Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52
Alpay Azər

“SübhanAllah” silsiləsindən


QIZCIĞAZ

Otuz dörd yaşlı iki uşaq atası Tahir yeddinci sinifdən siqaret çəkirdi. Onda oğlu səkkizinci, qızı isə üçüncü sinifdə oxuyurdu.

Düzü, ata lap ağ eliyirdi. Əslində, ağ yox, qara, - həm içini, yəni ağ ciyərini, sonra evdəkilərin gününü qara eliyir, - belə baxanda, o, hər gün cinayət eliyirdi.

Tikintidə fəhlə işləyən Tahir hər gün səhər saat səkkizdə, doqquza işləmiş çay-çörəkdən qabaq balkona çıxır, mexaniki olaraq binalara, bir də gözlərini qıyıb aşağı, həyətdəki bahalı maşınlara, bloklardan çıxıb dərsə, işə gedən fiquralı-əndamlı xanımlara baxa-baxa acqarına acı West siqaretindən birini çəkib qurtarırdı.

İşdən gəlib, yemək-çaydan sonra divana uzanır, bir əlində pult kanalları ora-bura çevirir, o biri əlində tünd iyli həmin Westin külünü tökürdü döşəmənin üstündəki külqabının içinə. “Norması” günə bir qutu, çox vaxt bir qutu yarım olurdu. (Ürək hələ ki, dözürdü, nə mikro, nə də “makro” infarkt keçirmişdi).

Dost-tanışıyla söhbət eliyəndə yeri gəldi-gəlmədi deyirdi: “Qağa, yeməyimi-içməyimi vermə, amma, çox demirəm, üçcə gün məni siqaretsiz saxlıyalar, dözəmmərəm. İnan ki, ürəyim partdıyar”, - “Ə, bəsdi, sən Allah, goplama”, - “Həzrət Abbas haqqı düz deyirəm”.

Bəzən divanda uzana-uzana televizorda gedən verilişə, ya futbola o qədər diqqətlə baxırdı ki, külü bilmədən külqabıya yox, yerə tökürdü.

Əvvəllər arvadı tez-tez qışqırırdı: “Ay kişi, bu qədər də yox də! Evdə uşaqları tüstüylə zəhərlədiyin bəs deyil, üstəlik polu da zibilliyirsən! Nə mənə yazığın gəlir, nə də uşaqlara”, – “Əcəb eliyirəm. Ərə gələndə guya bilmirdin siqaret çəkirəm?” - “Onda heç olmasa çıx balkonda çək”, - “Evdə çəkəcəm. Heç nə olmaz, pəncərə açıqdı, tüstü evdə çox qalmır, çölə çıxır pəncərədən”, - “Elə deyil, iy evə yayılır. Sən özün çəkirsən deyə hiss eləmirsən evdəki iyi. Yaxşı, balkona çıxmağa ərinirsən, onda heç olmasa dur pəncərənin qabağında çək, ordan da zibil futboluna baxa bilərsən”, - “Zibil sənsən! Bütün günü ayaq üstə işləmişəm, ayaxlarım ağrıyır. Mən siqaret çəkəndə bu otağa girmiyin. Külü də qəsdən pola tökməmişəm. Onsuz da hər gün evi süpürürsən, bir ovucluq p.. deyil, zəhmət çək, onu da süpür, üzüyünün qaşı düşməz!”

Dalaşsalar da bir müddət sonra Tahir acza insafa gəldi.

Külqabını çox vaxt öz qarnının, ya da yanına çəkib gətirdiyi stulun üstünə qoyurdu deyə külü daha döşəməyə tökmürdü.

Amma yenə də arvad-uşağın yanında siqaret çəkib otağı zəhərləmək kimi murdar vərdişindən əl çəkmək istəmirdi.

Oğlunun vecinə də deyildi, çünki evdəkilərdən xəbərsiz məktəbin tualetində, ya evlərin damında, parklarda dostlarıyla gündə dörd-beş dənə Kent, ya Marlboro çəkirdi deyə, - yeri gəlmişkən, o, bu işə yeddinci yox, altıncı sinifdən qədəm qoymuşdu, - atasının evdə siqaret çəkməsinə adi bir şey kimi baxırdı.

