Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:03

Sabit Rəhman "Altı qızın atası" (Hekayə)



Sabit Rəhman
(1910-1970)

ALTI QIZIN ATASI

(Hekayə)


Arvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zarıltılı səslə dedi:

- Uşaqlardan muğayat ol!

- Nə uşaqlar?

- Qızları deyirəm də.

Pirəli hirsindən dodaqlarını çeynədi, arvadının qolundan tutub kobudcasına həyətə çıxdı:

- Gəl-gəl, - dedi, - o, qızların adını uşaq qoymusan, hələ mənə tapşırırsan da?

- Bəs a kişi, uşaq deyil, nədirlər? Böyüyünün on yaşı var!

- Uşaq deyil, başa bəladırlar. Sənin o üç qızın elə bil üç ilan olub sarılıb mənim boğazıma. Əgər xəstəxanadan oğlan xəbəri gəlməsə məndən əlini üz!

- Arxayın ol, a kişi! – deyə arvad titrək və qorxaq səslə cavab verdi. – Hiss eləyirəm ki, bu səfər oğlan olacaq… Çox nadincdir. Həmişə tərpənir, məni gecələr yatmağa qoymur.

Bu sözlər Pirəlinin xoşuna gəldi. Bığının altında gülümsədi və damağına bir siqaret qoydu.


* * *

Qapıçı qadın qaça-qaça Pirəlinin üstünə gəldi:

Ay yoldaş, gözün aydın! Arvadın sağ-salamat qurtardı.

- Nədir? Oğlandır, yoxsa yenə qızdır? – deyə Pirəli qorxu və həyəcan dolu səslə çığırdı. Qapıçı qadın əllə susmaq işarəsi verib dedi:

- Çığırma, yoldaş, bura xəstəxanadır, mədəniyyət evi deyil.

- A bacı, nəyim olub? Onu de! Oğlandır, ya qız? Tez ol, ürəyim davam gətirmir.

- Qızın olub, qızın, - deyə qadın sevincək cavab verdi.

Bu söz Pirəlini elektrik cərəyanı kimi vurdu. Elə bil onu birdən-birə titrəmə tutdu. Bir azdan bədəninə qızdırma gəldi. Ha, elədisə, dili bir söz tutmadı. Evdə üç qız var, biri də bu, oldu dörd… - Dörd qızı o neyləsin?

Elə bu anda içəridən qapıçı qadını səslədilər. Qadın Pirəliyə sarı dönüb dedi:

Dayan, dayan, a yoldaş! Deyəsən uşağınız ekizdir. Məni çağırırlar. Gözlə, bəlkə bu
birisi oğlan oldu…

Pirəlinin ürəyinə ümid qığılcımları doldu. Titrətmə-qızdırma getdi. Cəhənnəm, dörd qız bir oğlan, yenə dərd yarıdır.

Ancaq bir azdan qapıçı qadın qayıdıb gülə-gülə ona dedi:

- Bu birisi də qızdır, ekizdilər.

Pirəli bilmədi ki, neyləsin. Əvvəlcə arvadın üzünə baxıb, mənasız yerə güldü, sonra hirslə əlini uzatdı, yarımdaz başından bir tük dartdı, bu hərəkətinə uyğun bir söz demək istəyirdi ki, arvad ona dedi:

- Dayan, dayan, məni yenə çağırırlar.

Arvad getdi, Pirəli qopartdığı tükə baxıb dayandı, bilmədi neyləsin, atsın, ya təkrar yenə yerinə yapışdırsın. Bu anda arvad qayıtdı və qəhqəhə ilə dedi:

- Xoşbəxtliyə baxın. Birdən üç uşağınız olub.

- Üçüncüsü nədir? – deyə Pirəli quru səslə soruşdu:
Arvad:

- Qızdır, - xəbərini verəndə, artıq Pirəlinin səbr kasası daşdı. Əsəbləri lap yüksək həyəcan dərəsinə çatıb qırıldı, gözünə qaraltı çökdü, dizləri titrədi, sonra isə… yalnız bu sözləri deyə bildi.

- Get arvada de ki, daha məni özünə ər hesab eləməsin. Bizimki qurtardı, altı qızın anası ilə mənim haqq-hesabım yoxdur.

