Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:36

«İğtişaş törədənlər cavab verəcəklər» (VİDEO)


Üç gündür Londonda davam edən iğtişaşlar, qarət və yanğınların ardınca Böyük Britaniyanın baş naziri David Cameron təcili iclas çağırıb. Məzuniyyətdən yarımçıq qayıdan Cameron bildirib ki, son 20 ildə ölkədə baş verən ən pis iğtişaşdan sonra vəziyyət bərpa olunacaq, səbəbkar və iştirakçılar öz hərəkətlərinə görə cavab verəcəklər.

Baş nazir tətildə olan Britaniya parlamentinin də vəziyyəti müzakirə etmək üçün avqustun 11-də fövqəladə iclasa toplaşacağını bildirib.

Bu arada maskalı və kapüşon köynəklərdə iğtişaş törədən gənclər dünən gecədən Londondan başqa Birmingem, Liverpul, Bristol, Mançester şəhərlərində də zorakılıq törədiblər. Bu isə polisin vəziyyətə nəzarət etməsi ilə bağlı narahtlıqları artırır.

RƏSMİLƏR XAOSU CİLOVLAMAĞA ÇALIŞIR

Paytaxtda polislərin sayı 16 minə çatdırılıb, vəziyyətin xüsusilə gərgin olduğu rayonlara isə zirehli maşınlar yerləşdirilib.

Britaniyanın daxili işlər naziri Theresa May bildirib ki, son 2 gündə Londonda 450-dən çox adam həbs olunub. Şəhər ətrafında isə bəzi iğtişaşçılar dükanları yarıb, şəxsi evlərə daxil olmağa cəhd ediblər. Soyğundan ehtiyatlanan restoran və dükan sahibləri obyektlərini erkən saatlardan bağlamağa məcbur olublar.

Bir çox London sakini intizamı bərpa etmək üçün polisin niyə daha çox qüvvədən istifadə etmədiyini sual edir. Həmçinin komendant saatının elan olunması, su şırnaqlarından istifadə, paytaxta əlavə qüvvə yeridilməsi üçün çağırışlar da eşidilir.

David Cameron yanğın olan ərazidə polislə söhbət edərkən
POLİSLƏRİN SAYININ AZALMASI TƏNQİD OLUNUR

Daxili işlər naziri isə bu gün polisin maaşının azalması və küçələrdə polis məmurlarının sayının azaldılması planına görə tənqidlə üzləşib. Nazir əvvəllər bildirirdi ki, bu azalmanı paytaxtda zorakılıq halları artmadan həyata keçirə bilərlər.

POLİS YERLİ İCMALARLA İŞLƏYİR

Sky News televiziyasına müsahibə verən daxili işlər naziri daha çox müdafiə mövqeyindən çıxış edib. Nazir onu da deyib ki, Britaniya polisi icmalarla birgə əməkdaşlıq şəraitində işləyir:

«Hazırda ölkəmizdə gördüyümüz qarışıqlığı uzun illər müşahidə etməmişik. Britaniyanın müdafiə modeli razılıq əsasında həyata keçirilir. London, Birminghem və Liverpul kimi şəhərlərdə də biz, polislər müdafiəni razılıq əsasənda təmin edirik. Polis yerli icmalarla işləyir».

Bu arda London polis komissarı Tim Godwin insanları polislə işləməyə, valideynləri isə uşaqlarını gec saatlarda küçələrə qoymamağa çağırıb:

London
«Televiziya kadrlarından da görünür ki, Londonda xeyli qarışıqlıq var. Nəticədə də çoxlu polis iş başındadır. Lakin mən valideynləri övladları ilə əlaqə saxlayıb, onların harada olduqlarını öyrənməyə çağırıram».

POLİSƏ İŞİNƏ MANE OLAN TAMAŞAÇILAR

Bununla belə rəsmilər bəzi rayonlarda komendant saatı elan etməyə həvəssiz görünür. Godwin polisin fəaliyyətini tamaşa edənləri də küçələrdən yığışmağa, polisə mane olmamağa çağırıb:

«Polisin cinayətkar və qarətçiləri ələ keçirmək üçün keçirdiyi əməliyyata mane olan həddən artıq çox tamaşaçı var. Mən həmin insanlardan xahiş edirəm ki, polisin göz önündə baş verənlərə müdaxilə etməsi, işinə şərait yaratmaq üçün küçələri təmizləsinlər».

Zorakılıq ilk dəfə şənbə günü, Londunun şimalında Tottenham rayonundan başlayıb.
Nümayişçilər polisin 29 yaşlı, 4 uşaq atası olan Mark Dugganın mübahisəli şəraitdə güllələnməsinə etiraz ediblər.

İğtişaşlar genişləndikcə bəziləri ölkədə sosial gərginliyin artdığını da qeyd edir. Belə ki, hökumət nəhəng büdcə defisitini azaltmaq üçün 2015-ci ilə kimi ictimai ehtiyaclar üçün xərcləri 130 milyard dollar azaltmaq istəyir. Bu vəziyyət ölkənin özəl banklarını xilas etmək üçün milyardlarla dollar sərf etməsindən sonra yaranıb.





Günün bütün mövzuları

XS
SM
MD
LG