Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:29

Ağstafa dəmiryolçularının neftdən gözləntiləri...


Əli Əliyev
Əli Əliyev
Ağstafa rayonu əbəs yerə dəmiryolçular məskəni adlanmayıb. Sovet dövründən bu rayona dəmiryolunda işləmək üçün ayrı-ayrı bölgələrdən insanlar üz tuturdu. Bakı-Tbilisi- Qars dəmiryolu layihəsinin relsləri də məhz Ağstafadan başlayır...

Çox da böyük olmayan Ağstafa rayonunun mərkəzində əsasən Səməd Vurğun adına park və dəmiryolu ətrafındakı binalar nəzərə çarpır.

DƏMİRYOLÇULAR...

2 mərtəbəli uçuq taxta evlərdə 250-dən çox dəmiryolçu yaşayır. Ümumi həyətdən içəri girəndə, qocaman maşinist olduğunu deyən Əli Əliyev məni qarşılayır. 83 yaşlı maşinist gəlişimin məqsədini bilən kimi həyətin ortasındakı ayaqyolunun qarşısında düzəltdiyi yatağını göstərib kinayə ilə gülümsəyir və başlayır danışmağa:

«GÖRÜRSƏN, MƏN HARADA YATIRAM?»

- 46 il maşinist işləmişəm. Aldığım pul heç özümün siqaretimi ödəmir. Pensiyamı deyirəm. Əvvəllər işçi qüvvəsi az idi, indi çoxalıb deyə maaş azdır. Deyirlər artacaq. Amma nə qədər artacaq bilinmir. Özüm də 10 baş ailəyə baxıram. Lap pis vəziyyətdəyik, hər tərəf lyukdur (ağzı açıq bərbad halda olan kanalizasiya xətlərini göstərir. G.R). İy götürür hər yanı, heç yaşayış yeri deyil. Bu binalar 2-mərtəbədir, 13 ailə yaşayır. Məsələn, mənim 2 gəlinim var, 3 oğlum var, sığmırıq. Amma heç bizim qeydimizə qalan yoxdur. Vallah lap pis dolanırıq. Burda kanalizasiya daşanda, göl olur... Murdarçılıqdır. Müraciət edirik, gah gəlirlər, gah gəlmirlər. Dövlətə biz aylıq veririk. Ev kirayəsi, işıq pulu, baxmırlar. 3 otaqdır, 3 ailə yaşayırıq. Görürsən mən harada yatıram?

- Məcbur olub həyətdə yatırsız?

Hamının evi dardır
- Hə, neynim bəs? Sabaha qədər mığı-cücü qovlayıram. Burdakıların hamısı dəmiryolunda işləyir. İş yoxdur, uşaqlar məcburiyyətdən oğurluq edirlər.

3 TAXTA BİNA...

Dəmiryolu ətrafında taxtadan tikili 3 bina var. Söhbətləşdiyim sakinlərin deməsinə görə, 2-mərtəbəli bu binalardakı mənzillər sovet dövründə buraya bölgələrdən gəlmiş maşinistlərə verilirmiş. Növbəli iş rejimi başlanandan sonra yerli sakinlər də dəmiryolunda işlədikləri üçün burada yaşamaq hüququ alıblar. Amma indi get-gedə böyüyən ailələr cəmi 2-3 otaqdan ibarət mənzillərə sığa bilmirlər.

Yoldaşı vaqon nəzarətçisi işləyən Nurayə xanım deyir ki, binalarındakı qəzalı yerləri belə təmir etmirlər. Üstəlik, dəmiryolunda işləyənlərə həddən artıq az maaş verirlər:

«GƏLİN BİZİM ÜSTDƏN O BİRİ OTAĞA KEÇİR, BİZ DƏ BU OTAĞA»

«40 ilə yaxındır yoldaşım dəmiryolunda işləyir. Hazırda vaqon dispetçeri işləyir. Aylıqla dolanmaq olmur. Qaz, işıq... Xeyir, şər olanda lap çətin olur. 120 manat maaş alır. Onla neyləmək olar? Qapıdan girdiyini görürük. Kənarda mağazamız yoxdur, əkin sahəmiz, torpağımız, mal-qaramız yoxdur. Hamının evi dardır. Yerləşmək olmur. İç-içə otaqdır. Gəlin bizim üstdən o biri otağa keçir, biz də bu otağa. Buna görə oğlum baş götürüb başqa yerdə qalır, alınmır. Vaqon kimi iç-içədir otaqlar. Elə biz burda yaşayandan gəlib gedirlər ki, bina uçurulmalıdır, plana salınıb. Amma heç bir yenilik yoxdur».

«MAAŞLARIMIZ ARTIRILSAYDI...»

Murad Nəbiyev isə deyir ki, dəmiryolu ilə neft daşınır, pul qazanılır, amma bu işdə tər tökənlərə 200 manatdan çox maaş verilmir:

Neft dolu vaqonlar
«Harada qalxsa da, dəmiryolunda maaş qalxmır. Demişdilər ki, maaş qalxacaq. 120 manat maaş alıram, siqnalçı işləyirəm».

DƏMİR RELSLƏRİN ÜSTÜ İLƏ...

Darısqal ev, az maaş... Bu, hələ hamısı deyil. Onlar bazara getmək üçün dəmir relslərin üzərindən keçməli olurlar. Dəmiryolunda 1 dənə belə keçid yoxdur. Yolüstü körpü qəzalı vəziyyətdə olduğundan ora giriş bir çox illər əvvəl bağlanıb.

Ağstafa rayon Dəmiryolu Vağzalının rəis müavini Osman Salmanov etiraf edir ki, dəmiryolçuların maaşı azdır. Bununla belə o, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin onlara böyük imkanlar açacağından danışır:

«ŞƏHƏRİN İÇƏRİSİNDƏ BİNALAR TİKİLƏCƏK»

«Hazırda 5 kilometr yol relsi hazırdır. Layihə 2014-də bitəcək. Tikinti işlərini Dəmiryolu İdarəsinin tikinti şirkəti aparır. Dəmiryolu qırağındakı 2 bina plana düşür deyə, söküləcək. Şəhərin içərisində binalar tikiləcək və onlar köçürüləcək. Yəqin ki, 4-5 mərtəbəli binalar olar. Əmək haqlarında da 40-50 faiz artım gözlənilir. Daşınma artdıqca, gəlir artdıqca, maaş da artacaq».

ÜMİD SONDA ÖLÜR...

83 yaşlı qocaman maşinist Əli Əliyev artıq təqaüdə çıxıb. İndi onun arzusu övlad və nəvələrinin güzəranının yaxşılaşmasıdır.

«AZADLIQ BÖLGƏLƏRDƏ» RUBRİKASINDA SONRAKI GÜNLƏRDƏ

Qobustan kəndi: Gözlər yolda qalıb?
XS
SM
MD
LG