* * *

Qıztamam gözüyaşlı uzanmışdı. Ərinin getməsi xəbəri onu o qədər həyəcanlandırmışdı ki, südünün qaçmasından qorxurdu. Nə olacaq? Evdəkilərə kim baxacaq? Onlar elə günü bu gün acından qırılarlar. Kim bişirib-düşürəcək, kim yatıracaq, kim geyindirəcək? Birdən xəstələnərlər, birdən nefti dağıdarlar, maşinkanı çevirərlər, ev alışar, içəridə uşaqlar diri-diri yanarlar. Yaxşı, a namərd kişi, qoy uşaqlar böyüsün...

Qıztamam bu cür düşüncələrdə ikən uşaqları əmizdirməyə gətirdilər. O, balacaların totuq-totuq üzərinə baxıb, ah çəkdi. Ancaq balalar böyük acgözlüklə döşə hücum çəkəndə Qıztamam gülümsündü, onları fəxrlə döşünə daha da sıxdı.

Yalnız bu zaman o, öz dərdini unuda bildi. Qızları aparıldıqdan sonra yenidən fikir dəryasında üzməyə başladı. «Nə olacaq? Nə edəcəklər?» kimi suallar elə bil qapıdan, pəncərədən ümumiyyətlə, hər tərəfdən hücum çəkib otağa dolurdu.

Qıztamam bu cür ağır düşüncələr içərisində uzandığı zaman xəbər gətirdilər ki, raykomun qadınlar şöbəsinin müdiri onu xəbər alır və kefini soruşur.

Qıztamam mat qaldı. Hələ bu vaxta qədər onun ayağı raykomun binasına dəyməmişdi. Qadınlar şöbəsinin müdiri onu hardan tanıyır? Bəlkə səhv edirlər, bəlkə xəstəxanada bir Qıztamam da var. O, hər ehtimala qarşı cavab verdi ki, «Çox sağ olun!»

Bir azdan xəstəxananın baş həkimi gülə-gülə onun yanına gəldi və xəbər verdi ki, indicə bu saat rayon ispolkomunun sədri zəng eləyib onu soruşub…

Qıztamam burada lap yəqin etdi ki, səhvdir, o biri Qıztamam kimdirsə, böyük yerdəndir. Öz şöbəsini baş həkimə dedi. Baş həkim qəti etiraz elədi. Onu inandırdı ki, ortada heç bir yanlışlıq yoxdur, məhz onun, Pirəli kişinin arvadı Qıztamamın kefini xəbər alırlar.

Qıztamam bunu eşidəndə ah çəkib dedi ki, bu gündən onun əri yoxdur. Pirəli uşaqları da, evi də atıb gedib.

Bu xəbər ani bir sürətlə bütün xəstəxanaya yayıldı. Baş həkimin sərəncamı ilə xəstəxananın işçilərindən bir qadını Qıztamamın evinə göndərdilər ki, anaları sağalıb evə qədər uşaqların yanında növbə çəksin.

Bu andan xoş və gözəl xəbərlər dolu kimi Qıztamamın başından yağmağa başladı.

Günorta üstü rayonun ictimai-təminat şöbəsindən Qıztamama maddi yardım gətirdilər. Ondan bir saat sonra pionerlər evindən bir dəstə pioner gəlib xəbər verdi ki, təzə tikilən evlərdə Qıztamama təzə bir mənzil veriblər…

Balacaları əlavə südlə təmin etmək üçün inək verilməsi xəbəri sabahı gün səhər gəldi. Bu xəbər gələndə rayon qəzetinin fotoqrafı Qıztamamın şəklini çəkirdi.

İki gün sonra bu şəkil qəzetdə çıxdı. Altdan yazmışdılar: «Altı qızın anası».


* * *

Bəs altı qızın atası hardadır? Onun bu hadisələrdən xəbəri yoxdurmu?

- Yoxdur. Üç qızı olduğunu eşidəndən sonra, evinə ayağı dəyməyib. Əvvəlcə dərdindən içdi, iki gün praqul eləyib işə çıxmadı. İki-üç gün bu praqulun üstünü malalamaqla məşğul oldu. Sonra otaq haqqında düşünməyə başladı. Neyləsin, harda yaşasın? Əvvəlcə qəti qərara gəldi ki, Qıztamamın heç həndəvərinə hərlənməyəcək, sonra yavaş-yavaş yumşaldı. Yaşadıqları otağı yarı bölməyi, bir yarısında altı qızın anasını, o biri yarısında isə özünü yerləşdirməyi qət etdi.

Doğum hadisəsindən təxminən on beş gün sonra Pirəli birinci dəfə öz evinə sarı yönəldi və bu andan bəd xəbərlər, onun başından aşağı dolu kimi yağmağa başladı.
Əvvəla evlərinin yanında qonşularında yaşayan qoca bir qarı dişsiz ağzını açıb gülə-gülə onun üstünə gəldi:

- Gözün aydın, Pirəli! Arvadının şəklini qəzetdə gördüm, ürəyim dağa döndü.
Arvadın üzü qocalıqdan bürüşüb yumağa dönmüşdü. Bu cür yumaq kimi bədəndə ürəyin necə dağa döndüyünü Pirəli başa düşmədi.

Ancaq fikirləşdi ki, yəqin qarı qoca olduğu üçün nəyi isə çaşbaş salıb. Qıztamam bu saat xəstəxanada qızları ilə əlləşir. Onun şəkli qəzetdə niyə çıxsın?

Bu fikirlərlə Pirəli evə yaxınlaşırdı ki, upravdoma rast gəldi. Upravdoma özü cavan adam olduğuna baxmayaraq qoltuğuna bir qoca portfel almışdı. Ağzına kimi dolu olan bu portfelin yamaqlı belindən böyük bir sarğı bağlanmışdı. Bu sarğını aça-aça upravdom hələ lap uzaqdan çağırdı:

- Pirəli qardaş, Qıztamam bacının yanına getməyə vaxtım olmadı. Gələ, bu kağızları ver qol çəksin, balacanı göndərərəm aparar. Bu da ki, (o hansı sənədi isə tapmaq üçün, portfeli iki-üç dəfə dovğa qazanı kimi buladı, sonra dörd-beş yerindən cırılmış bir kağız çıxartdı) orderin surəti, ona da gərək qol çəkə. İşə tikəcəyik, təzə evdə üç otaq məsxərə deyil…

Bunu deyib upravdom kimin isə dalınca qışqırdı:

- A yoldaş, bizim ev kirayəsi ilişib qalıb sizdə… - və gözdən itdi.

Pirəli kişi yenə başa düşmədi. Nə ev? Nə üç otaq? Orderə Qıztamam niyə qol çəkir? Bəlkə üç qız doğandan sonra onu rayona kommunxoz təyin ediblər? Bu suala qapılarındakı qıfıl da cavab verə bilərdi. Əksinə, daha yeni, daha dəhşətli sual meydana çıxdı bəs qızlar hanı? Arvad xəstəxanadadırsa, bəs evdəkilərə nə olub?
Pirəli bu cür düşüncələr içərisində bağlı qapının qabağında dayandı. Bu anda lopabığ bir kişinin bir inəyi arxasınca dartıb gətirdiyini gördü. Kişi ona yaxınlaşanda Pirəli kənara çəkilib yol vermək istədi, amma lopabığ kişi inəyi saxlayıb üzünü ona çevirdi:

- Əmioğlu, - deyə yaşına uymayan nazik bir səslə soruşdu, - Pirəlinin ev haradadır?

- Pirəli mənəm, deyə sevinərək cavab verdi.

Kişi qaşlarını çatıb dedi:

- Mənə Pirəli yox, Pirəlinin evi lazımdır.

- Bax bu da mənim evim...

- Hansı?

- Bu...

- Yox, - deyə topabığ Pirəlidən çox inəyə müraciətlə dedi: - Sən köhnə evdən danışırsan, mənə təzə ev lazımdır, üçüncü mərtəbədə. Qıztamam bacının təzə uşaqları üçün ispolkom ev bağışlayıb.

O, inəyi sürüb bir az getdi, sonra da dönüb acıqlı-acıqlı Pirəliyə dedi:

Ələ salmağa adam tapmısan, a kişi? Pirəli olmaya-olmaya niyə özünü qabağa verirsən? Pirəli bu saat yəqin təzə evində uşaqlarının yanındadır, altı qız atası olmaq bilirsən nə böyük şərəfdir?!

* * *

İndi Pirəli təzə evin dörd tərəfinə fır-fır fırlanır. Qıztamam nəinki onu evə buraxmır, hətta üzünə belə baxmaq istəmir.

Axırı nə olacaq, heç özüm də bilmirəm.

1957

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG