Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:12

Kacii Motociro "Limon" (Hekayə)


Günel Əhmədovanın tərcüməsi

Kacii Motociro
(1901-1932)

LİMON
(hekayə)

Çox qəribə və naməlum bir ağrı mənim ürəyimi sıxırdı.

Heç bilmirəm öz hisslərimi necə izah edim; məsələn, gündəlik içki içən adam növbəti gün eyni saatda içməsə əziyyət çəkir - bir növ davamlı, qurtarmaq bilməyən əzab-əziyyət içindəsən.

Onlar gəldi. Deyəsən, qayıtmaq fikrində də deyildilər. Onları burada saxlayan, nə hansısa vərəm xəstəliyi, nə mənim pozulmuş əsəblərim, nə də günü-gündən artan borclarım idi.

Onların mənimlə qalmasına səbəb qəlbimdə daşıdığım ağırlıq idi.

Son zamanlar mən ya musiqidə, ya da şeirdə nəsə bir rahatlıq tapırdım, ancaq bu xoşbəxtliyin ömrü cəmi bir fəsillik idi, onu qorumağa səbrim çatmırdı.

Hərdən, bilərəkdən, hər hansı bir yerə musiqi dinləmək üçün üz tutanda, cəmi bir-iki parça dinləməmiş qəfil qalxırdım və oranı tərk edirdim.

Elə dözülməz vəziyyət yaranırdı ki, dəli adamlartək küçələrdə sərgərdan gəzməkdən başqa çarə tapmırdım.

Həmin vaxtlarda bütün gözəl və ecazkar şeylər məni özünə cəzb edirdi.

Mən sökük-dağınıq xiyaban yollarında gəzməyi daha üstün tuturdum və çirkli camaşırxanalar, yerlərdə küləyin axını ilə gəzişən zibillər, uçuq, baxımsız evlər hər zaman mənim diqqətimi cəlb edirdi.

Məndə gündəlik gördüyüm bu mənzərələrə qarşı çox güclü doğmalıq hissi var idi.

Elə bilirdim, yer kürəsində nə qədər yağış və külək varsa, bu küçələrin suvağı ovulub tökülmüş divarlarının və əyri-maili xətt üzrə düzülmüş evlərinin başı üzərindən əksik olmurdu.

Burada, deyəsən, yeganə canlı görsənən əkin sahələri, tarlalar idi, bir də hərdən günəbaxanlara və kanna¹ güllərinə baxanda lap məftun olurdum.

Bəzən bu yolla piyada gedəndə, öz-özümü inandırmağa çalışırdım ki, mən daha Kyotoda deyiləm və ondan yüzlərlə ri² aralı, haradasa Senday və ya Naqasakidə dolaşıram.

Mən Kyotonu tərk edib uzaqlara - kimsənin məni tanımayacağı yerlərə qaçmaq istəyirdim.

Nəhayət, getdiyim yerdə elə bir guşə tapardım ki, mehmanxanası səhrada olsun və içərisində cırıldamayan çarpayısı, mığmığalar üçün qurulmuş məzəli iy verən toru, mənim əynimdə isə kraxmallı yukata³.

Düz bir ay orada qalaraq çarpayıda uzanardım və başqa bir şey haqqında da düşünməzdim. Təəssüf ki, bu da mümkün deyildi.

Əvəzində mən xəyallar aləminə sürüşərək Kyotonu həmin yer kimi təsəvvür edirdim və beynimdə ikili fotoşəkil canlanırdı; kərənti ilə biçilmiş otun yerində rəngli, enli zolaq, bir də həmin zolağın çirkli küçəyə çevrilməsi.

Bu minvalla mən öz şirin röyalarımdan az da olsa həzz ala bilirdim.

Həmin günlərdə payız festivallarındakı kimi ətrafa qırmızı, purpur, sarı və mavi zolaqlar şəklində işıq saçan atəşfəşanlıq və Nakayamaderada* ulduzun yerə enərkən son dəfə öz parıltısını əks etdirməsi məndə maraq oyatmışdı.

Ucundakı kiçik hissədə partlayış və atəşfəşanlıq yaradan çubuqların öz qutusunda səliqə ilə düzülüşü və digər bu kimi qəribə şeylər məni həyəcanlandırırdı.

____________

Kanna¹ - tropik torpaqlarda bitən qırmızı, sarı güllər nəzərdə tutulur. - tərc.
Ri² - yapon uzunluq ölçüsüdür və 1 ri təxminən 3,9 km məsafəyə bərabərdir. - tərc.
Yukata³ - yayda kimono kimi geyilən nazik xalat. - tərc.



Eyni şəkildə mən şüşənin qıraqlarındakı muncuqşəkilli ləkələri və arasında güllər, balıqlar olan mərməri seyr etməyi sevirdim.

Tez-tez dilimi soyuq suya salıb oynadırdım, bu da mənə sərinlik verirdi. Sırf valideynlərim məni danlasınlar deyə, uşaq vaxtı çıxartmadığım oyun qalmamışdı və indi bunları bütünlükdə xatırlayanda yetkinlik çağı ehtiyac içində olan mənə bir qədər güc verir. Az da olsa, dadı damağımda qalıb, bir şeiriyyət kimi...

Mənim çox pulum olmadığı üçün çalışırdım qənaətlə xərcləyim. Amma deməliyəm ki, məndə maraq oyadan hər hansı bir xırda əşya görəndə özümü saxlaya bilmirdim və onu mütləq alırdım.

Təxminən, iki ya da üç sen¹ qiyməti olar-olmazdı. Əslində, gözəl şeylər məni daha çox arxayınlaşdırır, özünəgüvən və daxili sakitlik yaradır, amma bunun adına “tənbəllik” deməzdim.

Bu bədbəxtlik mənim ürəyimi yeyib-bitirməmişdən əvvəl, ən sevərək getdiyim mağazalardan biri də Maruzen idi.

Orada qırmızı, sarı odekolon şüşələri, kəhrəba və nefritdən xüsusi üslubla hazırlanan Rokoko*, həmçinin, kiriko² şüşələri insanın gözünü oxşayırdı.

Tənbəki çubuqları, balaca bıçaqlar, sabun və siqaretlər də satılırdı.

Və mən bütün bu mənzərəni saatlarla seyr edərək gözümün qurdunu öldürürdüm, çıxanda da yalnız bir ədəd qələm və ya kiçik suvenir alırdım.

İndi isə, mən mağazaların vitrinlərinə baxanda zövq ala bilmirəm, iyrənirəm. Dərsliklər, tələbələr, hesab makinaları gözlərimin önündə qarabasmalar şəklində canlanır.

Bir gün səhər eşitdim ki, mənim ən yaxşı dostum müvəqqəti olaraq başqa bir dostumuzun qonaq evində qalır.

Mən onunla axırıncı dəfə məktəbi qurtaranda görüşmüşdüm, vidalaşdığımız gündən bu yana rastlaşmamışdıq və sanki, bu günə qədər də özümü boşluqda hiss edirdim.

Duyar-duymaz onun yanına getməyə tələsdim və zənnimcə, bu, əla xəbər idi.

Küçəbəküçə əvvəllər sevdiyim həmin çirkli xiyabanlardan keçəndə xırda şirniyyat və ərzaq mağazalarının qarşısında bir az ləngiyərək qurudulmuş krevetkalara, treska³ balıqlarına, tofuya* baxdım.

Aram-aram Nicouya tərəf addımlayaraq Teramaçidən keçdim və meyvə-tərəvəz mağazasına çatanda yenə kütbeyin adamlar kimi dayandım.

Son zamanlarda bu mağazanı yaxşı tanıdıqca daha da çox sevməyə başlamışdım.

Oranı ən yaxşı mağaza adlandırmazdım, lakin o yerin meyvə-tərəvəz mağazalarına məxsus təmizliyi və sadəliyi ürəkaçan idi.

Meyvələrin bəziləri qara rənglə laklanmış köhnə taxta lövhənin üzərinə düzülmüşdü.

Mağazadan bayıra yüksək enerji saçan musiqi – Alleqro* yayılırdı.

Mağazanın yanından keçən adamlar meyvələrin düzülüşünə, parıltı saçan rənginə, böyüklüyünə və formasına gözucu nəzər salanda qorqona* tilsiminə tuş gələntək yerlərində bir anlıq daşa dönürdülər.

Bundan əlavə, mağazada hələ yetişməmiş, kal meyvələr, jenşen*, lobya çəlləkləri, suda isladılmış maranta* da olurdu.

__________

Sen¹ - yapon dilində qəpik-quruş mənasında işlədilir. - tərc.
Kiriko² - yapon dilində yonulmuş büllur və ya almaz şüşə anlamındadır. - tərc.
Treska³ - Atlantik okleanda geniş yayılmış, uzunluğu 40 - 80 sm olan balıq növü – tərc.
Tofu* – soya bitkisindən hazırlanan yapon kəsmiyi – tərc.
Jenşen* - əsasən Şimali Amerikada və uzaq şərqdə bitən dərman bitkisidir. – tərc.
Maranta* - yarpaqları üçrəngli bitki növü. – tərc



Mağazanın gecə görüntüsü bir başqa cür olurdu. Teramaçidə Tokyo və Osaka küçələrindəki kimi qaynaşma olmasa da, burada hər kəs öz işi ilə məşğul idi.

Küçədəki digər şeylərdə də qəribə tutqunluq var idi; qaranlığın içinə doğru axmış mağazaların pəncərələrindəki dekorasiyaların yayılmış işıqları kimi...

Küçənin Nicou prospekti ilə kəsişən bir ayağı qaranlıqda daha təbii görsənirdi, ancaq baxırdın ki, zülmət bəzi qonşu evlərin işıqlarını boğa bilməmişdi.

Mənim yolum oradan keçməsəydi, çox güman ki, məni o yerə cəzb edən heç nə olmazdı.

Sanki, bu evlərin çardaqlarının çıxıntıları zülmətə qarşı dirənib, qaranlığa qarışmış qatran kimi qapqara səma binaları sıxışdıraraq onların damlarına ağırlıq salır və dükanların kəlləsi biçimsiz şəkildə aşağıya çöküb.

İşıq selində mağazaların qarşısını bəzəyən elektrik lampaların telləri bərbərlərin narazı çağırışlarına öz parlaqlığını inadkarcasına nümayiş etdirirdi.

Bu açıq, kip burulmuş spirallar mənim gözlərimi elə qamaşdırdı ki, məcburən onlara yaxınlıqda ikinci mərtəbədəki dükanın süzgəcli şüşəsindən baxmalı oldum.

Bir sözlə, Teramaçidəki bu meyvə mağazası bəzən mənim həzz aldığım nadir yerlərdən biri idi.

Bir gün mən limon aldım. Mağazadakı limonlar qeyri-adi idi və ümumiyyətlə, mağaza digər meyvə-tərəvəz mağazalarından fərqlənirdi və indiyənəcən rastladığım ən zövqlü mağaza olduğu üçün mən ordan bezməzdim.

Bu limonlar sadə olduğu qədər rəngi sapsarı, iyi və forması xoşagələn olduğu üçün adama gəl-gəl deyirdi və mən əlbəttə, yalnız birini almağa məcbur oldum.

Daha sonra bir qədər piyada getdim. Xeyli gedəndən sonra, anladım ki, birinci dəfə idi bu qədər uzun yol gedirdim və xoşbəxt idim.

Həmin dəqiqə limonu bərk dişlədim və hiss etdim ki, ürəyimdəki ağrı yüngülləşmiş və silinib getmişdi.

Ola bilsin, məhz bu balaca obyekt məni davamlı depressiyadan uzaqlaşdırmışdı, düzdür, bu paradoksal reallıq kimi səslənsə də, həqiqət məhz budur. Axı bu yaramaz ürək həmişə sirlərlə doludur.

Bu günlərdə vərəm xəstəliyi ucbatından hey bədənim qızdırma içində alışıb-yanırdı və limonun sərinliyi, onun bu əsrarəngiz keyfiyyəti müqayisəedilməzdir.

Mən hərdən dostlarımla özümü müqayisə edəndə təsəvvür edirdim necə istiyəm.

Neçə dəfə olub ki, onları məcbur etmişəm əllərini mənə toxundurub mənim bədən hərarətimlə özlərininki arasında fərqi anlasınlar.

Limonu əlimdə sıxanda əllərimdə duyduğum rahatlıq hissini bir daha xatırladım və bədənimə, sanki, sərinlik sızıb keçdi.

Mən limonu yenə burnuma yaxınlaşdırdım, xəyalımda Kaliforniya meyvə bağlarının ətri canlandı və məni uzaqlara götürdü.

Qəfildən, çin klassikası “Baykanşa Şigen”* beynimdə canlandı, hava burnuma elə doldu ki, dərin bir nəfəslə onu ciyərlərimə çəkdim, təngnəfəs adamlar kimi...

Sanki, qanım üzümə sıçradı və o anın hərarəti keçənə qədər öz sağlamlığım barədə unutmuş oldum.

Bu adi limonun sərinliyini, onun rəngi, görünüşü və əhəmiyyətini duyunca anladım ki, bu günlərdə tapmağa çalışdığım məhz bu imiş; onun sehri üstün gəldi...

Artıq mən üstündən ağır bir yük qaldırılmıştək, həyəcanlı və qürur hissiylə dolu, ya da şıq, təkəbbürlü şair kimi küçəylə yürüdüyümü düşünürdüm.

Limonu köhnəlmiş əl yaylığımla sildim, çalışdım qabığı bir az da parıldasın, sonra müvəqqəti plaşımın cibinə qoydum.

Mən yalnız bir şey haqqında düşünə bilirdim: onun əhəmiyyəti...

Mənə qalmış olsa, mən adətən, bütün şeylərin çəkisi, əhəmiyyəti ilə əylənməyi sevirəm.

Bilmirəm, bəlkə bu səfehlik kimi görsənir, lakin onu bilirəm ki, bu limonun dəyəri haqqında real söhbət bu çəkidə olan hər bir yaxşı, gözəl şey haqqındakı söhbət kimidir. Bir sözlə, mən xoşbəxt idim.

Maruzen mağazasının qarşısına çatanda adətən bu yerdən qaçmağa, içəri girməməyə çalışırdım, lakin bu dəfə asanlıqla qərara gəldim ki, girim baxım.

- Bugün sadəcə baxmaq istəyirəm. – Dedim və qəfildən içəriyə girdim.

Lakin ayağımı astanadan içəriyə qoyan kimi bəzi naməlum səbəblərdən ürəyimi saran xoşbəxtlik hissi axıb əriməyə, yox olmağa başladı.

Heç ətir şüşələri və qəlyan çubuqları da mənə təsir etmədi.

Oyanmış depressiya balığı tələyə salmış tor kimi ətrafımda dolaşmağa başladı və mən mağazaya daxil olar-olmaz süstlük bütün bədənimə yayıldı.

Qalaqla üst-üstə yığılmış şəkillərə doğru gedərək içərisindən birini dartıb çıxartdım və düşünürəm ki, bununla daxildə artan, şiddətlənən enerjimi sərf etmək istəyirdim.

Birini çıxartdım, arxasınca başqasını, sonra səhifələri açıb şaqqıldada-şaqqıldada vərəqlədim, amma aradığım hisslər baş qaldırmadı ki qaldırmadı.

Əlimdə tutduğum kitab bir işə yaramadığına görə başqa birini qamarlayıb götürdüm.

Lakin o da başqaları ilə eyni idi. Tez-tələsik onu qaytarıb kötüyün üstünə qoydum. İndi daha dözülməz idi və mən hələ də çölə çıxa bilməmişdim.

Yenidən qayıtdım, eyni şeyləri etməyə başladım, bir kitabı götürüb o birini qoydum piştaxtanın üstünə.

Nəhayət, küncdə üzərində portağal rəsmi olan bir kitab tapdım. Əslində, bunu da o kitabların arasında atmışdım...

Bu, nə bəladırsa hələ də məni tərk etməmişdi. Qollarım boşalmış, yorğunluq məni heydən salmışdı.

Qəfildən yaranan mənzərəyə baxanda sıxıntı və boşluq yenə də məni yaxaladı. Qalaqlanmış kitablara mat-mat baxdım.

Mən nə etmişəm? Duyğular bir-bir mənim yaddaşımda canlandı, çevrilib ətrafıma boylandım, sanki, ətrafdakılar mənə baxırdılar, yox, hər şey öz axarında idi.

Hə, yadıma düşdü, bu duyğular bayaqkı mənə zövq bəxş edən duyğular idi... hara yoxa çıxmışdı onlar?

Yenə bayaqkı limonu xatırladım. Qalaqlanmış kitabların rəngləri bir-birinə qatışmışdı və mən həmin çalarları limonla müqayisə etdim. Hə, əlbəttə...

Bayaq küçədə keçirdiyim həyəcan və yüngüllük geri qayıtmışdı.

Mən şkafdan digər kitabları da aşağıya töküb onları qarışdırdım, onu tapana qədər: qırmızı və göy rənglərin əcaib qarışığı qalaqlanmışdı. Axırda onu götürdüm.

Ürəyim çırpınmağa başladı, ancaq sonuncu tapşırığı yerinə yetirməklə sakitləşdim. Asta-asta, qorxa-qorxa limonu ianə kimi torpağın üstünə qoydum. Və bununla da tapşırığı bitmiş hesab etdim.


Mən baş verənləri təhlil etdim. Limonun sarısı sorulmuş kimi görsənirdi, parusin parçatək.

İndi Maruzenin tozlu üzü və bir də gərginlik hissini götürən limon var...və bir anlıq donub yerində qalmış mən.

Qəfildən ikinci ideya ağlıma gəldi – qəribə plan idi və bu, məni qorxutdu; “Elə davranacağam ki, elə bil heç nə yeməmişəm, ən yaxşısı çölə çıxmaqdır...”

Mən sevincdən özümü saxlaya bilmədim. “Ən yaxşısı gedim. Bəli, gedəcəyəm”. Və mən cəld çölə çıxdım.

Yolda qayıdan başı gülmək məni tutdu, özümü zorla saxlasam da güldüm.

Yəqin ki, bu, dəlilik idi, amma mən limonu qoyduğum yerdə tamamilə nəsə başqa bir şey təsəvvürümə gətirdim; Maruzen mağazasındakı şkafda qızılı rəngdə parıldayan qorxunc bomba görmüşdüm.

Elə bildim bombanı oraya qoyan əclaf da mən idim və on dəqiqə sonra orada, Maruzenin incəsənət şöbəsində, düz ortada böyük partlayış olacaqdı. Mən bunu elə şadyanalıqla düşünürdüm ki...

Bax elə bu an Maruzendə tozanaqdan göz-gözü görməyəcək.

Mən bu küçəni bir rəssamın freskasına baxantək nəzərdən keçirəndə artıq Kyoqokunu da keçmişdim.


_____________

Nakayamadera* - Yaponiyada müqəddəs məbədlərdən biridir və bir neçə dəfə bu məbədə sönən ulduzun düşməsini görənlər olmuşdur.

Rokoko* - Avropada 1715 – 1750-ci illəri əhatə etmiş dizayn üslubudur. XVIII əsrin 90-cı illərdə Yaponiyaya gəlmişdir. Bu üslubdan əsasən, interyer dizaynın qurulmasında istifadə edilirdi.

Alleqro* - musiqi terminidir, klassik sonata və ya simfonik musiqi nəzərdə tutulur.

Qorqona* - yunan mifologiyasına görə qorqonalar üç bacı olublar – Evriala, Sfeno və Meduza. Başlarında saç əvəzinə ilanlar olan bu qadınlar eybəcərlik və qəddarlığı təcəssüm etdirirdilər. Onların içində ən tanınmışı xüsusi sehrə malik olan Meduza idi. Kimə baxsaydı həmin adam o saat daşa dönərdi. Onu öldürən qəhrəmanın adı isə Persey idi.

“Baykanşa Şigen"* - Çində Minq sülaləsi dövründə yaşamış, tanınmış şair, alim, hərbçi Lui Cinin öz dövrünün hökmdarı haqda yazdığı tənqidi əsərlərdən bəhs edilir.
Oktyabr, 1924-cü il

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG