Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11
Heç olubmu ki, 150 manat verib bircə toyuq alasınız?

Könlünüzə belə baha toyuq düşsə üz tutun Təzə bazara, daha doğrusu buradakı heyvan bazarına. 150 manatlıq xüsusi cins toyuqdan tutmuş 3 manatlıq dağsiçanınadək (xamyak-Ü.A) – burada növbənöv, cinsbəcins ev heyvanları və quşlar satılır. 15 ildir bu bazarda heyvan alveri ilə məşğul olan Şəhri Əsgərova deyir ki, həftəsonu – bazar günləri burada alış-veriş da çox olur. İş günlərində isə heyvan müştəriləri yalnız Şəhri Əsgərovanın mağazasına gəlir.

DAHA ÇOX MARAQ İTLƏRƏDİR

Şəhri Əsgərovanın mağazasında daha çox müxtəlif cinsli itlər satılır. Onun dediyinə görə, hazırda satışda olan ən bahalı it dalmatin cinsindəndir. Onun qiyməti 200 manatdır. 80-150 manat arasında isə pudel, ovçarka, doberman almaq mümkündür:

«Hər bir növdə it satıram. İtlərin alıcısı çoxdur. Ən çox da balaca itləri alırlar».

Şəhri Əsgərova deyir ki, müştəri baxımından korluq çəkmirlər. 1 tutuquşu da olsa hər gün nəsə satılır. Satdıqları heyvanları, xüsuən də itləri daha çox Gürcüstandan gətirdiklərini deyir:

- Bakıda heyvan saxlayan xüsusi adamlar var, onlar gətirib satırlar bizə. Gürcüstandan da itlər gətiririk. Bizdə olmayan cinsləri oranın xüsusi bazarından alıb gətiririk.

Şəhri Əsgərova

- Gömrükdə probleminiz olmur ki?

- Bütün sənədlər qaydasında olanda heç bir problem olmur. Gömrüyün əsas tələbi odur ki, sənəd olsun, dərmanları vurulmuş olsun.

Şəhri Əsgərova deyir ki, satdıqları heyvanları vaxtı vaxtında peyvənd elətdirirlər. Hər heyvanın öz sənədi – pasportu da var. Sənədlərdə ona vurulan hər bir peyvənd, dərman haqda məlumat qeyd edilmiş olur:

«Xəstə heyvan, natəmizlik olmasın deyə hər ay gəlib yoxlayırlar. Həmişə yoxlama altındayıq».

ZOOPARKLA ZOO MAĞAZANI SƏHV SALANLAR

Həmsöhbətim danışır ki, bəzən zooparkla zoo mağazanı səhv, dəyişik salanlar da olur. 1-2 manat verib uşaqlarını zooparka aparmasınlar deyə mağazaya gətirirlər ki, heyvanlara burada baxsınlar. Amma mağazanın daimi müştəriləri də var. Burada təkcə heyvanlar deyil, onlara aid yemək, aksessuarlar da satıldığından Şəhri Əsgərova deyir ki, bəzi müştərilər heyvanları üçün aylıq bazarlığa gəlirlər. Məsələn, yeməklə yanaşı iti üçün xüsusi şampun alan kim, dağsiçanına yelləncək alan kim. Adam da var xüsusi cins axtarışındadır, hətta buna görə istənilən məbləği ödəməyə də razıdır:

«NƏ PUL DESƏNİZ VERƏRƏM...»

«Türkiyənin Kanqal iti var ha, onun erkəyindən təşkil edin, nə pul desəniz verərəm».

Zoo mağazada satılan it
Bunu mağazaya gəlmiş adının demək istəməyən orta yaşlı bu müştəri deyirdi. Onunla söhbətdən məlum oldu ki, Kanqal dediyi iti döyüşdürmək üçün axtarır:

«İtləri dalaşdıranda insan əlindən tərpənmək olmur, 500 adam toplaşır. Ortaya «Jeep», «Mercedes», pul qoyan olur. İtlərdən biri zingildəyən kimi dalaşmanı dayandırırıq. Bir it gərək o birinə dişini göstərməyə, göstərirsə deməli qorxur. Qorxanda o saat ayırırıq onları».

«ADI QIRMIZI KİTABDA OLAN HEÇ BİR HEYVAN SATMIRIQ»

Şəhri Əsgərova müştəriyə vəd verdi ki, istədiyi cins iti tapmağa çalışacaq. Bizimlə müsahibədə isə o bəzən buradakı heyvan bazarı barədə gəzən söz-söhbətlərə də münasibət bildirdi. Şəhri Əsgərova adı qırmızı kitaba düşən heyvanların satılması və ya satılan heyvanların ac saxlanması barədə deyilənlərin həqiqət olmadığını söylədi:

«Qırmızı kitaba düşən heyvanlardan heç nə satmırıq. Heyvanlara səhər, axşam yemək bişirirəm – «qreçka» ( qarabaşaq-Ü.A) ilə ət, düyü. Gündə 15-20, ən azı 10 manat onların yeməyinə xərcləyirəm».

Vəhşi, şəhadətnaməsi olmayan, adı qırmızı kitaba düşən heyvanların satışı ölkədə qanunla qadağandır. Bu qadağanı pozan fiziki şəxslər 200-300, hüquqi şəxslər isə 3000-5000 manat məbləğində cərimələnə bilər.
XS
SM
MD
LG