Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:13

Azərbaycan və dünyada kim nə qədər pensiya alır?


MDB ÖLKƏLƏRİNDƏ PENSİYA NƏ QƏDƏRDİR?

Əlbəttə, post-sovet ölkələrində də pensiyaçılar «insan kimi yaşamaq», yaxşı geyinmək və xaricə səfər etmək istəyirlər. Əslində isə onlar başqa problemlərlə əlləşirlər: dərmanlara necə pul tapmaq?

«Biz, xəstələr kimə lazımıq?» – 76 yaşlı Bişkek sakini Raida sual edir. O, daha sonra da deyir: «Mən ikinci qrup əliləm. Bütün bədənim əsir, xəstəyəm... Nəinki ərzaq, heç dərmana pulum çatmır».

Raidanın pensiyası 3000 somdur (65 dollar). Bu pulun üçdə biri kommunal xidmətin ödənilməsinə gedir. Qalanı ərzağa çətinliklə çatır.

Tbilisidən olan Nununun oxşar problemləri var: «Tək yaşasaydım, acından və dava-dərmansız ölərdim. Pensiyam 97 laridir (53 dollar), dərmanlara çatmır. Mən xəstə qadınam – hər yerim ağrıyır. Odur ki, mənə çoxlu dərman lazımdır».

Eyni şikayəti Alma-Atı, Yerevan, Düşənbə, Minsk və Bakı pensiyaçılarından da eşitmək olar.

MDB-də ən yüksək pensiya

MDB respublikaları arasında ən yüksək pensiya neft-qaz ehtiyatlarına malik Rusiya, Qazaxıstan və Azərbaycandadır.

Başqa MDB ölkələrində pensiyalar nisbətən azdır. Ən az pensiya Tacikistandadır. Orada orta aylıq pensiya 30 dollardır. Baxmayaraq ki, Tacikistanda cəmi yarım milyon pensiyaçı var. Tacikistan dünyada ən cavan ölkələrdən biridir, onun əhalisinin üçdə ikisinin yaşı 25-dən azdır.

Türkmənbaşı qocalıq pensiyasını ləğv etdi

2006-cı ilin əvvəlində Türkmənistanda qocalıq pensiyası ləğv edildi.

Elmlər Akademiyası, kitabxana və poliklinikaları bağlayan Saparmurat Niyazov bu yolla dövlət xərclərini azaltmaq istəyirdi.

Yeni qanuna əsasən, ahıl insanlara onların uşaqları baxmalıdırlar. Əks halda, pensiyaçılara qocalar evinə köçmək təklif olunurdu.

İlk pensiyalar (pensionlar) monarx Avropasında hələ 19-cu əsrdə verilib. Kral sülaləsi qarşısında xüsusi xidməti ilə seçilən ayrı-ayrı tanınmış şəxslərə - saray xadimlərinə, sərkərdələrə, alimlərə, rəssamlara pensionlar təyin edildi.

İlk dövlət pensiyaları isə 1889-cu ildə - «Dəmir kansler» Bismarkın dövründə verilib. Pensiya 70 yaş həddində ödənilirdi. Hərçənd o vaxt Almaniyada orta ömür müddəti 45 yaş idi.

Böyük Britaniya və Avstraliyada ilk dövlət pensiyalarını bundan 20 il sonra – 1908-ci ildə ödəməyə başlayıblar. ABŞ-da isə dövlət pensiya sistemi həmin əsrin 30-cu illərində formalaşıb.

Həmişə əhalisinin xüsusi sosial müdafiəsi ilə öyünən SSRİ-də isə pensiya hüququ yalnız 1956-cı ildə tanınıb.
Türkmənbaşı deyirdi ki, 18 yaşdan yuxarı uşaqları olanlar pensiya almamalıdır. 18 yaşından yuxarı uşaqları olmayıb, əvvəlki ölçüdə pensiya almaq istəyənlər isə 38 il iş stajına malik olduqlarını sübut etməlidirlər. Edə bilməsələr, son iki ildə xəzinədən aldıqları pulları qaytarmalıdırlar.

İslahatlar nəticəsində 100 mindən çox insan pensiyadan məhrum edilmişdi. Poçt bölmələrində, banklarda pensiyalarını tam və ya qismən itirdiklərini eşidən ahıllar huşunu itirir, infarkt keçirir və ölürdülər. («Almaniyanın səsi» radiosu).

2007-ci ilin ortalarında – yeni prezident Qurbanqulı Berdıməhəmmədov pensiyaları bərpa edib.

QƏRBDƏ PENSİYAÇILAR NECƏ YAŞAYIR

Böyük Britaniya

İngilis pensiyaçılar dünyada ən varlı pensiyaçılar sayılırlar. Statistikaya əsasən, ölkədə daşınmaz əmlakın 40 faizi məhz qocalara məxsusdur. 15-20 faiz pensiyaçıların isə hər biri 350 min dollar olan iki evi var. Amma bu evlərin əksəriyyəti 80-ci illərin ortalarında alınıb. Onda ölkədə daşınmaz əmlak çox ucuz idi.

20 il keçəndən sonra bu obyektlərin qiyməti 5-10 dəfə artıb. Odur ki, indi pensiyaya hazırlaşan ingilislər çətin ki, əlavə yaşayış sahəsi əldə edə bilsinlər. Lakin bunsuz da onların həyatı pis keçmir.

ABŞ-da sadə yaşasalar da, kasıb deyillər

Bu ölkədə minimal pensiya 300 dollardır. Bu qədər pulu ümumiyyətlə, heç yerdə heç zaman işləmədiyiniz halda alırsınız. Ən aşağı ixtisaslı işçilər belə istirahətə çıxandan sonra 700 dollardan çox pensiya alırlar.

Ancaq ştatlarda pensiyaçılar üçün xüsusi imtiyazlar yoxdur. Lakin bu sahəyə dövlətin diqqəti də yüksəkdir. Məsələn, pensiyaçılar üçün xüsusi kondominiumlar – çoxmənzilli evlər var ki, qocalar burada şərikli yaşaya, ev pulunu ödəyə və müxtəlif sosial xidmətlərdən yararlana bilirlər.

Almaniya. Su pulunu vermirlər.

Almaniyada 350 avro minimal pensiya ilə yanaşı, dövlət onların ev pulunu (adambaşına 56 kv. m.) və kommunal xərcləri ödəyir. Qalan pula orta alman pensiyaçısı avtomobil saxlaya, ildə iki dəfə xaricə gedə və səhiyyə sığortasını ödəyə bilir.

Ən az təminatlılar üçün isə «pensiya evləri» var ki, burada kirayə haqqı az, yemək ucuzdur. Həkimlər isə gecə-gündüz növbə çəkirlər.

İspaniya. Pensiyaçılar üçün qiblə...

Son illər İspaniya bütün Avropadan pensiyaçıları özünə cəlb edir. Səbəb ev və ərzaq məhsullarının ucuz olmasıdır. Yüksək pensiyalar alan skandinaviyalılar, almanlar burada özlərini kral kimi hiss edirlər. Yerli pensiyaçılar da yoxsulluq çəkmirlər – onların orta aylıq pensiyası 700-900 avrodur.

Bu pul nəinki əyalətlərdə, hətta Barselonada da dolanmaq üçün kifayətdir. İspanların əksəriyyəti kirayədə yaşasalar da, pensiyaçıların ildə 1-2 dəfə dənizdə istirahət etməyə imkanı çatır. Burada qocalar evləri dəb deyil. Qohumları, hətta qonşuları nənə və babanı qocalar evinə verməkdənsə, ona yardım edəcəklər.

Yaponiya. Pensiya üçün şəhərkənarına

Yaponiyada orta ömür müddəti yüksəkdir – 82 il. Pensiya yaşı isə 62-dir. Yəni, orta hesabla yaponiyalı 20 il pensiya ilə dolanır, bu da ölkənin pensiya sisteminə yükü artırır. Bu səbəbdən burada orta aylıq pensiya nisbətən azdır (yerli qiymətlərlə ayda 850 dollara dolanmaq asan deyil). Yaponların bir çoxu 60 yaşından sonra da işləməyə üstünlük verirlər.

Ev xərcini azaltmaq üçün onların bir çoxu şəhərkənarına köçür. İş və ailənin buxovuna çevrilməyənlər isə qonşu Asiya ölkələrinə (Filippin, Malayziya, İndoneziya) gedirlər. Həmin ölkələrdə Yaponiyaya nisbətən həyat olduqca ucuzdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG