Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:57

Şikayətçi polisin oğrularla əlbir olduğunu deyir


A.Əzimov deyir ki, oğurluqda yaxın qohumlarından şübhələnir
ALARDA TOYUQ-CÜCƏ OĞRULARI

Cəlilabadın Alar kənd sakini Ağarəhim Əzimov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, 6 aydan artıqdır yaşadığı ünvanda oğurluq baş verib. Yanvarın 18-dən 19-a keçən gecə «gecə qara, cücə qara» deyən oğrular onun həyətinə girərək xeyli hinduşka və toyuğunu, həmçinin elektrik əşyalarını aparıblar. İndi düşüb qalıb polisin qapısında ki, oğrular tapılıb cəzalandırılsın, ona dəymiş zərər ödənilsin. A.Əzimov deyir ki, polis oğurluğun üstünü açmaqda maraqlı deyil:

- Demək olar ki, müraciət etmədiyim yer qalmayıb. Oğrular da məlumdur. Malların harada satılmasını istintaq da bilir. Ancaq Cəlilabad polisi bu işi ört-basdır etmək istəyir. Müraciət edirəm, deyirlər iş gedir. Müstəntiq Allahverdi Həsənov 5 ay iş apardı, bir dəfə gəlib bu işlə maraqlanmadı. Yalnız məndən oğruların adını soruşdu, sonra da onları bir-bir çağırıb pullarını aldı, yola saldı. Dedi bunlar deyil.

«HƏYƏTDƏN HEÇ İZ DƏ GÖTÜRMƏDİLƏR»

A.Əzimov deyir ki, oğrular həyətdən santexnika və elektrik aparatları, 20 hinduşka, 25 toyuq aparıblar. Bununla da ona ümumilikdə 2000 manata yaxın zərər dəyib. Oğurluqdan hadisənin növbəti günü səhər xəbər tutub və dərhal Cəlilabad rayon polis şöbəsinə müraciət edib. Deməsinə görə, polis işçiləri həyətə onun şikayətindən 2 saat sonra gəliblər:

- Gəldilər, elə-belə həyətə baxdılar, getdilər. Heç iz də götürmədilər, çıxıb getdilər.

A.Əzimov deyir ki, oğurluqda yaxın qohumları olan və qonşuluğunda yaşayan bir neçə nəfərdən şübhələnir. Həmin adamlar əvvəllər də həyətindən oğurluğa cəhd göstəriblər. Ancaq yaxın qohumluq əlaqələri onu polisə şikayətdən çəkindirib. Sonuncu dəfə oğurluğu qrup şəklində etdiklərindən qərara alıb ki, daha güzəştə getməsin. O, polisə ərizəylə müraciət edib:

«MALLARIN APARILDIĞI YERİ DƏ DEDİM POLİSƏ, AMMA...»

- Özləri məni istintaqa bir dəfə də çağırmayıblar. Həmişə özüm gedirəm, məlumat verirəm. Malları həmin gecəylə Bakıya aparıblar. Hansı ünvana apardıqlarını da müstəntiqə də dedim. Həmin vaxt araşdırsaydılar, gedib malları satan yerdə tutardılar. Ancaq bunu etmədilər. Elə çağırıb pul aldılar, işi ört-basdır elədilər.

A.Əzimov deyir ki, şübhələndiyi adamlardan ikisi həmin hadisədən sonra Biləsuvar rayonu ərazisində başqa oğurluq əməli də törədiblər. Biri həbs olunub, digərisə axtarışdadır:

A.Əzimov deyir ki, oğrular həyətdən 20 hinduşka, 25 toyuq aparıblar
- 1997-ci ildən Alarda oğurluq baş alıb gedir. Oğurluğu edənlər də eyni qrupdur. Allahverdi Həsənov da onlarla əlbirdir. Qazandıqlarının yarısını Allahverdi Həsənova verirlər, ona görə də heç kimdən qorxuları yoxdur.

«ONUN YAZMADIĞI YER YOXDUR»

Cəlilabad rayon Polis Şöbəsinin müstəntiqi Allahverdi Həsənov isə deyir ki, həmin oğurluq cinayətinin üstünün açılması üçün polis əlindən gələni edir:

- Allahverdi müəllim, Ağarəhim Əzimov şikayət edir ki, Sizə oğrular haqqında məlumat verib, ancaq Siz tədbir görmürsünüz...

- Onun əmlakının oğurlanması ilə bağlı cinayət işi başlanıb, istintaq gedir. Cinayəti törətmiş şəxs müəyyən deyil. İstintaq həmin şəxsi müəyyən etmək üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir. İstintaqa nəzarət edən prokuror var, istintaq idarəsi var, bunlar hamısı nəzərdən keçirilmiş şeylərdir. Onların hamısı dindirilib. Özü də təkrar dindiriliblər. Dediyi adamlar öz qohumlarıdır, o adamların adını çəkir ki, o adamlarla münasibəti yoxdur.

- Əzimovun deməsinə görə, ümumiyyətlə, istintaq hərəkəti aparılmayıb, heç həyətdə iz də götürülməyib...

- Səhv deyir, elə şey olar? Bəs rayon prokuroru hara baxır.

Müstəntiq onun cinayətkarlarla əlbir olması ilə bağlı A.Əzimovun dediklərinə də münasibət bildirib:

- Səhv deyir. Onun yazmadığı yer yoxdur. O iş neçə dəfə tələb olunub, nəzərdən keçirilib.

Müstəntiq dedi ki, A.Əzimovun adlarını çəkdiyi adamlardan ikisi həqiqətən də Biləsuvar rayonunda oğurluq cinayəti törədiblər. Hətta biri həbs olunaraq cəzalandırılıb da. Ancaq o adamların A.Əzimovun həyətində baş vermiş oğurluq hadisəsində iştirakı hələ ki, sübuta yetirilməyib.

Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə başlanmış cinayət işinin materialları indi A.Həsənovdan alınaraq polis şöbəsinin başqa müstəntiqinə verilib. Müstəntiqin dəyişməsinin A.Əzimovun oğurlanmış mallarının qaytarılmasına nə dərəcədə faydası dəyəcək, bunu biz də izləyəcəyik.
XS
SM
MD
LG