(Atası onu tutsaydı, qapaz, ya şillə vurmaq üçün əlini qaldırsaydı, başını tutub tez deyəcəkdi ki, bəs onda sən niyə çəkirsən, öz də evdə, hamımızın yanında).

Qızı isə hələlik heç nə demirdi, susur, hərdən oğrun-oğrun kədərlə, çox vaxt da hirslə tüstüləyən atasına baxırdı.

Bəzən atası siqaret çəkərkən dalbadal öskürüb ağzına gələn bəlğəmi tüpürməkçün hamama qaçanda, qızı dalısınca nifrətlə baxsa da, hirsindən dişlərini bir-birinə sıxsa da atasına bir söz deməyə cəsarəti çatmırdı.

Çiyinlərini çəkir, dodaqlarını büzür, “Mən neyniyim, mən neyniyim?” – öz-özünə deyinirdi, hərdənsə qaşlarını çataraq atasının arxasınca baxıb iki santimetrllik barmağını silkələyirdi.

Bir dəfə anasından ərkyana, bir az da qınayıcı tonda soruşdu:

- Bəs niyə sən hər gün ataya demirsən ki, siqaret çəkmə?

- Nə? Ay qız, deyən, sən səysən. Hər gün nədi, bəs sənin yanında, qardaşının yanında neçə dəfə atana demişəm ki, evdə siqaret çəkmə...

- Evdə yox, “heç çəkmə” demirsən.

- Atanın otuz dörd yaşı var, bu yaşda mən durub ona ağıl qoyacam? Başı batmasın, mən hələ də atana başa sala bilmirəm ki, evdə siqaret çəkmək olmaz. Çünki atan nə məni, nə də sənnən qardaşını fikirləşir, ancaq özünü fikirləşir.

- Öz də öskürür.

- Cəhənnəmə öskürsün.

Qızcığaz heç nə demədi, anasını ürəyində söydü: “Sən pis anasan! Heç vecinə də deyil”. Yenə də demək olar ki, hər gün qapının ağzında dayanıb siqaretin külünü qarnının üstündəki külqabıya tökən atasına küskün, məsum, bəzənsə hirsli baxışlarla baxıb düşünürdü. “Neyniyim ki, atam siqaret çəkməsin?”, “Anam düz deyir, ata heç bizi fikirləşmir, hər gün zəhərliyir bizi”, “Gedim deyim ki, sən pis atasan?”, “Ya da gedib deyəcəm ki, küsdüm səndən, bir ay danışma mənlə”.

Qaba xasiyyətli ata əvvəllər qulağının ucuyla qızının baxışlarını hiss etsə də fikir vermirdi. Günlərin bir günü qəfildən başını qızına tərəf çevirib soruşdu:

- Ay dovşan, helə niyə baxırsan? Mənnən nə istiyirsən?

- Heç nə, - ürəyindəkini deməyə cəsarəti çatmadı.

- Onda gözdərini mənə zilləmə, get dərslərini oxu.

Qız incidi, o dəqiqə yox oldu. O yaşda deyildi ki, təhqir sözünün nə olduğunu bilsin, amma o qədər pis oldu ki, elə yerindəcə ağlına bir fikir gəldi. Başa düşdü ki, istədiyinə həmin an yox, sabah çata bilər.

Ertəsi gün qız, atası divanda uzanandan sonra ata-anasının yatdığı otağa keçdi, stulu qab-qacaq olan dolabın qabağına qoydu, üstünə çıxıb Quran kitabını götürdü, sonra atasının yanına gəldi.

- Nədi ay, qız?

- Otur.

- Nə?

- Otur.
Atası təəccüb içində uzandığı divanda oturdu.

- Ay ata, çox xayiş edirəm, əlini qoy Quranın üstünə, and iç ki, bir həftə siqaret çəkmiyəjsən.

Atası qızının parıldayan gözlərinə baxdı, əvvəlcə təəccübləndi. Qızının son vaxtlar onu evdə diqqətlə izləməsinin səbəbini anladı. Sözün düzü, qızı oğlu kimi şəhərə gəzməyə çıxanda “Ay ata, onu al, bunu al” demirdi, hətta atasına “mənə marojni al” deməyə utanırdı. Həm də fikirləşdi ki, bir həftə elə də uzun zaman deyil, dözmək olar. Buna görə qızının xahişini yerə salmadı, əlini müqəddəs kitabın üstünə qoyub dedi: “Qızım, görürəm, ürəkdən xayiş eliyirsən. And içirəm ki, bir həftə siqaret çəkmiyəcəm”.

