Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

«Rus rubluna etibar qalmayıb»


Rus rublu
Rus rublu
Bir neçə gündür Azərbaycanda rus rublunun kursu sürətlə düşür. Və bu əsasən Rusiyadan gələn pullarla dolanan ailələrin yaşayışına artıq öz mənfi təsirini göstərməkdədir.

«GÖNDƏRİLƏN PUL BİZİ ƏVVƏLKİ KİMİ GÖRMÜR»

15 ilə yaxındır atası Rusiyada işləyən Zərintac Əliyeva deyir ki, artıq rubl əvvəlki kimi bərəkətli deyil. Son vaxtlar atasının Rusiyadan göndərdiyi pul onların ehtiyacını əvvəlki kimi qarşılaya bilmir:

«İndi bu dəyişiklik daha çox hiss olunur. Göndərilən pul bizi əvvəlki kimi görmür. Rus pulu manatın qarşılığında sanki çox azalıb. Mən tələbəyəm. Problemlərimizi əvvəlki kimi qarşılamır rus pulu».

Bakının valyutadəyişmə məntəqələrində də rublun kursunun sürətlə düşdüyünü deyirlər.

«United Kredit Bank»a məxsus valyutadəyişmə məntəqəsindən Cavid Əliyev deyir ki, avronun kursu yerində cüzi oynayır, dollarsa necə var elə də qalır. Amma rus rublunun kursunda son vaxtlar nəzərəçarpacaq dəyişiklik müşahidə edilir:

«Neçə gündür rubl düşür. 1000 rus rublunu 27 manat 50 qəpiyə alırdıqsa, indi 25 manata alırıq. Artıq 100 rublda 2 manat 50 qəpik enmə var».

Cavid Əliyev rublun kursunun belə düşməsinin səbəbini bilmədiyini deyir.

«ARTIQ RUBLA ETİBAR QALMAYIB»

Zamin Bankın 16 saylı valyutadəyişmə məntəqəsinin işçisi Sənan isə yaranmış vəziyyəti dünyada neftin qiymətinin aşağı düşməsi ilə izah edir. O da digər həmkarları kimi rus rublunun kursunun sürətlə aşağı düşdüyünü deyir. Hesab edir ki, artıq rubla etibar qalmayıb:

Valyutadəyişmə məntəqə
«Rus pulu düşüb hal- hazırda. 4-5 gün əvvəl 1000 rubl 28 manat idi. İndi artıq 1000 rubl 25 manatdır. Görün nə qədər fərq var».

Rusiyada işləyib evlərinə- ailələrinə pul göndərənlər də indi vəziyyətin əvvəlki vaxtlardan xeyli fərqləndiyini deyirlər. Onların dediyinə görə, Azərbaycanda rublun kursunun aşağı düşməsi onların göndərdiyi pulun alıcılıq qabiliyyətinin daha da zəifləməsinə səbəb olub.

Rusiyanın Sverdlovsk vilayətində işləyən Natiq İsmayılov da rublun kursunun düşməsindən danışır:

«Daha əvvəlki kimi deyil. Ora nə göndəririk ki? İndi atamıza, anamıza ancaq xərclik göndərə bilirik. Amma əvvəlki kimi olmur. Çünki rublun kursu aşağı düşüb».

RUBL NEFTDƏN BİRBAŞA ASILI VALYUTADIR

Samir Əliyev
İqtisadçı ekspert Samir Əliyev isə deyir ki, Azərbaycanda rublun kursunun aşağı düşməsi Rusiya ilə bağlıdır. Xüsusilə son bir neçə gündə bu proses özünü daha qabarıq büruzə verir. Ekspertin sözlərinə görə, rus rublu bivalyuta səbəti əsasında müəyyən olunur. Bu bivalyuta səbətinin 55 faizi dollar, 45 faizi avrodur. Ona görə də son bir neçə gündə dünya bazarlarında dolların müəyyən qədər möhkəmlənməsi rublun kursuna təsir göstərib. Digər tərəfdən də rubl neftin qiymətindən birbaşa asılı olan valyutalardandır:

«Bu arada neftin ucuzlaşması müşahidə olundu. Bu ucuzlaşma da rublun kursuna təsir göstərdi. Təbii ki, Rusiyada dolların rubla nisbətən bahalaşması Azərbaycanda da öz təsirini göstərdi. Nəticədə rus rublunun manata nisbətən ucuzlaşması qeydə alındı».

Samir Əliyev hesab edir ki, bu proses müvəqqəti xarakter daşıyır. Çünki Rusiyada hökumət Mərkəzi Bankın timsalında artıq rublun kəskin ucuzlaşmasının qarşısını alır.

Qeyri-rəsmi məlumatlara görə, Rusiyada təxminən 2 milyon azərbaycanlı yaşayır.
XS
SM
MD
LG