Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:00

Müdafiə Nazirliyi «Əsgər huşunu itirib dünyasını dəyişib»


Arxiv foto
Arxiv foto
BİR ƏSGƏR DƏ NAMƏLUM ŞƏRAİTDƏ ÖLDÜ

Avqustun 8-də daha bir əsgər ölümü haqda xəbər gəldi. 21 yaşlı əsgər Saməddin Quliyev qəfildən huşunu itirib. Bu haqda AzadlıqRadiosuna Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib:

«Əsgər huşunu itirib dünyasını dəyişib. İndi ölümün səbəbləri araşdırılır».

APA İnformasiya Agentliyi əsgərin günvurmadan ölməsini ehtimal edir. Amma Teymur Abdullayev bunu inkar edir.

Saməddin Quliyev hərbi xidmətə bu il çağırılıbmış. O Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin birində xidmət edirmiş.

Yada salaq ki, iyulun 24-də də oxşar hadisə baş vermişdi. Fərrux Hüseynov adlı əsgər qəfildən ölmüşdü. O əsgər yoldaşı ilə söhbət etdiyi zaman yerə yıxılmışdı.
Nazirlik sonradan onun ürək çatışmazlığından öldüyünü desə də, əmisi Fərman Hüseynli qardaşı oğlunun sağlam olduğunu bildirmişdi.

Bundan sonra Masallıda əsgər Murad Tağıyevin özünü asdığı haqda məlumat gəldi.

MÜDAFİƏ NAZİRLİYİ: «BUNA TƏƏSSÜF EDİRİK»

Teymur Abdullayev deyir ki, əsgərin özünü asmasının səbəbləri hələlik bəlli deyil, Hərbi Prokurorluq bir həftədir araşdırma aparır:

- Tam səbəbi bəlli deyil. Bəlli olan odur ki, hərbi hissəni özbaşına tərk edib və meşədən meyiti tapılıb. Hərbi Prokurorluqla danışsaz, yaxşı olar.
- Əsgər ölümləri ilə bağlı nazirlik özü də təhqiqat aparırmı?
- Təbii, təbii.
- Yəni əsgər ölümü niyə artıb bu qədər, səbəb nədir? Araşdırılırmı?
- Artım deyəndə ki... Artımı siz deyirsiz. Elə bir artım yoxdur. Olub hadisələr, o da araşdırılır. Ölüm halları olur. Cəmiyyətin bütün təbəqələrində olduğu kimi orduda da belə hadisələr baş verir. Buna təəssüf edirik.

Ələkbər Məmmədov
«NORMAL ÖLKƏDƏ BELƏ HADİSƏDƏN SONRA MÜDAFİƏ NAZİRİ CƏZALANDIRILMALI İDİ »

Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov belə deyir. Onun sözlərinə görə, orduya tam nəzarət yoxdur. Son hadisələri də nazirlikdə bəzi qüvvələr arasındakı intriqa və qarşıdurma ilə əlaqələndirilir. Ələkbər Məmmədovun dediyinə görə, nazirliyin yüksək çinli məmurları arasında gedən kompromat oyunu artıq mətbuata çıxıb və tərəflər bir-birini zəiflətməyə çalışırlar. Nəticədə ordu uduzur:

«Hər dəfə müxtəlif hərbi hissələrdə eyni motivli hadisələr baş verir. Ordu rəhbərliyi də hər dəfə don geyindirir, bəhanələr gətirir ki, dünya ordusunda da bu var, nümunələr gətirirlər ki, belə olmalıdır, Azərbaycan döyüş şəraitindədir və sairə. Amma bu belə deyil. Əgər hərbi rəhbərlik normal, savadlı kadrlardan ibarət olsaydı, bu problem aradan qalxardı. Orduya qayğıkeşliklə, vətənpərvər ruhda yanaşılsaydı belə olmazdı. Hərbçilər arasında münasibət, ünsiyyət pozulub. Psixoloji vəziyyət gərgindir».

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyir ki, müdafiə və təhlükəsizlik sektorunda itkilər artıb. Bu da son 5-6 ildə silahlı qüvvələrdə gedən özbaşınalığın nəticəsidir:

«2011-ci ilin ilk yeddi ayı ərzində bu iki sektorda itkilərin sayı 65-ə yaxınlaşıb. Ötən illə müqayisədə bu həddən artıq çoxdur. Ötən il isə ilboyu itkilərin sayı 71 nəfər idi. «Doktrina» təşkilatı adlı siyahı aparır.

Cəsur Sümərinli deyir ki, təkcə bu il 50-dən artıq əsgər qeyri-döyüş şəraitində ölüb: «İntiharların, qəzaların sayı ilə yanaşı xəstəlikdən ölənlərin sayı da çoxalıb».

TEYMUR ABDULLAYEV: «NARAHATLIĞA ƏSAS YOXDUR»

Teymur Abdullayevsə hərbi ekspertlərin şişirtməyə yol verdiyi qənaətindədir:

Teymur Abdullayev
«Şişirtməkdə məqsəd nədir, başa düşmürük. Ekspertlərin deyəcəyi səviyyədə narahatlığa əsas yoxdur. Nə qədər rəqəmləri şişirtmək olar? Orduya nə qədər nifrətlə yanaşmaq olar. Ümumiyyətlə mən belə adamlar haqda danışmaq istəmirəm».

«ALİ BAŞ KOMANDAN İŞƏ QARIŞMALIDIR»

Ələkbər Məmmədovsa hesab edir ki, artıq bu vəziyyətdə ali baş komandan İlham Əliyev işə qarışmalıdır:

«Ali baş komandan orduya ciddi yanaşsa, qərbyönümlü islahatlar aparsa, ürəyi yananları yüksək vəzifəyə gətirsə, ordudakı hərc-mərcliyi aradan qaldırsa, bir çox problemlərin qarşısı alınar. Təəssüflər olsun ki, bu günədək bu yoxdur».

Son hadisələrlə bağlı Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvləri ilə də danışmaq istədik. Amma yay tətilində olan Komitə üzvlərinin çoxuna ya zəng çatmadı, ya da dəstəyi qaldırmadılar.

Hərbi Prokurorluqdan da əsgər ölümlərinin təhqiqatı barədə informasiya ala bilmədik.

HƏMÇİNİN OXU:

20 günün əsgəri nədən ölüb?
Əsgərin boynu niyə sındırılıb?
Zabitlər orduda korrupsiya ilə bağlı prezidentə videomüraciət göndəriblər (VİDEO)
7 əsgər nədən öldü?
Əsgərlər bir-birilərini niyə güllələyirlər?
XS
SM
MD
LG