Kişi artıq ikinci gün özünü narahat hiss etməyə başladı, - burnuna işdə, ya küçədə siqaret iysi dəyəndə az qaldı tanıdığı, ya tanımadığı adama yaxınlaşıb siqaret istəsin. Quran, bir də qızının gözləri yadına düşdü...

Gecə arvadının boynuna “Qızcığazına Qurana and içməyi sən öyrətmisən?” məsələsini qoymaq istədi.

Arvad əvvəlcə heç nə başa düşmədi, kişi məsələni izah edəndə, əvvəlcə atasının ruhuna, sonra Allaha and içdi ki, and içdirmək məsələsində qızına heç nə öyrətməyib.

Ərini lap inandırmaq üçün bir də dedi ki, siqaret çəkirsən çək, amma, sən Allah, balkonda çək, otağı, evdəkiləri tüstüylə zəhərləmə. Axırda onu da əlavə etdi ki, qızın məni bu yaxınlarda danladı da, dedi ki, niyə ataya hər gün demirsən ki, siqaret çəkmə.

Kişi arvadının sifətinə diqqətlə baxdı, başa düşdü ki, həqiqətən “and içdirmənin” təşəbbüskarı elə tək qız özüdü. “Deyəsən, məni bu evdə elə istiyən tək dovşandır”, - fikirləşdi və yuxuya getdi.

Bir həftə keçdi, vaxt bitdi, səkkizinci gün kişi səhər işə gedəndə yolüstü qabağına çıxan ilk köşkdən Kent 8 aldı, qutunu tez açıb, birini çıxardıb yandırdı, dərin qullab aldı, “Ləzzəət”, - dedi, iki dəqiqəyə siqareti çəkib qurtardı.

Bir həftəlik “aclığı” gün ərzində yox oldu, - işdə on siqaret çəkdi, qutuda qalan doqquzunu ev üçün saxladı.

İşdən gəldi, yarpaq dolmasını iştahla yedi, arvadı qabağına çay qoyanda qız gəlib masanın arxasında oturub gözlərini düz atasının sifətinə zillədi, - yəni bilirəm, bu gün vaxtın bitib, bəlkə də artıq işdə çəkmisən, amma çəkmə, tərgit, ay ata.

Qızının sərt mentor-tərbiyəvi baxışları atanı əsəbləşdirdi, heç nə deməsə də mexaniki olaraq fikirləşdi. “Bircə sən qalmışdın. Dədəm mən məktəbdə oxuyanda ayağımdan asdı, üç saat məni qaranlıq padvalda saxladı, xeyri olmadı. İndi sən mənə otuz dörd yaşımda ağıl öyrədəcəksən, ay qız... Bircə keçən dəfəki kimi Quranı gətirməyəydi”.
- Ay qız, külqabı hardadı? – qızına baxmadan arvadından soruşdu. – Tap gətir bura.
Qızı anasını qabaqladı, heç nə demədən mətbəxə gedib, dolabı açıb bir həftə əvvəl yuyub qoyduğu külqabını gətirib küskün, bir az da acıqlı sifətlə atasının qabağına qoydu. Ata qızının bu hərəkətinə xeyli təəccübləndi, amma səbəbini tez də başa düşdü (Yəni külqabını səssizcə, acıqla gedib gətirməklə bunu ürəkdən etmədiyini atasına çatdrmışdı.), külqabını götürüb balkona çıxdı...

O biri günlər də siqareti balkonda çəkdi. Bir müddət sonra qızı çöldə rəfiqələriylə oynayanda yenə divanda uzanıb kanallara baxa-baxa Kent 8-in külünü qarnının üstündə qalxıb-enən külqabıya tökürdü.

Qızı otağa girəndə tez çəkdiyi siqareti külqabının divarına sıxıb söndürür, özünü elə aparırdı ki, guya heç nə baş verməyib.

Bir dəfə yenə yarıya qədər çəkdiyi siqareti külqabıda söndürəndə qızı divana yaxınlaşıb “Pis ata”, - deyib tez otaqdan çıxdı.

Bu sözdən sonra ata balkonda tüstüləsə də, külqabını özüylə götürmürdü, başını məhəccərdən aşağı sallayıb siqareti iki barmağının arasında saxlayırdı, qızı balkona girən kimi barmaqlarını aralayırdı.

Bir dəfə qız səssizcə balkonda siqaret çəkən atasına yaxınlaşanda Tahir qəfildən onu yanında gördüyündən həyacandan əli əsdi, əli əsdiyindən siqaret barmaqlarının arasından düşdü...

Az sonra “kişi qüruru” öz sözünü dedi, - əvvəlcə qızının balkona baxan pəncərəsindən ayaqlarının ucunda qalxıb onu güdməsini arxadan hiss edəndə kişi acıqca məhəccərdən aşağı salladığı əlini qaldırdı, siqareti nümayişkəranə çəkməyə davam etdi, çöndü ki, qızına göz vursun, qızı artıq pəncərənin qabağından aralanmışdı. “Bu qız axırda yurist olacaq”, - öz-özünə fikirləşdi.

Ramazan ayına bir həftə qalmış kişi öz fəhmiylə hiss etdi ki, qızı müqəddəs ay girən kimi ona “bir ay siqaret çəkmə” xahişiylə Qurana and içdirəcək.

Narahat olmağa başladı, fikirləşdi ki, qız Quranı gətirsə, üstünə qışqırıb deyəcək ki, ay qız, bəsdi, mənə ağıl qoydun, apar kitabı qoy yerinə. Arvadına isə deyəcək ki, onsuz da mən oruc tutmuram, ona görə qızına başa sal ki, mənə bir də dərs keçməsin.

Ramazan ayı girdi. Atası işdən gələndə qız o biri otağa keçib dolabın üstündəki Quranı götürmədi. Atası yenə təəccübləndi, amma eyni zamanda başa düşdü ki, qızı hansısa plan qurub. Üç gün siqaret çəkmədi, üç gün içində hərdən gizlin-gizlin qızının sifətinə baxdı. Qız ya yerə baxırdı, ya da özünü elə aparırdı ki, guya heç nə baş verməyib.

Həm də həyəcanlanırdı, - elə bilirdi bu gün, sabah, ya da o biri gün atası yenə siqaret çəkməyə başlayacaq, bunun da kefi pozulacaq, - ona görə həyəcanını gizlətməyə çalışırdı. Bir dəfə axşamüstü ailəlikcə oturub çay içəndə, birdən atasıyla baxışları toqquşdu, gözlərində siqaret məsələsindən xəbər verən ifadə yarandı, az qaldı ki, gülümsəsin, atası bunu hiss edən kimi qızcığaz tez dilləndi (bir növ “təhlükəni” qabaqladı):

- Ata, heç çoxdandı əmigilə getmirik, sabah onlara gedək? Gülyazla (əmisi qızı) oynamaq istiyirəm.

Başqa bir gün isə “Mənə sabah “Şrekin” yeni seriyaları olan disk al”, - xahişi etdi. Həmin günlər atası da özünü bilməməzliyə vurdu, ailəsini götürüb qardaşıgilə apardı, heç nə demədən “Şrek” cizgi filmi olan disklərdən alıb qızına hədiyyə elədi.
Ata oruc tutmasa da bütün Ramazan boyu bir dənə də olsun siqaret çəkmədi.

Əslində qızından çəkindiyinə görə, özünü isə yalandan orucluğa görə siqaret çəkmədiyinə inandırırdı, halbuki əvvəlki illərdə ümumiyyətlə oruc tutmayan, dindən uzaq olan Tahir Ramazan ayında içki içməsə də siqaret çəkirdi.

Bir də qızının qəribə hərəkətləri onu əsəbləşdirirdi. “Dovşan” keçən dəfəki kimi özünü sakit aparırdı, bir növ atasına mesaj verirdi ki, hər şey qaydasındadı, bax belə lazımdı, görürsən, istəyəndə çəkməyə bilirsən, mənə fikir vermə, baxma, amma siqaret də çəkmə.

Atanı əsəbləşdirən şey qızının bu gizli taktiki gedişlərinə görə ona bir söz deyə bilməməsi idi. (Nə deyəsiydi? Əsası yoxuydu axı).

Orucluq qurtarandan sonra bayramın ilk günü Tahir divanda uzanıb televizora baxanda, - qarnının üstündə hələ də külqabı yoxuydu, öz-özünə fikirləşirdi ki, bayram qurtarandan sonra siqaretə başlayar, amma evdə yox, küçədə, ya balkonda çəkər. Tahirə elə gəlirdi ki, qızı sirli baxışlardan, susma taktikasından o yana keçməyəcək, maksimum siqaret çəkməyə başlayanda mızıldanıb-mızıldanıb, axırda susacaq. Elə bunu fikirləşirdi ki, qızı əlində Quran qəfildən ona yaxınlaşdı.

- Atacan, bu bayram günü sənə son xayişimi demək istiyirəm.

Atası cəld yerindən durdu, avtomatik olaraq “Paho, yəqin bu dəfə yüz faiz bir ay... Ya da ola bilsin iki, üç ay deyəcək”, - fikirləşdi.

- Ehh, ay dovşan, onsuz da bilirəm nə deyəjsən.

- Bir dəyqə də, ay ata. Bu son xayişimdi, bir də belə xayiş eləmiyəcəm, düz deyirəm.

- Yaxşı, de görüm.

- Onda əlini qoy Qurana and iç ki, bir ay siqaret çəkmiyəjsən. Bir ay ha, çox yox. Mən də, bax, and içirəm ki, bir də sənə siqaret çəkmə andı eləməyi demiyəjəm. Allah haqqı.

Ata qızının gözlərinə diqqətlə baxdı, inandı ki, əgər bir ay siqaret çəkməsə, sonra yenə köhnə vərdişinə qayıtsa, qızı bir də ona and içdirməyəcək. Qızına, sonra Qurana baxdı, baxdı, gözləri parıldadı, müqəddəs kitabı götürüb dizinin üstünə qoyub dedi:

- Qızım... Qızım, and içirəm ki, düz bir il siqaret çəkmiyəjəm, - dedi, elə bir yük götürdülər üstündən, özündə bir yüngüllük hiss elədi, - ona elə gəldi ki, nəinki bir ay, bir il, lap elə on il də siqaretsiz yaşamaq olar. Bu fikir ona necə ləzzət elədisə o, öz düşüncəsində baş verən qəfil dəyişiklikdən həzz aldı.

Qızın qaşları yuxarı qalxdı, ataya qızının sifətindəki ifadə məzəli göründü, gülməyə başladı, qız da ona qoşuldu, sonra tez atasının yanağından öpdü. Quranı götürüb özünü qalib his edrimiş kimi şax qamətlə, iri addımlarla o biri otağa getdi...

Artıq qırx beş yaşa qədəm qoyan Tahir o vaxtkı mübarizədə “dovşana” “uduzduğuna” sevinir, hərdən də ürəyində özünü söyür (“İndi başa düşürəm ki, mən onda nə qədər axmaq olmuşam. Gündə evdə ən azı on dənə siqaret çəkirdim, arvad cəhənnəm, uşaqları zəhərliyirdim”).

Bir neçə ay əvvəl evə qonaq gələndə anasına həvəslə kömək edən, əlində qab-qacaq, xrustal stəkanlar o otaqdan bu otağa, mətbəxə qaçan, artıq universitet tələbəsi olan qızına baxanda o vaxtkı qızcığazın qapının ağzında dayanıb ona küskün-küskün, kinli-kinli baxmasını xatırlamışdı, kövrəlmişdi, gözlərinə dolan yaşı çölə çıxmağa qoymamışdı, - həm də ona elə gəlmişdi ki, bir həftə siqaret çəkməyəcəyinə and içməzdən əvvəl qızına hansısa kobud sözlər deyib...

Son vaxtlar qızcığazı xatırlayanda öz-özünə bığaltı gülümsəyir. “Elə bil dünəniydi. Onda dovşanıydı... Elə indi də dovşandı”. Bir də özünə söz verib ki, qızına elçi gəlsə və o gələcək evliliyə “hə” deyəsi olsa, bu hadisəni mütləq gələcək kürəkəninin elçilərinə fəxrlə danışacaq.

8 – 16 iyul, 2011
Nabran (“Məkan” istirahət mərkəzi) – Altıağac kəndi


____________

"Bəzi bölgələrdə “deyəsən” sözünün danışıqda işlənən qısa forması.
""Hüquqşünas

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG