Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:39

Yol qırağında gözdən uzaq boz kənd


Qobustan kəndi
Qobustan kəndi
«Burada Şamaxı rayonunun iki kəndinin – Ərəbşalbaş və Təklə kəndlərinin (İndi isə həmin kəndlər Qobustan rayonuna baxır - K. D) camaatı yaşayır. Rəsmi sənədlərdə Qobustandır, el arasında isə Təzəkənd deyirlər».

Bakıdan təxminən 35 kilometr aralıda, Şamaxı yolunun kənarında, bomboz dağların ətəyində yerləşən Qobustan kəndi haqqında kənd sakini Mirzə kişi danışır. Deyir ki, əhali 20 il əvvəl bu boz çöllərdə ev tikib məskunlaşıb. İndi burda 400-ə yaxın ev var.

Bir yaşıl ağacın, kolun görünmədiyi kəndlə ilk tanışlıqdan buranın susuz yer olduğu təəssüratı yaranır. Qızmar günəşin altındakı kəndin torpaq yolları cadar-cadardır. Kəndin girişində 3-4 fəhlə ev tikir. Taksi sürücüsü «belə yerdə hələ də kimsə təzə ev tikirsə, deyəsən, buranın camaatı çox ümidli adamlardır» deyir.

«BAŞIMIZ AĞRIYANDA BİR DƏRMAN ALA BİLƏCƏYİMİZ YER YOXDUR»

Ancaq sürücünün dediyi kimi, Qobustan kəndinin sakinləri heç də ümidli danışmırdı. Yolda qarşıma çıxan kənd qadınlarından biri Nəsibə Şükürova tər axan alnını yaylığının ucu ilə silib deyir ki, ümidli olmağa heç bir səbəb yoxdur:

«Gedib Müşfiq qəsəbəsindəki Meşəlik İdarəsindən bura vedrə ilə su gətirirəm»
«Özüm şəkər xəstəsiyəm, sistem qoşulması, uşaqlarımızın peyvənd olunması üçün bir həkim, bir tibb bacısı yoxdur. Başımız ağrıyanda, bir dərman ala biləcəyimiz yer yoxdur. Suyumuz yoxdur. Mən gedib Müşfiq qəsəbəsindəki Meşəlik İdarəsindən bura vedrə ilə su gətirirəm. Hökumətin bizdən xəbəri yoxdur, gözdən, könüldən uzağıq».

17 yaşlı Elsevər isə deyir ki, yolların bərbadlığına görə uşaqlar qışda məktəbə belə gedə bilmirlər:

«Yollarımız çox bərbaddır. Qış oldu məktəbə gedə bilmirsən. Yağış yağanda bata-bata gedirsən».

«GÖRƏSƏN PREZİDENT HEÇ BİR BU TƏRƏFƏ BAXIB?»

Kənd camaatının ən böyük arzularından biri ölkə prezidentinin onların səsini eşitməsidir:

- «Prezidentimiz rayonlara gedəndə buralardan keçib gedir. Hərdən fikirləşirəm ki, görəsən, bir baxırmı ki, bu kənd niyə bu gündədir, niyə yaşıllığı yoxdur. Yaşıllıq ona görə yoxdur ki, burada su
«Yaşıllıq ona görə yoxdur ki, burada su yoxdur...»

yoxdur...».

- «Yayın günüdür, burda susuzluqdan yanırıq. Axırda yolu kəsdik. İlham Əliyev haralara yol, su çəkir. Ancaq bizə heç nə yoxdur».

- «Prezidentin qərarı var ki, Bakıətrafı qəsəbələrə su, yol çəkilsin, yaxşı baxılsın. Ancaq baxmırlar. Ona görə biz də yola çıxdıq ki, qoy hamı bilsin ki, bu kənd susuzluqdan yanır».

Hələ ötən ay Qobustan sakinləri susuzluq üzündən mal-qaralarını Bakı-Şamaxı yoluna çıxarıb etiraz aksiyası keçirmişdilər. Ancaq hələ də səslərini eşidən yoxdur.

Üstəlik onlar danışır ki, problemləri təkcə su və yol ilə qurtarmır:

«Kəndin kanalizasiya sistemi yoxdur. İşıqlar zəifdir. Küçələr bərbad gündədir».

KƏNDİN YARISI İŞSİZDİR

Kənd sakinləri ən çox da işsizlikdən əziyyət çəkdiklərini deyirlər
Kənd sakinləri bütün bu problemlər içində ən çox da işsizlikdən əziyyət çəkdiklərini deyirlər. Ailəsini günəmuzd işlərlə dolandıran Zakir Ağayev deyir ki, tək o yox, digər ailə üzvləri də işsizdir:

«İşləyən ancaq fəhləlik edir. İş yoxdur, demək dolanışığım da yoxdur. Kəndi yarısından çoxu işsizdir».

Camaat deyir ki, bu vaxta qədər nə bələdiyyə, nə də icra nümayəndəliyindən onların dərdləri ilə maraqlanan olub.

NƏ BƏLƏDİYYƏ, NƏ DƏ İCRA NÜMAYƏNDƏSİ VAR...

Bu kəndin özünün nə bələdiyyəsi, nə də icra nümayəndəliyi var. Daha doğrusu, Pirəkəşkül kəndinin icra strukturlarına tabedir. Pirəkəşkül kənd bələdiyyəsindən isə deyirlər ki, Qobustan kəndindəki problemlərdən onların da xəbəri var. Həll olunması üçün isə vaxt lazımdır.

Qobustan kəndinin sakinləri isə həmin vaxtı səbirsizliklə gözləyir. Deyirlər ki, bu boz dağların qoynunda özlərinə yurd salanda, evlərinin işıqlı, sularının, qazlarının bol, yollarının abad olacağına ümid edirmişlər. Üstündən 20 il keçsə də, yolları bərbad, evləri soyuq, torpaqları susuzdur.
XS
SM
MD
LG