Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:24

Rafiq Tağı. Nənəm öldü, dünya qlobal oldu...


"Düz 57 il məni sevmiş Böynənəmin yasında olmadım".
"Düz 57 il məni sevmiş Böynənəmin yasında olmadım".
Rafiq TAĞI


Günel Mövludun “Nənəm öldü” yazısı mənə “Dünya qlobal oldu” adlı şeirimin ilk sətrini yada saldı: “Nənəm öldü...”

Başqa yerlərlə işim yox, dünyaya gəldiyim Masallıda anaya “nənə”, nənəyə “böyük nənə”, yaxud qısaca “böynənə” deyirlər.

Hə, Böynənəmlə ömrümün 57 ili bağlı idi. Mən onun ölüm xəbərini “Bayıl”da - 1saylı İstintaq Təcridxanasında aldım.

Keçinəndə huşu özündə olub. Qapıda qaraltı görən kimi gücü çatdığı pıçıltı dərəcələrində soruşurmuş – “Gələn Rafigdiii?” Eyvah, dünya mollalarının tutdurduğu “Rafig” hara gəlirdi?

Öldüyünü görən, artıq hər şeyin bitdiyini duyan ağıllı Böynənəm elə bilib, Rafiq gəlsə, kəfəni yırtıb çıxar. Qabaqkı təcrübələrə əsasən belə düşünüb.

“Allah səbəb salır, Rafigim məni ayaq üstə qoyur”.


"...Bəd xəbərini aldığım gün “Bayıl” Təcridxanasında nəzarətçilər altdan-üstdən qapıları bağlayanda, Günəş ştatlı dustaqxana işçisiymiş kimi şüalarını kameradan yığışdırıb gedəndə, məni, bir az da gülüşə bənzəyən, gic ağlamaq tutdu".
Böynənəm həkimliyimlə həmişə fəxr edər, camaat içində birinci kursda oxuyarkən anatomiya terminlərini əzbərlədiyim vaxtları yada salardı:

“Heyvan balam xoruz banınacan kitab oxuyurdu”.

“Böynənə, şəhərdə xoruz olur ki?”

“Yaxşı qulaq kəsilsən, şəhərdə də xoruz banı eşidərsən”.

“Şəhərə xoruz səsləri Bakı kəndlərindən gəlir”.

Ailədə yazıçılığımı ondan savayı alqışlayan yoxdu. Mız qoyanlara acığı tutardı – “Qoy uşaq yazsın. Nə istəyirsiz ondan?” Mənə dodaq büzən kənar adamlara daha sərt üz göstərirdi: “Nə qarnınıza ağrı dolub!” Nənəm əmindi ki, pis şey yazmaram.

Fizikanı-kimyanı əzbər bilən adam pis yazıçı olmaz.

Amma özü ömrü boyu yazılı bir cümlə oxumadı, oxuya bilmədi. Gündə beş kərə, bir əsrdə üç dəfə dəyişdirilən əlifbalardan yan keçdi və siyasi təmiz qaldı.

Mənə Böynənəmin ölüm xəbərini, qırxı çıxandan sonra, dustaq qardaşıyla görüş almış bacım gətirdi. Böynənəm mənim üçün bir az daha artıq yaşamış oldu. 2007-ci ilin 9 mayında Böynənəm öz nəvəsi üçün məxsusi öldü. Uşaqlıqdan mənə o qədər demişdi ki: “Ölərəm səninçün...” Sözü düz çıxdı.

Onda bacım ağzından qaçırmasaydı, martda vəfat etmiş adı İnci, özü ailəmizin incisi Böynənəm azadlığa çıxdığım 29 dekabr 2007-ci ilə qədər də yaşayacaqdı.
1913-cü il təvəllüdlü Böynənəmin yaşamaq şansları çox idi.

Can verdiyi anlarda “Rafig”ini soruşub.

...Bəd xəbərini aldığım gün “Bayıl” Təcridxanasında nəzarətçilər altdan-üstdən qapıları bağlayanda, Günəş ştatlı dustaqxana işçisiymiş kimi şüalarını kameradan yığışdırıb gedəndə, məni, bir az da gülüşə bənzəyən, gic ağlamaq tutdu.

Uşaqlıqda fıs-fısla qoynuna qısılıb onunla birgə yatdığım çağlar yadıma düşdü, hönkür-hönkür ağladım. Özü də harda - adına “sever” dediyimiz tualetdə. Təcridxanalarda tək hönkürməyə başqa yer olmur.

Bəxtləri gətirib ki, dilim qarğışa yatmır, yoxsa ölümümə fətva verən, bunu bacarmayıb tutduran, kasıb-kusuba hədiyyəsi Zəmzəm suyu və Həcc təsbehi olan, latın qrafikalı Azərbaycanda hələ də kirilcə yazan, balaca “r”i eşşək boyda yazmaqla böyük “R” bilən şeytanlara indi burdan nifrin tökəcəkdim: “Sizi görüm “sever”də dəstəmaz alasınız!”

Beşgünlük dünyadır. Çoxdan ürəyimdən keçən, hərdən lap qəlbimi deşən bir sözü də, yeri gəlib, burda demək istərdim: mənim başıma gətirilən müsibətlərdə ən təmkinli mövqedə duran, azad və demokratik düşüncəli insan olaraq elə yenə şeyximiz Hacı Allahşükür Paşazadəni gördüm.

Məncə, Azərbaycandakı dini qaragüruhdan ən çox əziyyət çəkən də məhz odur.

Gözlərindən müdriklik yağan bu insanın əməyi sayəsində də Azərbaycanda dini qaragüruh rudiment halında qalıb, terrorizmə yuvarlanmır. Bu quragüruh tolerant yaşamağa məhkumdur. Hacı Allahşükür Paşazadə Azərbaycanda islamı mütərəqqi bəşər sivilizasiyasına unison inkişafda görmək istəyir.

...Düz 57 il məni sevmiş Böynənəmin yasında olmadım.

Böynənəm dünya mollalarının mənə qarşı fitnələrindən xəbərsiz öldü.

Yatarkən onun kəlmeyi-şəhadət pıçıltıları hələ də qulağımdadır. Böynənəmin övlad-uşaq evlərinin hamısında canamazı vardı. Bizdəkini yadigar saxlamışam. Ən əziz bildiyim yerdədir.

Hər görəndə öpüb, bir qədər yerini dəyişir, guya daha yaxşı bildiyim yerə qoyuram.

Canamazının yerini dəyişdirmək təsəllimdir.

Aşura günlərində alnımı çərtdirib, döşlük kimi boynumdan asdığı ağa qan damcılatdırardı. İmam Hüseynə sevgilərim Böynənəmdən mənə keçib. Əlbəttə, mən İmam Hüseyndə müqəddəsliyin yox, yüksək əxlaqın vurğunuyam.

“İncinin qardaşları”, “Bakını bir də görməyəcəyəm” adlı hekayələrimdə, digər neçə-neçə yazımda Bönənəmin bədii obrazı var. Özümü aldadıram – Böynənəm oralarda sağdır. İnişil bir hekayə də yazdım – xalq mahnılarından bir neçəsinin Böynənəmə ithaf olunması ehtimalı haqqındaydı. Kompüterdə itirdim onu. Elə Böynənəmin özü kimi dünyadan silinib getdi.

Allah eləməmiş, bəlkə daha üzü bəri gəldikcə sağ ola bilmir...

Böynənəm özü Allahın əbədi varlığını, haqqındakı hekayə isə onun yer üzündəki müvəqqəti mövcudluğunu simvolizə edirdi.

Dünya tarixində adı qalmayası xanım-xatın, mənim həyat tarixçəmdə əbədiyaşar...
Ömrünün “Rafig” naxışındakı “g” çaları üçün darıxdığım inci...

7-8 avqust 2011-ci il


Dünya qlobal oldu

Nənəm öldü.
Düzbucaqlı qəbriylə onun
dünya qlobal oldu
bir az da.
Keçmişi özüylə apardı getdi...
Üstümə yeridi
lüzumsuz gələcək.
Xoşbəxtliyə dair
proqnozları
düz çıxmaz daha
öncəgörənlərin –
istər
Pavel Qloba ola.
Nənəm öldü.
Düzbucaqlı qəbriylə onun
dünya qlobal oldu
bir az da.

9.V.2007

“Kulis.az” İnternet dərgisi
9 avqust 2011-ci il

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG