Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

Daşqından zərərçəkənlərin ev gözləntisi


2010-cu il Kür daşqınları
2010-cu il Kür daşqınları
2010-cu il Kür daşqınlarından evləri yararsız hala düşən Salyan rayon sakini Gülşən Fələkzadə 19 aydır ki, uçub-dağılan evlərinin yenidən tikiləcəyini gözləyir. Elə bu gözlənti ilə o, 2-ci qrup əlil həyat yoldaşı və iki övladı ilə birgə 19 aydır ki, rayonun Kürqaraqaşlı kəndində yaxınlarının evinə sığınıb. Gülşən Fələkzadənin qardaşı Elçin Əzizovun deməsinə görə, Fövqəladə Hallar Nazirliyi bacısıgilin evi ilə bağlı iki dəfə akt tərtib edib. Hər iki sənəddə evin yaşayış üçün yararsız olduğu göstərilib. Elçin Əzizov deyir ki, problemin sənədlərdə öz əksini tapmasına baxmayaraq ev tikintisi ilə bağlı addım atılmır:

«Mən Salyanda 3-4 ailə tanıyıram ki, faktiki evi-eşiyi yoxdur, bacımgil kimi qohumlarda yaşayır, amma adam var ki, 9-cu mərtəbədə yaşayır, daşqından heç bir ziyan çəkməyib, ona ev verilib».

ZƏRƏRÇƏKƏNLƏR VƏ EV ALANLAR

Elçin Əzizova görə, bu işlə məşğul olan qurumlar sadəcə zərərçəkənlərin siyahısı ilə ev verilənlərin siyahısını müqayisə etməklə vəziyyətin necə olduğunu çox asanlıqla üzə çıxara bilərlər:

«Yoxlayıb görə bilərlər ki, kiminsə evi, villası ola-ola ev verilib, heç yaşayış da yoxdur. Amma çöllərdə qalanlar hələ də gözləyirlər».

«SİYAHI NAZİRLİKDƏN GƏLİR»

Salyan rayon icra hakimiyyəti aparatının mülki-müdafiə qərargahının rəisi Şəmsəddin Əbilov bu məsələdə icra hakimiyyətini günahlandırmağın yersiz olduğunu bildirir. Onun deməsinə görə, evlərin tikilməsindən tutmuş zərərçəkənlərə paylanmasına qədər bütün işlər Fövqəladə Hallar Nazirliyinin (FHN) siyahısı əsasında həyata keçirilir. Şəmsəddin Əbilova görə, bir neçə gün əvvəl rayonun Plastmas qəsəbəsində zərərçəkənlərə paylanan 42 ev də nazirliyin göndərdiyi siyahısı əsasında paylanıb:

İCRA HAKİMİYYƏTİNİN YENİ SİYAHISI OLACAQ

«Yəni bu ancaq FHN tərəfindən tikilən evlərdir və həmin adamların evlərinin qəzalı olmasını da həmin nazirlik müəyyən edib».

Şəmsəddin Əbilovun sözlərinə görə, indiyə qədər rayonda 80 ev tikilib və hazırda 57 ev də tikilməkdədir.

Daşqından əziyyət çəkənlər
Qərargah rəisi Gülşən Fələkzadənin şikayətinin də hazırda gündəlikdə olduğunu bildirir. Şəmsəddin Əbilov deyir ki, əslində FHN nazirliyinin tərtib etdiyi ilkin siyahı ilə iş bitmir. Onun deməsinə görə, komissiyanın baxışından sonra da xeyli evlər qəzalı vəziyyət düşüb:

«Su çəkildikcə evlərdə qəzalı vəziyyət yaranıb. Sakinlərin müraciətləri əsasında bəlkə 100-dən çox qəzalı evin siyahısını hazırlamışıq və FHN komissiyası gələndə biz həmin evləri baxışa təqdim edəcəyik».

BİR EV NEÇƏYƏ TİKİLİB?

Salyan rayon icra hakimiyyətinin rəsmisi bir evin neçəyə başa gəldiyini, evlərin tikintisinə ümumilikdə nə qədər vəsait xərcləndiyi barədə məlumatsız olduğunu deyir. Şəmsəddin Əbilov deyir ki, onların çalışdığı odur ki, zərərçəkənlər evlərlə təmin olunsunlar, ədalətsizlik olmasın. Bir evin neçəyə başa gəldiyini digər rəsmi qurumlar da açıqlamır.

«Kür» vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev deyir ki, bir evin tikintisi rəsmi sənədlərdə 50-60 min manata başa gəldiyi qeyd edilir. Amma Oqtay Gülalıyev bunun şişirdilmiş məbləğ olduğunu deyir. «Biz mütəxəssislərə müraciət etmişik. Onlar hesab edirlər ki, bir ev 18-20 min manata başa gəlir».
Oqtay Gülalıyev deyir ki, onlar sentyabr ayından evlərin tikintisinə xərclənən vəsaitlərin monitorinqinə başlayacaqlar.

Oktay Gülalıyev
Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyin sədri Emil Məmmədov isə hesab edir ki, evlərin tikilməsi və paylanması ilə bağlı narazılıqlar daha çox qəzalı evlərlə bağlı siyahının yerli mütəxəssislərin iştirakı olmadan hazırlanmasındadır. Hüquq müdafiəçisinə görə, yerli mütəxəssislər vəziyyəti daha yaxşı bildikləri halda Bakıdan gələn mütəxəssislər müəyyən yanlışlığa yol veriblər. Bu da nəticədə evləri daha çox qəzalı vəziyyətdə olanların narazılığına səbəb olub.

2400-DƏN ÇOX YENİ EV TİKİLİB, 3000 MİN EV TƏMİR EDİLİB

Nazirlər Kabinetinin 9 iyul 2010-cu il sərəncamında qeyd olunur ki, 3305 ev yenidən tikilməli, 3222 evdə isə bərpa gücləndirmə işləri aparılmalıdır.

Son məlumatlara görə, indiyə qədər 2405 yeni ev tikilib, 3000-dən çox ev də təmir edilib. 700-800-ə yaxın evin tikintisi isə davam etməkdədir.

Daşqınların vurduğu ziyanın aradan qaldırılmasına ümumilikdə dövlət büdcəsindən 300 milyon manatdan artıq pul ayrılıb.

Səhiyyə Nazirliyi daşqından ümumilikdə 14 kənd, 20 minə qədər insan, təxminən 4300-dən artıq ailənin zərər çəkdiyini bildirirdi.

Kür çayında daşqınlar 2010-cu ilin mayında başlayıb və yayın ortalarına qədər davam edib.
XS
SM
MD
LG