil, ictimai status kimi qəbul edilməsi düşüncəsindən, eyni zamanda tənqidin həm də oxucu missiyası daşımaq cəhdlərindən qaynaqlanır.

Əlbəttə müzakirə yaxşıdı, təbii ki, niyyəti də pis ola bilməz.

Seçilmiş tənqidçi dairəsi də tam kontrastlıdı: mən onları üç hissəyə böldüm: elmi (Tehran Əlişanoğlu, Cavanşir Yusifli), filoloji (Elnarə Tofiqqızı, İradə Musayeva), publisistik (Səlim Babullaoğlu).


"Yazıçıdan əsərin içində ictimai və ya digər bir münasibət tələb etmək ürəkdən tikan çıxara bilməməyin psixoloji halıdır".
- Romanınızı ən çox İradə Musayevə tənqid etdi:

“…”Şəhər Meri” əsərində fikir, düşüncə və mülahizələrini bir-birinə normal şəkildə çatdıra bilməyən, tipi xarakteri, portreti tam açılmamış obrazlar, roman siqləti spesifikasına xas olan hadisədən-hadisəyə və ya hadisədən-hadisə sistematikasından uzaq, azsaylı, bəsit, qırıq-qırıq təqdim olunan əhvalatlar (məhz hadisələşə bilməyən əhvalatlar), dramatizm, konflikt, ictimai-siyasi, sosial xarakterli zidd mövqelər qarşılaşdırma nüanslarından kənar, sadəcə şəxsi anti maraqlar səviyyəsində təsvir olunan münaqişələr və bərbad bir dil faktı ilə qarşılaşdıq".

Əvvəlcə əsərin janrı məsələsindən danışaq.

52 səhifəlik əsəri roman adlandırmaq ideyası nədən irəli gəlirdi?


- İradə Musayevadan gətirdiyiniz bu sitat sovet dövründə onuncu sinif ədəbiyyat dərsliyinin son səhifələrindəki “ədəbiyyatda partiyalılıq və xəlqılik mövzusunu” xatırlatdı.

O vaxt bu mövzu mənə gülməli görünsə də, yeganə mübahisə yarada biləcək bir məsələ kimi düşündürürdü də.

Filoloji şablonları əzbərləyib elmi fon yaratmaq qəhrəmanlıq deyil. Məncə, “Şəhər meri”nə münasibətdə hörmətli İradə xanım emosional və köntöy filoloq kimi görünür - yazıçıya tabular anlatmaq, janrın problemlərini qabartmaq, üsluba tam bələd olmadan, stilistikanı bilmədən dildən danışmaq zəif mütaliə və əyalət zövqü təəssüratı yaradır.

Əslində isə sualınızdakı bu uzun sitat və arqumentlər məsələnin nə qədər qəliz olduğunu ortaya qoyur.

Ya mən çətin dildə yazıram (bu doğrudan da belədir), ya da Iradə Musayeva primitiv düşünür. Məncə, son illərin tənqidi ədəbi estetikanı (müxtəlifliyi) unudub yazılarda serial qaydalarına əməl edilməsini umur.

Roman kəşf edilmiş elmi ölçülər deyil ki, onun neçə səhifəyə sığışmağı barədə də konkret rəqəmlər, minimum və maksimumlar, ortaq məxrəclər göstərək.

- Əsərin dili də tənqid edildi. İradə Musayeva ilə yanaşı Elnarə Tofiqqızı da bu haqda tənqidlərini bildirdi. "Nəm sular", «Ay ana!» — deyib mələməyə başlayır":.. - İradə Musayeva bu cür çox misallar gətirir. Dillə bağlı iradları qəbul edirsinizmi?

- Dil və üslubla bağlı iradları qəbul etmirəm: mən özümü formalaşmış yazıçı hesab edirəm, dediyim kimi, bu serial və ya telessenari deyil ki, kütləvi auditoriya üçün
İradə Musayeva

nəzərdə tutulsun.

Azərbaycanda intellektual ədəbiyyat yaranır: dilin musiqi və rənglərini, insanın iç dünyasının çeşidlərini ortya qoyan mədəniyyət formasiyaları gəlir... bunları düşünəndə mübahisə etmək belə maraqsız görünür.


- "Porrteti açılmamış obrazlar", " siyasi, sosial xarakterli zidd mövqelər qarşılaşdırma nüanslarından kənar, sadəcə şəxsi anti maraqlar səviyyəsində təsvir olunan münaqişələr" - bu kimi tənqidlərə münasibətiniz...

- Situasiyaların da, obrazların da halı var. Bu halları mətnin əvvəlcədən, öz-özünə yaranmış musiqisi müəyyənləşdirir.Və bu situasiyada mətnin hər obrazını saqqız kimi çeynəmək naşılığa aparıb-çıxarır.

Bu stixiya da deyil: obrazın, halın içi, nüvəsi, səsi, rəngi, mühitidir ki, yazıçının dayaqlarını tərpədir, onu ustalıqla ürəyin, ritmin arasında yalqız qoyub kənara çəkilir.

- E.Tofiqqızı romanınız haqda "qüsurlu ictimai baxışın natamam ədəbi ifadəsi" ifadəsini işlədir...

- Yazıçıdan əsərin içində ictimai və ya digər bir münasibət tələb etmək ürəkdən tikan çıxara bilməməyin psixoloji halıdır.

Hörmətli Elnarə xanım mətni normal təhlil etdiyi halda əsərin ortalarında adı çəkilən Anya xala obrazına qəzəblənir və birdən-birə acıq edirmiş kimi, mətni kəsir, münasibətini bu motiv üzərində əsəbi halda yekunlaşdırıb mülkiyyətçi kimi kitabı kənara atan oxucu olur.

Olsun, bu onun haqqıdır: bəs onda tənqidçi harda qaldı? Bu cür oxucuya da digər bir tənqidçi - hörmətli İradə Musayeva öz məqaləsində “adi oxucu” deyir və bu cür oxucunun halına acıyaraq yazıçını (məni), anlatmağa çalışır.

Mən “adi oxucu”, “adi insan”, “adi həkim” anlayışlarının arxasındakı kütləvilik tərzini istənilən tənqid tərəfindən təkəbbür kimi qəbul edirəm.

- Müzakirə ilə bağlı başqa hansı məqamlara münasibətinizi bildirmək istərdiniz?

- Bütün tənqidçilərə öz təşəkkürümü bildirirəm. Məncə, tənqid elm və hiss üzərində qurulan nadir sintez sənətlərdən biridir.

Burda peşəkarlıq və duyum şərtdir. Təkcə mənim deyil, bütün çağdaş müəlliflərin və əsərlərin müzakirəsində bu şərtlərin üstün olmasını istərdim.

- "Oxu zalı"ndakı kitab müzakirələri zamanı oxucular da yazılara şərh yazmaq imkanına malikdirlər. Orda sizin haqqınızda yazılar şərhlərdən bəzilərinin məntiqi bu idi ki, Məqsəd Nur dövlət televiziyasında - AzTV-də
Elnarə Tofiqqızı

işləyir, o, cəmiyyətin problemləri haqda əsərlərində açıq danışa bilməz. Bu yanaşmanı qəbul edirsinizmi?

- Məncə bu neobolşevik yanaşmadır. İnsanları inkişafa, inkişafı insanlara yaxınlaşdıran, milyonlarla tamaşaçıya Azərbaycan gerçəklərini, tarixini, mədəniyyətini, dəyərlərini göstərən bir kanalda çalışmaqdan qurur duyuram. Mən ədəbiyyatı televiziya və ya digər peşə fəaliyyəti ilə ciddi sərhədlərlə ayıran insanam.

Ədəbiyyatın üzərinə məhz cəmiyyətin problemlərindən danışmaq yarlığı asmaq yanlışdır. Yazıçılıq fərdi sənətdir, necə ki oxucu istədiyi yazıçını seçib oxuya bilər, yazıçı da məsələlərə baxış bucağında azaddır.

Yazıçı insan içini, insan həyatını, situasiyaları anladır və bu anda da fərdin problemləri, yaxud qeyri-problemlıri üzə çıxa bilər, əsər ev tapşırığı deyil ki, şagird ona mütləq lazım olan cavabı tapmalı olsun.

- Romanınız haqda Nərmin Kamal da yazı yazmalı idi. Amma üzrlü səbəbdən yazını çatdıra bilmədi. Hər halda sizin üzv olduğunuz AYB-də yox, ona müxalif olan AYO-da təmsil olunan Nərmin Kamalın da fikri maraqlı olardı yəqin sizə.

Ümumiyyətlə, tənqidi necə qəbul edirsiz? Tənqidi heç qəbul etməyən yazarlar da var. Amma elə yazarlar da var ki, bunu özü üçün kömək sayır. Siz necə baxırsız ədəbi tənqidə?


- Nərmin Kamala işlərində uğurlar arzulayıram. Ədəbiyyat olan yerdə ədəbi təşkilatlar formal xarakter daşıyır.

Bütün tənqidi məqalələri olduğu kimi facebook səhifəmdə, ardıcıllıqla yerləşdirmişəm. Bu da münasibətim.

Məncə ədəbi tənqid soyuqqanlı olmalı, eyni zamanda da ədəbi prosesi qaynar saxlamağı bacarmalıdır. Tənqiddən öyrənmək, həmçinin tənqid üçün yeni üfüqlər açmaq əsl yazıçı halıdır, bu halda qalmağa çalışsam da hər deyəndə alınmır.

- "Şəhər meri" kitab halında çıxacaqmı? Və indi hansısa əsər üzərində işləyirsizmi, yoxsa yay vaxtı yalnız istirahət?..

- “Şəhər meri” bu yaxınlarda MKM tərəfindən ayrıca kitab halında çapdan çıxacaq. Bir romanımı bitirməyə çalışıram.

Rövşən Qəmbərov

Həmçinin oxu
Məqsəd Nur "Şəhər meri" (Romandan parça)
İradə Musayeva M.Nurun mükafat alan romanını tənqid edir
Cavanşir Yusifli. Sözün sükut forması
Elnarə Tofiqqızı. Qüsurlu ictimai baxışın natamam ədəbi ifadəsi

Səlim Babullaoğlu. Məqsəd Nurun təyinatında “Şəhər Meri”
Tehran Əlişanoğlu. Məqsəd Nurun revanşı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG