Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:28

XƏZƏL. Cırtdan şeirlər


~

bütün inkar etdiklərin - qorxduqlarındır
bütün sevdiklərin özünə bənzərlər
qəzəb qədər qısadır həyat
ümid qədər sonsuz...
nisyə kədərlərlə
itirmə vaxt
…nağdı sevinclər
qapıda gözləyir,
aç kirpiklərini,
İNSANOĞLU!

~

Gəl, eşqim, gəl gedək
hər fəsli başqa ölkədə
hər ayı yeni şəhərdə
hər həftəni təzə küçədə
hər günü fərqli evdə...
öldürək...

~

bir uşaq pişik təpikliyir,
bir qoca quşun sınıq qanadını əzizləyir
hardasa...
bir qız ayrılığın zəhərindən gəbərir,
bir məhbus oğlan həsrət qaldığı azadlığa qovuşduğu üçün sevinir
…hardasa...
bir molla gəzəyən qadını və bütün dinsizləri lənətləyir
bir kafir həkim dindar mollanın oğlunu əməliyyatda xilas edir
hardasa...

~

Nəsə çox möhtəşəm bir yaxşılıq eləsəm
Allah: "Dilə məndən nə dilərsən!"-desə
bir günlük fırçasını istəsəm;
versə;
ağacları çəhrayıya, səmanı yaşıla,
…… torpağı bənövşəyiyə
dənizi sarıya
günəşi qaraya, ayı qımızıya
özümü də görünməzə rəngləsəm..

~

həqiqətlər dəstə-dəstə
çırpındı quş qəfəsində
yalanlarsa addım atdı
meydanlarda at oynatdı

~

körpü tikirəm aramıza
yaman uzaqdasan,
yaman uzaqda
sən də mənə
yaxın gəl
… bircə dünya,
gözümə görün
bircə bulud
ruhuma yağ
bircə damla
danışdır
bircə səs məni
Tanrı əmi...

~

nə torpaq cəzb edir
nə səma heyran
ruhum əzm eliyir
Rəbdən qaçıram.
nə dəniz soyudur
……nə od qızdırır
yasımın toyudur
Gəlin-ümidlərim
Bəy-əzrayıldır.

~

gecəyə oyanmaq qorxuludur
sabahin qaranliq olur.
seninlə yaşamaq
yuxudur ,
oyanmaq olmur.

~

Qibtə? Həsəd? Paxıllıq?
Azacıq ondan,
bundan azacıq.
cavanlıq onda ,
məndə azadliq.
……Közərən məhəbbət içində
qığilcım zərrəsi sönür.
Al bu soz-pambıq,
bu baxış-yod olsun.
Bas yaran qurusun!

~

ömrümə bulud enib
taleyim dumanlıdı
gələcəyə gedən yol
təmirdədi, bağlıdı...

~

qaraya dönsə Dünya mavisi
bozarsa yaşılı
soyusa qırmızı Günəşi
yansa ağ Qəməri
qopub kimsələrdən
mənim olsan məsələn.

~

sənin yolun günəşədi, mənim yolum yağışa...
nə sözün var açıq de,
indi de!
bilmək olmaz
qalarammı, ölərəmmi gələn qışa...

~

kimsə yuxudan oyadır -
gecə vaxti qəm ye deyə.
bulud yagişdan ayrilir,
yerin gözü nəmdir yenə.

~

(s) Sarı tarlalar arasında bir yol düşün
(e) Enya “Only time” oxusun
(v) Və Qara ferrari...
(i) Ikimiz bir də küləklər...
( r ) Rastımıza çıxan ilk dağ
(ə) Ən uca zirvədən üzüaşağı yuvarlanan biz
(m) Mənə ver əlini qovuşsun ürəklər...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG