Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

Arif Hacılının məktubu, Vidadi İsgəndərlinin məhkəməsində «yüzbaşı» söhbəti


Mətbuat icmalı

Mətbuat icmalı

«Yeni Müsavat» qəzeti Müsavat Partiyası İcra Aparatının rəhbəri, 2 aprel aksiyasında həbs olunmuş Arif Hacılının məktubunu dərc edib:

«Xalis formal hüquqi baxımdan çıxış etsək, dövlət müstəqilliyinin bərpası haqqında qanunvericilik aktının tarixi 1991-ci ilin 30 avqustudur. Məhz 30 avqust 1991-ci ildə Ali Sovet «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə» qəbul edib. Həmin bəyannaməni heç cür tarixdən silmək olmaz. Ən azı bu səbəbdən ki, Müstəqillik haqqında Konstitusiya Aktının mətnində həmin bəyannaməyə birbaşa istinad edilir: «Azərbaycan Respublikasının Ali Soveti ... «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir».

«Müstəqillik Aktı heç şübhəsiz Azərbaycan dövlət və hüquq tarixinin ən mükəmməl, unikal və mühüm sənədlərindən biridir. (Bu sənəd 18 oktyabr 1991-ci ildə imzalanmış, № 222-XII kimi qeydə alınıb.) 32 maddədən, 6 hissədən ibarət olan akt təəssüf ki, simvolizə etdiyi tarix kimi haqsız olaraq diqqətdən kənarda qalıb… Çoxları izah edə bilmir ki, bu sənəd hazırda qüvvədədir ya yox. Halbuki Konstitusiya Müstəqillik Aktının prinsiplərini əsas tutaraq qəbul edilib…

«18 oktyabrı diskussiya predmetinə çevirənlərin əksəriyyətinin məkrli siyasi maraqları var. Belələrinin məqsədi həmin müstəqilliyi əldə edənləri inkar etmək və «müstəqillik üçün sən nə etmisən» sualından yayınmaqdır. Bunlardan olsa ümumiyyətlə işğal da, bu işğala qarşı mübarizə də, bu mübarizəni aparanlar da olmayıb. Müstəqillik də göydən üç alma kimi düşüb. Və təbii ki, bu almanın üçü də bu nağılı danışanlarındır!».

VİDADİ İSGƏNDƏRLİ SEÇKİ SAXTAKARLIĞINI SÜBUT ETDİ

«Azadlıq» qəzeti hüquq müdafiəçisi Vidadi İsgəndərlinin avqustun 8-də Göyçayda davam edən məhkəməsindən yazır.

Məhkəmədə Vidadi İsgəndərli saxlama şəraiti və özünün həkim müayinəsindən keçirilməsi ilə bağlı vəsatət qaldırıb:

«Gəncə istintaq təcridxanasında saxlama şəraiti dözülməz həddədir. Orada saxlanılanları bit basıb. Mənim saxlanıldığım kameraya paçka ilə bit atıblar. Orda da elə dustaqlar var ki, bit onların ətini yeyib sümüklərinə kimi gedib çıxıb. Mən «stolıpin»də (təqsirləndirilən, məhkum edilmiş şəxslərin daşınması üçün xüsusi vaqonlar - R.D.) bura gətirilərkən dustaqlardan saxlama şəraitinə niyə etiraz etməmələrinin səbəblərini soruşdum. Mənə «kimə» sualıyla gorbagor Stalinin sözü ilə cavab verdilər: «Dustağa işgəncə vermək istəyirsənsə, onu «stolıpin»də ölkənin bir başından o biri başına apar». Budur Azərbaycanda dustaqların real vəziyyəti. Təsəvvür edin, 4 dustağın daşınmalı olduğu bir yerə nəzarətçilər 25-30 dustağı zorla doldururlar. O cür rəftara, şəraitə heç ürəyi sağlam olan dustaq da dözməyib infarkt olur. İtlər bir tərəfdən hürüşür, dustaqların üstünə qısqırdılır. Stalin bir tərəfə, heç faşistlər belə etmirdilər.

Vidadi İsgəndərli
Məhkəmədə ifadə verən 16 saylı məntəqədə komissiya üzvü olan Sabir Hacıyev isə - Vidadi İsgəndərli məntəqəyə daxil olanda, orada müşahidəçilər, komissiya üzvləri, seçicilər, yüzbaşıların olduğunu deyib. Vəkil Xalid Bağırovun suallarına o, belə cavab verib:

- Yüzbaşılar kimlər idi?

- Bilmirəm.

- Onları ora kim dəvət etmişdi? İcra hakimiyyətimi, icra nümayəndəliyimi?

- Bilmirəm.

- Onlar neçə nəfər idilər?

- Bir-iki nəfər...

- Vəzifələri nədən ibarətdir?

- İnsanları seçkiyə gətirməkdən.

- Bu, qanunidirmi?

- Bilmirəm.

- Siz hüquq və vəzifələrinizi bilirsinizmi?

- Yox, bilmirəm.

ELEKTRON MÜRACİƏTLƏR DÖVLƏTİN VƏTƏNDAŞLARLA ÜNSİYYƏTİNİN MÜASİR FORMASIDIR

«Azərbaycan» qəzeti Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovla müsahibə dərc edib. Müsahibədə Prezident İlham Əliyevin rəsmi internet saytının vətəndaş müraciətlərinə aid hissəsində edilmiş yeniliklər haqqında danışılır. Süleyman İsmayılov dəyişikliklərdən sonra elektron müraciətlərin sayının artdığını deyib:

«Ölkə prezidentinin rəsmi internet saytına daha çox gənclər və orta nəslin nümayəndələri müraciət edirlər. Daha yaşlı nəslin nümayəndələri isə ənənəvi məktub formasından istifadə edir və öz müraciətlərini poçt vasitəsilə göndərməyə üstünlük verirlər.

Əhalinin prezidentin rəsmi internet saytına müraciətlərinin coğrafiyası da maraq doğurur. Bu müraciətlər respublikanın 79 şəhər və rayonunu əhatə edir, xüsusilə Bakı şəhəri və onun rayonlarından, Sumqayıt, Şirvan, Lənkəran, Saatlı, Salyan, Göygöl şəhər və rayonlarından daha çox elektron müraciət daxil olmuşdur...

Müraciətlər əsasən yerli icra orqanlarının fəaliyyəti, fərdi yaşayış evlərinin tikintisi, şəhərsalma, mənzil, sosial yardım və müavinətlər, müalicə və dərmanlarla təminat, işlə təmin olunma, hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti barəsindədir…».

Günün bütün mövzuları

XS
SM
MD
LG