Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:24

BDU dossenti ilə ARDNŞ vitse-prezidenti arasında mülk davası


Bakı Dövlət Universitetinin dossenti Səidə Useynova

Bakı Dövlət Universitetinin dossenti Səidə Useynova

Bakı Dövlət Universitetinin dossenti Səidə Useynova ilə Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov arasında mülki mübahisə düşüb. Bu barədə AzadlıqRadiosunun «Qaynar xətt»inə Səidə Useynova və qızı Tubuxanım Qasımzadə danışıb.

BAŞIBƏLALI BAĞ SAHƏSİ

Səidə Useynova deyir ki, mübahisəli mülkiyyətə çevrilmiş bağ sahəsi Mərdəkanda bağlar massivində yerləşir. Bu bağ sahəsi dövlət qarşısındakı xidmətlərinə görə 1954-cü ildə dövlət tərəfindən bir milis generalına bağışlanıbmış. O vəfat etdikdən sonra – 1977-ci ildə qızları məhkəmədə razılaşma müqaviləsi əsasında evi bölüblər. 1983-cü ildə şərikli mülkiyyət olduğundan bacılardan biri digər bacının rəsmi razılığı ilə öz hissəsini Useynovlara satıb. Səidə Useynovanın deməsinə görə, 2002-ci ildə digər bacının sahəsi Useynovlardan xəbərsiz Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun həyat yoldaşı Nərgiz Nəsirovanın adına alqı-satqı olunub. Səidə Useynova iddia edir ki, əvvəla şərikli mülkiyyətdə alqı-satqı aparılarkən satılan hissə ilk növbədə şərikli mülkiyyətçiyə - yəni ona təklif olunmalı idi. Bundan başqa, onun iddiasına görə, sənədləşmədə və alqı-satqıda saxtakarlığa yol verilib.

«HASARIMIZI UÇURMUŞDULAR, SAHƏMİZDƏ TENNİS KORTU TİKDİRMİŞDİLƏR»

Səidə Useynovanın sözlərinə görə, o, şərikli mülkiyyətin bir hissəsinin ondan xəbərsiz başqasına satılmasından mülkün sənədlərini təzələyərkən xəbər tutub:
«Torpaq sahəsini özəlləşdirdik, məhkəmə qaydasında bunu təsdiq etdirdik. Torpaq kadastrı aldıq. Əmlak Komitəsindən yeni çıxarış aldıq və görəndə ki, orada şərikli mülkiyyətçi kimi Nərgiz Nəsirovanın adı yazılıb, başa düşdük ki, saxtakarlığa yol verilib. Mülkün bir hissəsi bizdən xəbərsiz qanunsuz yolla Nəsirovanın adına keçirilib. Bu, ötən ilin avqust ayında baş verdi. Elə həmin ayın 21-də bağa köçəndə gördük ki, şərikli mülkiyyətçinin sahəsində tikinti işləri gedir. Vurub bizim hasarı da uçurublar, ərazimizdə tennis kortu tikiblər. Qapı-qapı düşdük ki, bu tikintini kim aparır. Nə fəhlələr, nə də tikintiyə rəhbərlik edən bu barədə heç nə demədi. Dedilər ki, bizi bura firma göndərib, tikintinin sahibini tanımırıq».

QONŞU OTAQDA MAL-QARA TÖVLƏSİ?

Səidə Useynovanın qızı Tubuxanım Useynova deyir ki, şərikli mülkiyyətçi ilə onların evini eyni fundament və dam birləşdirirmiş. Ötən ilin avqust ayında bağa köçərkən görüblər ki, fəhlələr divar qonşusunun evinin bünövrəsini sökməklə məşğuldular:
«Gördük ki, traktorla fundament daşlarını çıxarıblar, dedik neynirsiniz, bu, ümumi evdir, indi bizim hissə də dağılacaq. Fəhlələr dedilər bizim «xozeyin» fundamenti çıxarıb sizin evin altında 1500 kvadratlıq təzə tikili üçün kanalizasiya qovşağı edəcək. Bizim otağa bitişik həmin otağa maşınlarla peyin tökmüşdülər. Ona bitişik yerdə isə 25 fəhlə üçün üstü açıq ayaqyolu tikmişdilər. Şərikli mülkiyyətdə, divarla bölünən ümumi evdə necə mal-qara tövləsi etmək olardı, hələ də bizə çatmır. Şənbə günü və axşamçağı idi, biz yalnız polisə xəbər verə bildik, polis gəlib tikintini saxlatdırdı, akt tərtib etdilər».

Tubuxanım Qasımzadə deyir ki, şərikli mülkiyyətin alqı-satqısında şərikin üstünlük alıcı hüququnun pozulması, torpaq zəbti və qanunsuz tikililərlə bağlı məhkəməyə müraciət ediblər.

«Biz gördük ki, qarşı tərəfdən heç olmasa üzrxahlıq da yoxdur, 2-3 gün sonra məhkəməyə müraciət etməli olduq. Ötən ilin avqustun 24-dən bu günəcən bu proses gedir».

ÜZRXAHLIQ

Tubuxanım Qasımzadənin sözlərinə görə, məhkəməyə və başqa instansiyalara şikayətlər etdikdən sonra ARDNŞ vitse-prezidenti Elşad Nəsirov vəkili Vüqar Babalıyevlə birlikdə onların bağ evində olub və üzrxahlıq edib:
«Elşad Nəsirov dedi ki, mən sizin təzə qonşuyam, bu alqı-satqı olanda xəbərim olmayıb. Bunu mənim adamlarım ediblər. Bilsəydim imkan verməzdim. Qoymazdım sizin başınıza bu oyunları götürsünlər, sizi çox incidiblər, indi bilmişəm. Üzrxahlıq elədi, xahiş etdi ki, məhkəmədən iddiamızı geri götürək. Çalışacaq üzrxahlıq kimi hansısa şərtləri yerinə yetirsin, evimizi bərpa etsin. Bizsə qarşılıqlı şərt kəsdik ki, evin bərpasından sonra o, qeyri-qanuni aldığı evi özümüzə satacaq».
Bu görüşü məhkəmədə Elşad Nəsirovun nümayəndəsi Vüqar Babalıyev də təsdiqləyib.

MƏHKƏMƏ

Tubuxanım Qasımzadə deyir ki, bu, Elşad Nəsirovun onlarla ilk və son görüşü olub. Necə deyərlər, biri atlı olub, biri piyada. Mülki mübahisə məhkəmə müstəvisində davam edib. Səidə Useynova Elşad Nəsirovu və onun həyat yoldaşı Nərgiz Nəsirovanı, 41 saylı dövlət notariat kontorunu, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verib. 1 ilə yaxındır ki, proses davam edir. Bu müddət ərzində iş Elşad Nəsirovun vəkili Vüqar Babalıyevin apellyasiya və kassasiya şikayətləri əsasında iki dəfə Bakı Apellyasiya, iki dəfə də Ali Məhkəməyə gedib, geri qayıdıb. Səidə Useynova deyir ki, bu, süründürməçilik və vaxtı uzatmaq məqsədi güdür.

Məhkəmədə Səidə Useynova əlavə iddialar da qaldırıb. Yaşadığı evin bir hissəsində tövlə və ayaqyolu tikilməsini özünə və ailəsinə qarşı təhqir hesab edən Useynova buna görə Elşad Nəsirovdan 100 min manat mənəvi təzminat tələb edir. Başqa iddiasına görə isə, o tələb edir ki, Elşad Nəsirov ərazidəki tikintiləri sökdürsün və ərazini əvvəlki vəziyyətinə qaytarsın.

Məhkəmədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Tahir Məhərrəmov da iştirak edib. O, şəhadətnamə almaq üçün Komitəyə müraciət etmiş Nəsirovlar tərəfindən Komitəyə saxta sənədlər təqdim olunduğunu və saxta sənədlər əsasında da torpağa şəhadətnamələr verildiyini bildirib. Deyib ki, indikindən fərqli olaraq əvvəllər Komitə şəhadətnaməni müvafiq sənədlərin surətləri əsasında verdiyindən həmin sənədlərin kökünü yoxlamaq olmurdu:

«Sonralar məlum olanda ki, belə saxtalaşmalar mövcuddur, biz indi sənədin əslinə baxış keçirməklə arxiv arayışı tələb edirik. Bu da həmin dövrə təsadüf etdiyinə görə və məhkəmə araşdırması zamanı məlum olub ki, belə bir hal baş veribsə, onun ləğv olunmasına biz etiraz etmirik».

NÜMAYƏNDƏ İSƏ DEYİR Kİ...

Elşad Nəsirovun nümayəndəsi Vüqar Babalıyev sənədlərin saxta olmadığını bildirib:
«Saxta sənəd odur ki, müvafiq dövlət orqanının adından olan sənədləri bu və ya digər üsulla saxtalaşdırmaqla versinlər. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, hər bir sənəd aidiyyəti dövlət orqanı tərəfindən verilib və lazımi reyestrlərdə də qeydiyyatdan keçib. Ona görə də sizin nə iş materiallarına görə, nə tutduğunuz vəzifəyə görə, nə də mənəvi haqqınız yoxdur deyəsiniz ki o sənədlər saxta əsaslarla verilib».

Nümayəndə ümumiyyətlə, bütün iddiaları əsassız hesab edib və məhkəmədən xahiş edib ki, iddialar təmin olunmasın. O vəsatətini belə əsaslandırıb ki, istənilən iddianın 3 il müddəti var. Nəsirovlar Useynovların şərikli mülkiyyətçisindən bağ sahəsini 2002-ci ildə alıblar. Useynovlarsa 2010-cu ilədək buna qarşı çıxmayıblar. Lakin Səidə Useynova məhkəmədə deyib ki, onlar uzun illər alqı-satqıdsan xəbərsiz olublar. Bundan ötən il bağa gələrkən söküntü-tikinti işləri aparıldığını görəndən sonra xəbər tutublar.

Sonuncu məhkəmə iclasında hakim qərar qəbul edib ki, BDU dossenti ilə ARDNŞ vitse-prezidenti arasındakı mülki mübahisəsinin sonu necə olacaq, bu barədə növbəti verilişlərimizdə mütləq danışacağıq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG